525.Az

Bakı Dövlət Universitetində Respublika Günü


 

Bakı Dövlət Universitetində Respublika Günü <b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilib.
 
BDU-dan verilən məlumata görə, tədbirdən əvvəl Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən Tədris-teleradio studiyasının əsaslı təmirdən sonra açılış mərasimi olub.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, AR Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Türk əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Başkan yardımcısı Ali Maskan, KİVDF-nin sədri Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərlərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, 1928-ci ildən jurnalist kadrları hazırlayan Jurnalistika fakültəsinin tarixində daha bir əlamətdar hadisə qeyd edilir. 1981-ci ildə yaradılan Tədris-teleradio studiyası BDU-nun təşəbbüsü və TİKA-nın dəstəyi nəticəsində əsaslı təmirdən sonra müəllim və tələbələrin ixtiyarına verilib. Rektor qeyd edib ki, studiyanın texniki imkanları genişlənib, əməkdaşları TRT kanalında təlim-təcrübə keçiblər. Əli Həsənov böyük ənənələrə, şərəfli tarixə malik Jurnalistika fakültəsinin studiyasının BDU-nun təşəbbüsü ilə yenidən qurulmasını yüksək dəyərləndirib və fakültə tələbələrini yaradılan imkanlardan istifadə etməyə çağırıb.

Sonra tədbir universitetin əsas binasında davam etdirilib. A.Məhərrəmov 28 May - Respublika günü münasibəti ilə bütün iştirakçıları təbrik edib. Xalq Cümhuriyyətinin çox böyük əsərləri olduğunu xatırladan A.Məhərrəmov BDU-nun onun yadigarlarından biri olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan yenidən öz müstəqilliyini bərpa etsə də, dövrün ictimai-siyasi prosesləri müstəqilliyimizi təhlükə altına alırdı. Belə bir məqamda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı parçalanma, dağılma təhlükəsindən qurtardı. Ümummilli liderin hakimiyyəti dövründə Azərbaycan çox böyük nailiyyətlərə imza atıb və həmin siyasət bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov məruzəsində Azərbaycan xalqının müstəqillik yolu, milli inkişafı və dövlət quruculuğu prosesinin bir sıra mühüm daxili və xarici amillərlə şərtləndiyini bildirib. Qeyd edib ki, Azərbaycan xalqı özünün siyasi, iqtisadi, mədəni intellektual potensialından və SSRİ-nin dağılması ilə əlaqədar yaranan əlverişli tarixi şəraitdən istifadə edərək 1991-ci ildə yenidən istiqlal haqqına qovuşaraq müstəqil dövlətini bərpa edib. Bu hadisə Azərbaycan xalqının indiyə qədərki malik olduğu ən böyük tarixi nailiyyəti hesab olunur. Müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında və dünyaya tanıdılmasında Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran Əli Həsənov qeyd edib ki, bu gün prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirməklə yanaşı, həm də onu yeni şəraitin tələblərinə uyğun surətdə yaradıcılıqla inkişaf etdirir. Hazırda respublika öz inkişafının keçid dövrünü başa vuraraq bir çox sahələrdə yeni mərhələyə qədəm qoymaqdadır.

Çıxışlardan sonra "M.Teatr Production"un ifasında Üzeyir Hacıbəyovun əsərləri əsasında hazırlanmış "Məsəl, ya..." tamaşası nümayiş etdirilib.

Vəfa MƏMMƏDLİ

 





27.05.2016    çap et  çap et