525.Az

QHT sədrləri İstanbulda “Aydınlar Ocağı”nın 43-cü Şurasında - Fotolar


 

EMİN HƏSƏNLİ: “TƏŞKİLATIN İLLİK TOPLANTISINDA QƏBUL OLUNAN QƏTNAMƏDƏ AZƏRBAYCANIN HAQQ İŞİ BİR DAHA DƏSTƏKLƏNİB”

QHT sədrləri İstanbulda “Aydınlar Ocağı”nın 43-cü Şurasında - <b style="color:red">Fotolar</b>

Mayın 19-dan 25-dək QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirli Türkiyədə səfərdə olublar.

Səfər çərçivəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri İstanbulda “Aydınlar Ocağı”nın 43-cü Şurasında iştirak edib, 1919-cü ildə Naxçıvanın erməni zülmündən azad edilməsində müstəsna xidmətləri olan böyük türk sərkərdəsi Kazım Qarabəkir paşanın ev muzeyində olub, eləcə də müharibə veteranları, ehtiyatda olan zabitlərlə görüşüblər.

Bu barədə “525”ə məlumat verən E.Həsənli qeyd edib ki, Türkiyədə böyük nüfuza malik təşkilat olan “Aydınlar Ocağı”nda müxtəlif sahələrində fəaliyyət göstərən alimlər, elm adamları, ehtiyyatda olan hərbçilər, müharibə veteranları təmsil olunurlar. Onun sözlərinə görə, təşkilatın illik toplantısında qəbul olunan  qətnamədə Azərbaycanın haqq işi bir daha dəstəklənib, Dağlıq Qarabağ məsələsində ölkəmizə birmənalı dəstəyin göstərilməsinin vacibliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayana qədər Ermənistanla sərhədlərin açılmaması, diplomatik əlaqələrin qurulmaması məsələləri və eləcə də işğalçı ölkədə istismar müddəti bitmiş avadanlıqlarla fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dərhal dayandırılması tələbi öz əksini tapıb”.

QHT sədri bildirib ki, daha sonra onlar Türkiyənin müharibə veteranları, ehtiyatda olan zabitlərilə görüşüblər: “Türkiyə qaziləri və hərbçiləri də birmənalı olaraq daim ölkəmizə dəstək olacaqlarını bəyan ediblər. Onlar bildiriblər ki, əgər sabah Dağlıq Qarabağ  müharibəsi başlayarsa, Azərbaycan dövlətinin icazəsilə döyüşlərdə iştirak etməyə hazırdırlar. Türk gəncliyi, qaziləri, ehtiyatda olan hərbçilər bu məsələdə Azərbaycanla bir yerdədir. Biz isə onlara göstərdikləri böyük dəstəyə görə təşəkkür etdik və Azərbaycanın Dağlıq Qarabağ məsələsini öz ordusunun gücü ilə həll edəcəyini bildirdik”.

E.Həsənli qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir: “Əgər danışıqlar heç bir nəticə verməsə, Azərbaycan hərbi yola əl atmağa məcbur olacaq. Ordumuz qısa müddətdə torpaqları işğaldan azad etməyə qadirdir. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrini gözləyir”.

Türkiyə ilə Azərbaycanın iqtisadi əlaqələrindən danışan birlik rəhbəri bildirib ki, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TAP, TANAP layihələri, eləcə də bu ilin sonunda açılışı olacaq Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi böyük əhəmiyyətə malikdir. Sonuncu layihə Pekindən Londona qədər Böyük İpək Yolunun bərpası deməkdir. Bütün bu layihələr həm Türkiyə, həm də Azərbaycanın iqtisadiyyatının inkişafına böyük töhfələr verəcək. Hər iki ölkənin qarşılıqlı investisiya yatırımları daha da artmaqdadır. Eyni zamanda, Türkiyə məhsullarının Azərbaycan üzərində Şərq ölkələrinin daşınması məsələləri də aktuallığını saxlayır. Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismara verilməsindən sonra bu əlaqələr daha da dərinləşəcək”.

Azərbaycanla Türkiyə arasında hərbi sahədə də əlaqələrin inkişaf etdiyini bildirən təşkilat sədri deyib ki, Azərbaycan Türkiyədən hərbi məhsullar alır və özünün müdafiə qabiliyyətini daha da gücləndirir: “Qardaş ölkənin hərbi sənayesi son zamanlar daha da inkişaf etməkdədir. Müstəqil Azərbaycanın ordusunun yaranması və formalaşmasında, kadr hazırlığında Türkiyənin oynadığı rol əvəzsizdir. Həmçinin, mütəmadi olaraq keçirilən birgə təlimlər Silahlı Qüvvələrimizin peşəkarlığının artmasına böyük kömək olur. Son zamanlar Gürcüstan da belə təlimlərə qoşulub. Bütün bunlar regionda təhlükəsizliyinin təmin olunması istiqamətində atılan mühüm addımlardır”.

Azərbaycanla Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyətindən danışan E.Həsənli qeyd edib ki, iki ölkə prezidentləri bu və digər səbəblərdən tez-tez qarşılıqlı səfərlər həyata keçirərək dövlətlər arasında mövcud olan hərtərəfli əlaqələri daha da inkişaf etdirirlər: “Bütün sahələrdə bunu əyani şəkildə görmək mümkündür. Türkiyə və Azərbaycanın münasibətlərinin kökündə tarixi bağlılıq, dostluq və qardaşlıq əlaqələri dayanır”.

Ceyhun ABASOV

 





27.05.2016    çap et  çap et