525.Az

AYB Moskva bölməsinin 10 illik yubileyi Rusiya paytaxtında qeyd edildi (FOTOLAR)


 

AYB Moskva bölməsinin 10 illik yubileyi Rusiya paytaxtında qeyd edildi <b style="color:red">(FOTOLAR)</b>

Moskvada Millətlər evində Azərbaycan Yazıçılar Birliyinin 10 illik yubileyi ilə əlaqədar tədbir keçirildi.

AYB Moskva bölməsinin 10 illik fəaliyyətinin hesabatına və Əkrəm Əylislinin son günlərdə Azərbaycan  ədəbi və ictimai mühitini sarsıdan “Daş yuxular” əsərinin müzakirəsinə həsr olunmuş tədbiri qurumun sədri Tofiq Məlikli açdı. O, hələ 2003-cü ildə AYB Moskva bölməsinin yaranması təşəbbüsü meydana gələndə bir çoxlarının buna dodaq büzüb etiraz etdiyini dilə gətirdi. “Yadımadır, hələ o zamanlar Alla Axundova “Biz uşaq- uşaq oyunu oynamırıq”, hörmətli yazıçımız Çingiz Hüseynov isə, “Yazıçıya bir masa və kağız –qələm kifayət edər” –deyə bu qurumun yaranmasına etiraz etmişdilər. Bunlar giley deyil, bu gün 10 ili arxada buraxan bir qurumun yaranan zaman hansı çətinliklərdən keçdiyi tarixi xatırlatmaqdır”.Tofik Məlikli nitqinə davam edərək, bizim məqsədimiz nə idi-dedi.” Burada yazıb- yaradan yazıçı-şairlərimizi bir araya toplamaq, onları Rusiya ədəbi mühitinə tanıtdırmaq, kitablarının nəşrinə kömək etmək. Nələrə nail olduq bu 10 ildə? AYB Moskva bölməsi Azərbaycanın tanınmış ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, kitab təqdimatları olmaqla 10 ildə 47 təbdir keçirib”. Burada yazıb-yaradan ədəbiyyat nümayəndələri və nümunələrini  “mühacir və ya diaspor ədəbiyyatı” adlandırılmasına da etirazını bildirən natiq, “Burada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatının bir parçasıdır” söylədi. Tofiq Məlikli Rusiyada fəaliyyət göstərən digər ictimai təşkilatlara da münasibət bildirərək onların aralarında  problem yaşandığı faktına toxundu.” Bir-birinin tədbirinə getməmək bir yana, hətta “onun tədbiri uğursuz keçdi”deyə sevinənlər var və mən bunu anlamıram”.

T.Məlikli: “Bizim keçirdiyimiz tədbir haqqında Diaspor ilə İş Üzrə Dövlət Komitəsi “Dəstəyimizlə Moskvada belə bir tədbir keçirildi”- deyə informasiya verir. Bizim arxamızda duranlar varmış, xəbərimiz yoxmuş”-ironiyasını etdi.Sonra o, Ümumrusiya Azərbaycanlıları Konqresinin bu günlərdə keçirdyi iclasında təşkilatın sədri Məmməd Əliyevin “bundan sonra biz yubileylər keçirməklə məşgul olmayacağıq, o işlə, qoy, xırda təşkilatlar məşğul olsun ”-deyə mətbuata verdiyi açıqlamasına irad tutdu. O, ÜAK Ali Şurasının üzvü kimi bu deyimin təşkilatın nizamnaməsinə zidd olduğunu bildirməklə, Azərbaycan klassiklərinin, ədədi irsimizə töhfə vermiş insanların yubileyinin belə kiçildilməsinə təəssüfləndiyini dedi. Əkrəm Əylislinin “Daş yuxular” povestinin doğurduğu acı rezonansdan da danışan  Tofiq Məlikli: “ Mətbuatda da yazdığım kimi bu, bir yazıçının tənəzzülünü təsdiq edən amildir”,-dedi.

Əkrəm Əylislinin povesti çap olunmuş “Drujba narodov” jurnalının ağır günlərində –2006-cı ildə Rusiyadakı Azərbaycan ictimai mühitinin o jurnala maddi və mənəvi dəstək verdiyini söylədi. Tofiq Məlikli onu da qeyd etdi ki, jurnalın baş redaktoru Ebonaidze bir yazını da yoxlamadan, redaktə etmədən dərc etməz. Bədii cəhətdən zəif və bərbad tərcümə olunmuş əsərdə qrammatik səhvlərə baxmadan “Daş yuxular”ın bu jurnalda işıq üzü görməsi başqa mətləbdən xəbər verir.

 AYB Moskva bölməsinin katibi Nəsib Nəbioğlu da bu qurumun xətti ilə bir çox azərbaycanlı ziyalılarımızın kitablarının, məqalələrinin çap olunmasından danışdı. “Bir çox yazarlarımız bizim təqdimat məktubumuzla Rusiya Yazıçılar İttifaqı, Beynəlxalq Publisistlər Assosiasiyası kimi təşkilatlara üzv olublar. Onların yazılarının Rusiyanın və digər ölkələrin jurnal və almanaxlarında işıq üzü görməsində AYB Moskva bölməsinin xüsusi xidməti olub.

ÜAK  nümayəndəsi kimi bu tədbirə  təntənəli yubiley mərasiminə qatılmaq məqsədilə gəldiyini bildirən Manaf Ağayev təmsil olunduğu təşkilatın təbrik məktubunu oxudu. Tofiq Məliklinin ÜAK prezidenti M. Əliyevin söylədiyi fikrə dair isə onun belə bir söz demədiyini qeyd etdi.Tofiq Məlikli M. Əliyevin bu fikri səsləndirdiyi haqqında dəqiq məlumatı olduğunu deyərək, Manaf müəllimə  etiraz etdi.

 Rusiya Yazıçılar Birliyinin, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvü şairə Afaq Şıxlı son bir ildə nəşr olunan kitablardan danışıb iştirakçıları həmin kitablarla tanış etdi. Əkrəm Əylislinin əsərinə də toxundu: “Hamı tarixdə qalmaq istəyir. Tarixdə qəhrəman kimi də qalmaq olar, xain kimi də... ”-deyə o haqda mətbuatda gedən yazısından sitat gətirdi.Və elə o mövzudan təsirlənərək yazdığı “Bizik” şeirini oxudu.Digər çıxış edənlər də nitqini əsasən Əkrəm Əylislinin “Daş yuxular”ının doğurduğu acı reaksiyaya yönəldərək, “bu əsəri yazanın azərbaycanlı olduğuna insan inana bilmir”- dedilər.Mövzu ətrafında danışan tarixçi alim Əşrəf Hüseynli, “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin sədri Vasif Məmmədov da əvvəlki çıxışçılarla həmfikir olduqlarını bildirdilər. Rusiyadakı “Dərviş” Azərbaycan Teatrının rəhbəri Mərdan Feyzullayev “Drujba narodov” jurnalına bu yığıncaqda deyilənlərin nəticəsi olaraq müraciət göndərilməsini təklif etdi. Xatırladaq ki, tədbirdə Rusiyada fəaliyyət göstərən Azərbaycan yazıçıları, ictimai təşkilatlarından, Rusiya Yazıçılar İttifaqından dəvət olunmuş nümayəndələr və jurnalistlər iştirak edirdilər.

Tünzalə VƏliqızı

Moskva, Yenises.ru

 





19.02.2013    çap et  çap et