525.Az

Bişkekdə Respublika günü qeyd edilib


 

Bişkekdə Respublika günü qeyd edilib<b style="color:red"></b>

Mayın 25-də Bişkekdə Azərbaycanın Qırğızıstandakı Səfirliyi 28 May - Respublika günü münasibətilə rəsmi qəbul keçirib.

Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov öz çıxışında qeyd edib ki, 98 il əvvəl - 28 May 1918-ci ildə müsəlman dünyasında ilk dünyəvi, demokratik respublika yaradılıb, lakin XX əsrin əvvəllərində dünyada və regionda yaranan çətin siyasi vəziyyət ölkəmizin müstəqilliyinin saxlanmasına imkan verməyib və cəmi 23 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti yeni yaranan Sovet dövlətinin tərkibinə daxil olub.

H.Orucov bildirib ki, qısa tarixinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti bütün region üçün dünyəvi və demokratik dövlət quruculuğunun nümunəvi məktəbi olub: "1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa edib. Müasir Azərbaycan dövləti özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərək, Xalq Cümhuriyyətinin bayrağını, gerbini və himnini qəbul edib.

Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti - bizim milli sərvətimizdir, Azərbaycanın tarixinin ən parlaq səhifələrindəndir: "Cümhuriyyətin yaradılması və fəaliyyəti Azərbaycanın müstəqillik əzminin, xalqımızın öz dövlətçilik ənənələrinə sədaqətini və azadlıq mücadiləsinin həyata keçirilməsinin göstəricisidir".

Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə qarşılaşdığımızı deyən H.Orucov bildirib ki, aprel ayının əvvəllərində Ermənistan böyük həcmli silahlardan istifadə edərək Ermənistan-Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində yerləşən ərazilərimizi, dinc əhalimizi intensiv atəşə tutub: "Ordumuz ermənilərin layiqli cavabını verib".

Səfir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın siyasi və hərbi işğalçı rejiminin rəhbərliyindən fərqli olaraq, hər zamankı kimi böyük humanizm göstərərək işğal olunmuş ərazilərimizdə yaşayan ermənilərə atəş açmamağı əmr edib: "BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz dərhal çıxarılması ilə bağlı dörd Qətnamə qəbul edib. Həmçinin, BMT-nin Baş Assambleyası, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlar analoji qərarlar qəbul edib. Təəssüf ki, bu günədək belə böyük beynəlxalq təşkilatların qərarları icra olunmur".

H.Orucov bildirib ki, hazırda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət ümummilli lider Heydər Əliyevin başladığı böyük işlərin davamı kimi, ölkədə demokratik islahatların həyata keçirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edir.   

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlığın qarşılıqlı etibar, dostluq və qardaşlıq prinsipi ilə siyasi, ticari-iqtisadi, mədəni, humanitar və digər sahələrdə inkişaf etdiyini deyən səfir qeyd edib ki, bizim ölkələrin potensialı ölkələr arasındakı iqtisadi əlaqələri və mal dövriyyəsini dəfələrlə artırmağa imkan verir: "Bir çox beynəlxalq və regional məsələlərdə bizim mövqelərimiz tam üst-üstə düşür. Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə möhkəmlənən əməkdaşlıq əlaqələri iki qardaş ölkənin başçıları - İlham Əliyevin və Almazbek Atambayevin həyata keçirdikləri uğurlu siyasətin prioritet istiqamətləridir. Azərbaycanın və Qırğızıstanın dostluğu, qardaşlığı və müstəqilliyi sarsılmaz və əbədidir".

Sonra Qırğız Respublikasının xarici işlər nazirinin müavini Emil Kaykiyev çıxış edib. Nazir müavini Qırğızıstanın bugünkü Azərbaycanın beynəlxalq arenada qazandığı uğurları qürur ilə müşahidə etdiyini bildirib.

Ceyhun ABASOV

 





27.05.2016    çap et  çap et