525.Az

Yeni tədris ilindən 149 müəllim yeni iş yerlərində çalışacaq


 

Yeni tədris ilindən 149 müəllim yeni iş yerlərində çalışacaq<b style="color:red"></b> Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə bu ilin may ayında 3 (üç) mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yekunlaşıb.
 
Təhsil İdarəsindən APA-nın sorğusuna cavabda bildirilib ki, müsabiqədə iştirak etmək istəyən 393 müəllim 3-10.may 2016-cı il tarixlərində miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçib və mayın 12-dək müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediblər.
 
Müsabiqənin birinci – elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi mərhələsində daxil olan elektron ərizələrin və təqdim edilən sənədlərin təhlili aparılaraq onlardan 297 nəfəri müsabiqənin növbəti - test imtahanı mərhələsinə buraxılıb. Müsabiqənin ikinci – test imtahanı mərhələsi mayın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin II Tədris binasında təşkil edilib.
 
Test imtahanına 288 nəfər qatılıb. Test imtahanının nəticələrinə və seçdikləri yerlərə uyğun olaraq 176 nəfər müsabiqənin növbəti – müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
 
Müsabiqənin üçüncü – müsahibə mərhələsi mayın 19-da Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə təşkil olunub. Müsahibə mərhələsində 166 nəfər iştirak edib. 10 nəfər müsahibəyə gəlməyib. Müsabiqənin yekunu olaraq, müvafiq müəssisə rəhbərlərinin əsaslandırılmış rəyi nəzərə alınaraq müsahibə mərhələsində iştirak etmiş namizədlərdən 149 müəllimin iş yerinin dəyişdirilməsi məqsədəuyğun sayılıb.
 
Yeni tədris ilindən etibarən yerlərini dəyişən müəllimlər yeni iş yerlərində çalışmağa başlayacaqlar.
 





27.05.2016    çap et  çap et