525.Az

DGTYB Türk Dünyasının mədəniyyət paytaxtında


 

DGTYB Türk Dünyasının mədəniyyət paytaxtında<b style="color:red"></b> Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) Məsləhət Şurası və Məclisinin bir qrup üzvü Türk Dünyasının 2016-cı il Mədəniyyət Paytaxtı Şəkiyə səfər edib.

Birlikdən 525.az-a verilən məlumata görə, mayın 23-ü və 24-də gerçəkləşən səfərdə yazarlar Şəkinin elm, təhsil və mədəniyyət ocaqlarından olan ADPU-nun Şəki filialında qonaq olub, filialın müəllim-tələbə kollektivi ilə fikir mübadiləsi aparıblar.

Daha sonra filialın akt zalında Filologiya və Tarix fakültəsinin tələbələri ilə “İslamaqədərki türk mifik düşüncə tərzi və inancları” ana mövzusu üzrə görüş-müzakirə keçirilib.

ADPU Şəki filialının baş müəllimi Vaqif Aslan adıkeçən mövzuda geniş məruzə edib. Maraqla qarşılanan məruzədən sonra çıxışlar olub, habelə tələbələrin sualları cavablandırılıb.

DGTYB Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı, DGTYB Aran bölməsinin başçısı, şair-publisist Elşən Əzim, AYB-nin Şəki bölməsinin üzvü, şair Ağa Ramazan, gənc şairlər – DGTYB Məclis üzvləri İntiqam Yaşar, Sərvər Kamranlı, DGTYB Nəzarət-təftiş Komissiyası üzvləri Tural Adışirin, Ülkər Piriyeva və tərcüməçi-müəllimə Səbinə Babalı Şəkinin Türk Dünyasının Mədəniyyət Paytaxtı kimi önəmli mənəvi statusu, Şəki ədəbi mühiti, görüşün ana mövzusu, DGTYB-nin yaxın dövr üçün nəzərdə tutduğu işlər üzrə fikirlərini bölüşüblər.

Habelə DGTYB adından ADPU Şəki filialı, Nakam adına Şəki şəhər kitabxanası və Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinə elmi və bədii mövzulu çoxsaylı kitablar hədiyyə edilib.

DGTYB-nin 2016-cı ilin qarşıdakı ayları ərzində gerçəkləşəcək “Qəlbdəki və qələmdəki Qarabağ”, “Türk Dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı Toplantısının keçirilməsi” layihələri barədə şəkili yazarlara, tələbələrə məlumat verilib.

Yerli və qonaq şairlərin, habelə ədəbi yaradıcılığa üfüqlənən bir neçə tələbənin öz şeirini oxuduğu, səmimi ortamda keçən tədbirdən məmnun qalan tələbələr belə görüşlərin tez-tez keçirilməsinin arzuedilən olduğunu ifadə ediblər.

 





27.05.2016    çap et  çap et