525.Az

Dünya uşaqları azərbaycanlıları öz ölkələrinin mədəniyyəti ilə tanış ediblər


 

Dünya uşaqları azərbaycanlıları öz ölkələrinin mədəniyyəti ilə tanış ediblər<b style="color:red"></b>

Mayın 25-də Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının inzibati binasında "Multikulturalizm uşaqların gözü ilə" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Təhsil Nazirliyinin Respublika Texniki Yaradıcılıq Mərkəzinin, Xətai Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin Şuşa rayon şöbəsinin dəstəyi ilə təşkil edilib.

Əvvəlcə qonaqlar və tədbirin iştirakçıları binanın foyesində açılmış sərgi ilə tanış olublar. Burada 20 ölkənin, o cümlədən, Azərbaycan, Türkiyə, Fransa, Ukrayna, Pakistan, Qazaxıstan, Braziliya və digər dövlətlərin dekorativ-tətbiqi incəsənət nümunələri və milli yeməkləri nümayiş etdirilib.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Multikulturalizm İli" elan edilməsinin əhəmiyyətindən söhbət açıb. O qeyd edib ki, ölkəmiz əsrlər boyu müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin birgə yaşadığı, dostluq münasibətləri ilə bağlı olduğu məkan kimi tanınıb. R.Məmmədov vurğulayıb ki, Azərbaycan inkişaf etmiş dövlətdir. Burada hər il nüfuzlu beynəlxalq tədbirlər keçirilir. Ölkəmizin tərəqqisi ümummilli lider Heydər Əliyevin müdrik siyasi xəttinin nəticəsidir. Hazırda bu dahi siyasətçinin işini onun layiqli varisi - dövlətimizin başçısı İlham Əliyev davam etdirir.

R.Məmmədov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın mədəni irsinin bütün dünyada təbliğ olunmasına çox böyük töhfə verir.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirə toplaşanlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. O qeyd edib ki, son hadisələr zamanı güclü Azərbaycan ordusu düşmənə layiqincə cavab verərək işğal altında olan torpaqların bir qismini azad edib. B.Səfərov Dağlıq Qarabağın və ona bitişik yeddi rayonun tezliklə azad olunacağına əminliyini bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyinə diqqəti cəlb edib.

Sonda B.Səfərov Şuşa rayonunda keçirilən mədəni tədbirlərin təşkilinə göstərilən köməyə görə Respublika Texniki Yaradıcılıq Mərkəzinin direktoru, "Təbəssüm" uşaq kollektivinin bədii rəhbəri Əminə Musayevaya fəxri fərman təqdim edib. Ə.Musayeva öz növbəsində, bu diqqətə görə Şuşa Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürünü bildirib, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və "Təbəssüm" kollektivinin uğurları barədə məlumat verib.

Sonra proqramın bədii hissəsi başlanıb. Tədbirdə iştirak edən ölkələrin uşaq kollektivləri xalq mahnılarını və milli rəqsləri ifa ediblər.

 





27.05.2016    çap et  çap et