525.Az

Meksikada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul


 

Meksikada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul <b style="color:red"></b>

Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 28 May - Respublika Günü münasibətilə Mexikoda rəsmi qəbul təşkil olunub.

Səfirlikdən 525.az-a verilən məlumata görə, tədbirdə Meksika Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının təmsilçiləri, siyasi partiyaların, diplomatik korpusun nümayəndələri, həmçinin azərbaycanlı, türk və yəhudi icmalarının üzvləri, cəmiyyətin müxtəlif təbəqələrindən şəxslər iştirak ediblər.

Azərbaycanın Meksikadakı səfirliyinin müvəqqəti işlər vəkili Mehriban Səmədova, Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublika olaraq dünya dövlətçilik və demokratiya tarixinə töhfələrindən bəhs edib. Bildirib ki, Azərbaycanda respublikanın yaradılması böyük tarixi hadisə idi. Çünki əsrlər boyu müstəqillik və azadlıq arzusunda olan Azərbaycan xalqı artıq buna nail olmuşdu. M.Səmədova qeyd edib ki, Azərbaycan qadınlara bərabər səsvermə hüququ vermiş ilk ölkələrdən biridir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkənin ərazi bütövlüyünü bərpa etməyə, beynəlxalq ictimaiyyət tərəfindən tanınmağa və demokratik təsisatların, o cümlədən parlament və çoxpartiyalı hökumətin yaradılmasına nail olmuşdu. Çətin mübarizə şəraitində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti iki il sonra bolşeviklərin hücumuna məruz qaldı və Azərbaycan Sovet Sosialist Respublikası adı ilə SSRİ-nin tərkib hissəsinə çevrildi.

M.Səmədova Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ölkəmizdə müasir dövlət quruculuğu yolunda həyata keçirilən uğurlu dövlət siyasətindən – demokratik və sosial-iqtisadi islahatlardan, ölkəmizin iqtisadi nailiyyətləri, müstəqil enerji siyasəti və Avropanın enerji təhlükəsizliyinə töhfələrindən danışıb. Diplomat, həmçinin Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli enerji, nəqliyyat və infrastruktur layihələrindən geniş bəhs edib. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər, o cümlədən “Formula-1” Avropa Qran-pri yarışı barədə məlumat verən M.Səmədova Azərbaycanın növbəti illərdə də digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müvəqqəti işlər vəkili Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. O, Azərbaycan dövlətinin 20 ildən artıqdır danışıqlar apararaq münaqişənin ədalətli, sülh yolu ilə həll olunmasını istədiyindən, lakin müzakirələr zamanı Ermənistanın daim qeyri-konstruktiv mövqe nümayiş etdirməsindən danışıb.

Azərbaycanın xarici siyasəti və nüfuzlu beynəlxalq təşkilatlara üzvlüyündən bəhs edən M.Səmədova ölkəmizin Latın Amerikası regionu ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. Diplomat Azərbaycan Hökuməti tərəfindən Latın Amerikasında ilk dəfə məhz Meksikada 2008-ci ildə səfirliyin açıldığını diqqətə çatdırıb və onun fəaliyyətindən bəhs edib.

Qəbulda qonaqlara Azərbaycanın zəngin milli mətbəxinin ləziz təamları təqdim edilib. Qəbul iştirakçılarına ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, milli mətbəxi barədə müxtəlif çap materialları paylanıb.

 





27.05.2016    çap et  çap et