525.Az

İş yoxdur, yoxsa işçi?


 

İş yoxdur, yoxsa işçi?<b style="color:red"></b>

Azərbaycanda sahibkarlar xüsusi kadr ehtiyaclarını əsasən xarici mütəxəssilərin hesabına ödəyirlər. Diplomunda eyni ixtisası daşıyan yerli və əcnəbi mütəxəssis arasında fərq budu: təcrübə və peşə hazırlığı.

Ali məktəblərdə peşə təhsilinin lazımi səviyyədə qurulmaması kadr hazırlığında geriləmələrə səbəb olur. Bu məsələdə xüsusən özəl sektor optimal varianta üstünlük verərək, çıxış yolunu xarici mütəxəssislərin işə dəvət olunmasında görür. Biznes mühitində vaxt qızılla ölçüldüyündən sahibkar kadr hazırlanmasına əlavə vaxt itirmək istəmir.

Gənclərin hansı təhsil pilləsində qərarlaşmasından asılı olmayaraq iş tapmaqda çətinliklərlə üzləşdiklərini qeyd edən İqtisadi “Resursların Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev hesab edir ki, sahibkarın biznes fəaliyyətinə cəlb etmək istədiyi kadrların əksəriyyəti lazımi tələblərə cavab vermir: “Bundan əlavə, əməyin qiymətləndirilməsi məsələləri də diqqətdən kənarda qalıb. Məsələn, ABŞ-da əməyin qiymətləndirilməsinə müxtəlif yanaşmalar var. Ali təhsili olmayan insan aylıq 10-14  min dollar civarında maddi vəsait verilirsə, diplomlu şəxslərə 20 min, hər hansı bir elmi dərəcəsi olana isə 50 min dollara qədər aylıq vəsait ödəyirlər. Bu da özlüyündə sosial ədalət, sosial rifah və sosial məmnunluq məsələlərinin gündəmdə qalmasına rəvac verir. Çünki hər hansı bir insanın işlə təmin olunması o demək deyil ki, həmin şəxs sosial vəziyyətindən məmnundur. Sosial məmnunluq arzuolunan peşə fəaliyyətində maddi təminatın dayanıqlı olması ilə ölçülür”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Dövlət Məşğulluq İdarəsinin məlumatlarına görə, ötən il onlara 49 minə yaxın şəxs işsizliklə bağlı müraciət edib. Onlardan təqribən 30 minə yaxın şəxs müvafiq işlə təmin olunub. İqtisadi “Resursların Araşdırılması Mərkəzi” İctimai Birliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işlə təmin olunma məsələlərində müəyyən problemlər hələ də öz həllini gözləyir.

R.Atakişiyev qeyd edib ki, sahibkarlıq subyektləri tərəfindən Dövlət Məşğulluq İdarələrinə təklif olunan əksər iş yerləri mövsümi xarakter daşıyır: “Daha sonra həmin şəxsləri işdən azad edirlər. Beləcə, yenidən sosial qayğılarla üz-üzə qalan insanlarda ruh düşkünlüyü daha qabarıq həddə çatır. Məsələ burasındadır ki, iş şəraiti və əmək haqları da olduqca aşağı səviyyədə təklif olunur”.

Keçən il Məşğulluq İdarələri 100 mindən çox işsizə peşə məsləhətləri, onun təlimi və tədrisinə yer versə də, ölkədə peşə məktəblərinin fəaliyyətinin genişləndirilməsi, onlara müasir ixtisasların əlavə olunması məsələləri problemdən əsas çıxış yolunu təşkil edir. Ekspert hesab edir ki, bu məsələ də ixtisas çatışmazlığını aradan qaldırmaq üçün sahibkarlarla birgə məsləhətləşmələrin aparılması, bazarın tələblərinə uyğun olmayan ixtisasların tədrisinin dayandırılması və müasir ixtisaslar üzrə tədrisin təşkili vacib sayılır: “Bu məsələdə inkişaf etmiş ölkələrin praktikasından yararlanmaq olar. Hazırda İsveç, Norveç kimi Avropa ölkələrində iş yerini itirmiş şəxslərə peşə kursları və təlimlər keçirilərək onları yeni iş yerlərinə qazandırırlar”.

R.Atakişiyev hesab edir ki, bu gün Azərbaycanın əmək bazarında işsizliklə yanaşı, savadlı kadr çatışmazlığı problemləri də var: “Bu tərs mütənasiblik ali təhsilin keyfiyyətinin müasir standartlara tam cavab verməməsindən irəli gəlir. O bildirib ki, sahibkarlıq subyektlərinin işçi ehtiyaclarını xarici mütəxəssislərin hesabına ödəməsinin əsas səbəbi budur.

Hər bir cəmiyyət ayrı-ayrılıqda fərdlərdən təşkil olunub. Fərdin dayanıqlılığı cəmiyyətin möhkəmliyinin əsasıdır. Bu baxımdan da sosial təminatlılıq olduca vacib məsələyə çevrilir. Burada ruh düşkünlüyünün yaranması psixoloji gərginlik, artıq yüklənmə ilə əlaqədardır. Psixoloq Elnur Rüstəmov hesab edir ki, işsizlik problemi daha çox insanların özlərinə yatırım qoymaq istəməməsi ilə bağlıdir: “Savadlı kadrlara hər zaman və hər yerdə ehtiyac var. Sadəcə, bizdə kadrlar daha çox özünütəqdim etmə prosesində çətinlik yaşayırlar. Bu da işə qəbul olunma və işdə kollektivlə münasibət qurma prosesinə mənfi təsir göstərir. Ona görə də bu kimi hallar kadrlar tərəfindən diqqətdə saxlanılmalıdır. Yaxşı kadr işsizlik problemi yaşamır. Ola bilər insan psixoloji yorğunluq, “emosional yanma” sindromu yaşasın. Bu hal da zamanında psixoloq müdaxiləsi ilə aradan qalxır”.

E.Rüstəmova görə, insanların bir qismi dolanışıqlarını təmin edə bilməmək durumuyla barışıblar. O hesab edir ki, burada şəxsi parametrlər xüsusi rol oynayır: “Qeyd etdiyimiz kimi fərd özünü təqdim etməyi bacarmır və potensialını ortaya qoya bilmir. Nəticədə düşüncənin sərhədi daralaraq fərdi maraqlar ortaya çıxır. Bu kateqoriyalı insanlar da öz növbəsində dövlətçilik, cəmiyyət üçün faydalı ola bilmirlər. Çox zaman hər hansı bir proses və hadisələrə ilkin qiymət verən də həmin insanlar olur. Bunun özü təhlükəli bir tendensiyadır. Əsas insan faktorudur. İnsan nə qədər daxilən zəngin, özünə inamlı olsa, bir o qədər bu problemlərdən kənarda qalar. İş yoxdur deyib özünə təsəlli vermək olmaz. Əslində, iş çoxdur, sadəcə, insan bir az əziyyətə qatlaşmağı bacarmalıdır”.

Ceyhun ABASOV

 





19.02.2013    çap et  çap et