525.Az

"Qarabağ atının XVII-XIX əslərdəki məşhurluğu və keyfiyyəti azalıb"


 

"Qarabağ atının XVII-XIX əslərdəki məşhurluğu və keyfiyyəti azalıb"<b style="color:red"></b> Tarixən Azərbaycanda 5 at cinsi mövcud olub.
 
Bunu APA-ya açıqlamasında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərli deyib. O bildirib ki, bu atlar Qarabağ atı, Dilboz, Quba yorğası, Şirvan atı və Qala kəndi atıdır. Bunlardan 3-ü (Qarabağ atı, Dilboz, Quba yorğası) bu günə kimi gəlib çıxıb, 2-nin isə (Şirvan və Qala kəndi atı) kökü kəsilib.
 
F. Ələkbərli bildirib ki, Qarabağ atlarını Qarabağ xanları inkişaf etdiriblər: “Onların böyük ilxıları, atçılıq təsərrüfatları olub. Dilboz atının tarixi isə Dilbazilər nəsli ilə bağlıdır. Qazaxın kübar nəsli olan Dilbazilərin XIX əsrdə böyük atçılıq təsərrüfatı olub. Başqa bir fikir də var ki, Dilboz adı dəliboz sözündən götürülüb. Çünki boz rəngindədir və dəli də dəliqanlı olduğuna görə deyilir. Amma Dilbazilər nəslinin nümayəndələri bildirirlər ki, bu onların nəslinin adı ilə bağlıdır. Çünki ilk dəfə olaraq onlar öz təsərrüfatlarında həmin cinsi ərsəyə gətiriblər”.
 
Hazırda Qarabağ atlarının vəziyyətinin çətin olduğunu söyləyən F. Ələkbərli əlavə edib ki, ermənilərin Qarabağı işğal etməsi nəticəsində heyvanlar da başqa təsərrüfatlara aparılıb. Onun sözlərinə görə, Qarabağ atının XVII-XIX əsrdə olan məşhurluğu sonralar çox təəssüf ki, azalıb: “İnqilabdan sonra cins atların böyük bir hissəsi itirilib, atlar qeyri-cins atlarla çarpazlaşdırılaraq keyfiyyətləri azalıb. Amma Qarabağ atının keçmiş formasını, qamətini kifayət qədər bərpa etmək mümkün olub”.
 
Şöbə müdiri qeyd edib ki, IX əsrdə mövcud olan Şirvan atı  və Qala kəndində xüsusi at cinslərindən daha çox təsərrüfat məqsədləri üçün istifadə edilib. Onun sözlərinə görə, hələ 4 min il əvvəl Azərbaycanda at əhliləşdirilib:
 
“Müasir dövrdə yeni at cinsləri yaradılmayıb. Sadəcə, mövcud cinslər təkmilləşdirilib. Məsələn, təkmilləşdirmə nəticəsində çalışılıb ki, atların boyu daha hündür olsun, daha sürətlə qaçsın, qaməti daha gözəl olsun. Ona görə də başqa yerlərdən at cinsləri gətirilərək onlar çarpazlaşdırılır və bu yolla onların bir sıra keyfiyyəti yaxşılaşdırılır. Amma elə edilir ki, at öz xüsusiyyətlərini itirməsin".
 
Qeyd edək ki, bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Fərid Ələkbərlinin ingilis dilində “Azərbaycan atları: tarixi icmal” kitabı çapdan çıxıb.
 





27.05.2016    çap et  çap et