525.Az

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış (davamı)


 

Azərbaycanda dini və etnik tolerantlıq: fəlsəfi-psixoloji aspektdən baxış  <b style="color:red">(davamı)</b>

Müsahibimiz görkəmli filosof, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur. Söhbətimizin məğzini Azərbaycanda dini və etnik tolerantlığın tarixinə, mərhələlərinə fəlsəfi-psixoloji aspektdən baxış təşkil edir.

– Bəs əslində din ideologiyanın strukturuna daxil olmalıdırmı və əgər olmalıdırsa, burada nə kimi yer tutmalıdır?

– İdeologiya ayrıca fərdlərin ruhu, mənəviyyatı haqqında yox, cəmiyyətin siyasi təşkili, optimal siyasi-iqtisadi strukturu və ictimai həyatda mədəni-mənəvi meyarlar haqqında təlim, ideyalar sistemi olduğundan burada nə din, nə də milli spesifiklik mərkəzi yer tuta bilməz. Dinlə əlaqə əsasən sonrakı mərhələdə – ictimai müstəvidən fərdi müstəviyə keçəndə ortaya çıxır. Cəmiyyətin elə təşkilati strukturu, elə ictimai dəyərlər və meyarlar sistemi optimal sayıla bilər ki, şəxsi mənafe ilə ictimai mənafe, əxlaqla hüquq arasında ciddi ziddiyyət ortaya çıxmasın, insanların vicdan azadlığı hər hansı formada məhdudlaşdırılmasın. Bu baxımdan, dövlət siyasəti və hüquq normaları, qanun məcəllələri işlənib-hazırlanarkən onların əhalinin dini və milli hissləri ilə uzlaşması, ahəngdarlığı məsələsi nəzərə alınmalıdır. Xüsusən islam dininin özünəməxsus hüquq sistemi (müsəlman hüququ – şəriət) olduğundan bizim ölkədə ilk növbədə dünyəvi prinsiplər əsasında hazırlanan hüquq normaları və qanunlar şəbəkəsi müəyyənləşərkən şəriətin də imkan daxilində nəzərə alınması və əmələ gələn uyğunsuzluqların, ziddiyyətlərin minimuma endirilməsi vacib şərtlərdən biridir. Yəni cəmiyyətin inkişaf strategiyası, sosial ideal elə seçilməlidir ki, o, adamların mənəvi idealı və əqidəsi ilə ahəngdar ola bilsin. Lakin burada yeganə məqbul metod – deduktiv metoddur. Adamların hər birinin istək və arzularının, şəxsi mənafelərin, dini və milli hisslərin toplanmasından cəmiyyətin optimal modeli hasil ola bilməz. Əksinə, ümumi ictimai inkişaf qanunauyğunluqlarının öyrənilməsindən hasil edilən cəmiyyət modeli, sosial ideal və ona çatmaq üçün həyata keçirilən siyasi, iqtisadi və hüquqi islahatlar sistemi ilkin olaraq müəyyənləşdirilir. Bu prosesləri istər sosial, istərsə də qnoseoloji müstəvidə izah etmək çətin deyil. Lakin nə üçünsə hələ də müsəlman ölkələrində müəyyən ideoloqlar həyatın bütün sahələrini dinlə əvəz etməyə çalışır, dini insanın fərdi mənəviyyatından kənara çıxararaq sosiallaşdırır, siyasiləşdirir, ideologiyalaşdırırlar... Bir sözlə, dini öz şəxsi maraqları üçün alətə çevirirlər. Qərbdə də dövlətin və elmin dinlə əlaqəsinin çoxdan kəsildiyi bir cəmiyyətdən elə ideoloqlar çıxır ki, onlar öz tərəqqilərinin səbəbini öz dinlərində, başqalarının geriliyinin səbəblərini də onların dinində “axtarırlar”. Lakin bu axtarışların elmdən uzaq, ideoloji yönü şəksizdir.

– Problemdən çıxış yolu kimi nə təklif edərdiniz?

– İndiki dövrdə dinlərin ideoloji və siyasi məqsədlər üçün istifadə olunmasının, onların elmi və fəlsəfəni “əvəz etmək” cəhdlərinin qarşısını almaq çox vacibdir. Bunun üçün isə ilk növbədə elmi-kütləvi biliklərin yayılması, fəlsəfi maarifçilik işinin genişləndirilməsi tələb olunur. Dini tolerantlıq da ictimai şüurun ancaq yüksək səviyyəsində təmin edilə bilər. Təəssüf ki, müxtəlif təriqətlər geniş təbliğat və təşviqat şəbəkəsinə malik olduğu halda, elmi və fəlsəfi biliklərin yayılması üçün ictimai resurslar yox dərəcəsindədir. Kütləvi informasiya vasitələri son dövrlərdə bu sahəyə diqqəti artırmaq əvəzinə, olub-qalan verilişlər də efirdən çıxarılıb və ya namünasib vaxtlara salınıb. Halbuki əgər biz mənəvi boşluqları vaxtında doldurmasaq, gənclərdə əqidə immuniteti yaratmasaq, onlar xarici ideoloji təsirlərə daha asan məruz qala bilərlər. Dini-mənəvi təxribatlardan qoruna bilmək üçün onlara qarşı antitəbliğatla məşğul olmaqdan daha vacib olan iş – təşəbbüsü ələ almaq, fəal mədəni-mənəvi və dini-fəlsəfi maarifçilik siyasəti həyata keçirməkdir. Bizcə, kütləvi informasiya vasitələri nəinki fəlsəfi maarifçilik sahəsində, həmçinin sağlam dini etiqad və dini-mənəvi dəyərlərlə bağlı təbliğatı artırmalıdır. Təhsil proqramlarında fəlsəfi fənlərin sıxışdırılması və məhdudlaşdırılması da bu sahədə ümumi işə ziyan vurur. Cəmiyyətin mənəvi həyatının müasir tələblər səviyyəsində təşkil olunması və bu sahədə pozitiv meyllərə dövlət qayğısının artırılması ölkənin ümumi ahəngdar inkişafı üçün əsas şərtlərdən biridir. Ölkəmizdə həyata keçirilən yeni iqtisadi inkişaf modelinin müasir texnologiyalarla təmin edilmiş mədəni-mənəvi təkamül modeli ilə tamamlanmasına böyük ehtiyac var. Bu günlərdə Prezident İlham Əliyevin bəzi vəzifəli şəxslər və dövlət məmurlarının öz ailələrində yüksək mənəvi mühit yarada bilməmələri, onların övladlarının milli-mənəvi dəyərlərdən uzaqlaşması ilə əlaqədar ciddi xəbərdarlıq etməsi və mənəvi amilləri önə çəkməsi heç də təsadüfi deyil.

– XXI əsri sivilizasiyalararası dialoq əsri adlandırırlar. Bu dialoq özündə nəyi ehtiva edir və etməlidir?

– Üçüncü minilliyə keçid dövründə bəşəriyyətin sanki bir hesabat vermək məsuliyyəti yaranıb, ümumbəşəri özünüdərk problemləri aktuallaşıb. XXI əsr sivilizasiyalararası dialoq ideyası ilə başlanıb. Son illər ərzində müxtəlif ölkələrdə dəfələrlə bu mövzuda müzakirələr aparılıb, beynəlxalq konfranslar, simpoziumlar keçirilib. Bu məsələni BMT, YUNESKO, digər beynəlxalq təşkilatlar və bir çox dövlət başçıları da dəfələrlə gündəmə gətirib, qlobal problemlərin bütün dünya xalqlarının birgə səyləri ilə həll edilməsi zərurəti vurğulanıb, sülh və əmin-amanlıq, mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsi üçün belə bir dialoqun qaçılmaz olduğu göstərilib. Lakin ən önəmli məsələ “sivilizasiyalararası” dedikdə hansı sivilizasiyaların nəzərdə tutulması məsələsidir. Bir çox hallarda söhbət Şərq və Qərb, digər hallarda İslam və Xristian sivilizasiyalarından gedir. Biz sivilizasiyanın dini əlamətə görə bölünməsinin əleyhinəyik. Şərq və Qərb sivilizasiyalarından danışılması bizə daha məntiqli görünür. Amma bu bölgünün özü də nisbidir. Belə ki, əslində vahid ümumbəşəri bir sivilizasiya var ki, bütün xalqlar və bölgələr bu prosesdə müəyyən dərəcədə iştirak ediblər və onların hamısının bu sivilizasiyadan bəhrələnməyə haqqı vardır. Bununla belə, bəşəriyyətin inkişafı bütöv və ardıcıl proses olmayıb, müəyyən diskret inkişaf aktlarına ayrıldığına görə, söhbət çox vaxt müxtəlif coğrafi-siyasi bölgələrdə və konkret bir dövrdə formalaşmış olan proseslərdən, yəni lokal sivilizasiyalardan gedir. Məsələn, sivilizasiya tarixi sahəsində müntəzəm surətdə tədqiqatlar aparmış Toynbi bəşər tarixini sivilizasiyaların əvəzlənməsi kimi nəzərdən keçirir və bu zaman ayrı-ayrı dövrlərdən, imperiyalardan, coğrafi, dini və hətta etnik-milli bölgülərdən istifadə edir. Yəni əslində nisbi daxili tamlığa malik böyük ictimai birliklərin yaranması, inkişafı və süqutundan bəhs olunur. Ümumbəşəri tərəqqi bax beləcə, lokal inkişaf proseslərinin dinamik məcmuyu, sintezi kimi götürülür. Lakin bu lokal proseslər necə toplana bilər və onlar vahid ümumbəşəri inkişafın ünsürləri kimi nə dərəcədə bir-birlərini tamamlaya bilər? Lokal sivilizasiyaların toplanması məsələsi çox ciddi elmi-fəlsəfi bir problemdir. Hələlik bu sahədə tədqiqatlar demək olar ki, aparılmır. Əvəzində ayrı-ayrı lokal sivilizasiyalar qarşılaşdırılır və onların ümumi cəhətlərindən daha çox, fərqli cəhətləri önə çəkildiyinə görə, “sivilizasiyaların toqquşması” ideyası ortaya atılır. Bu ifadə müasir ictimai fikirdə ən çox Hantinqtonun “Sivilizasiyaların toqquşması” kitabından sonra aktuallaşıb. Amma ilk dəfə bu məsələyə müraciət edən Toynbi olub. Onun eyni adlı əsərində müxtəlif tarixi dövrlərdə lokal sivilizasiyaların əlaqəsindən, qarşılıqlı təsirindən və toqquşmalarından bəhs olunur. O, məsələn, xristianlığın yaranmasında və formalaşmasında mühüm rolu olan yunan-roma və siryani sivilizasiyalarının toqquşmasından bəhs edir. Hətta “xristianlığı bu iki mədəniyyətin izdivacından” yaranmış hesab edir. Burada din sivilizasiyanın məhsulu kimi təqdim olunur. Hantinqton isə sivilizasiyaları dinlərlə bağladığından, sivilizasiyalararası toqquşmanı dinlər arasındakı münasibətlə izah etməyə çalışır. O, ən çox islam və xristianlıq arasındakı fərqləri önə çəkir. Xüsusən, müsəlmanların daha sürətlə artmasını rəhbər tutaraq, bir növ islam təhlükəsindən bəhs edir. Hantinqton, digər tərəfdən, milli kimlik, milli-etnik özünüdərk məsələlərini də sivilizasiya kontekstində təqdim edir.

Müasir dövrdə proseslər vahid sivilizasiyanın formalaşması istiqamətində gedir. Ən azı, qloballaşma buna xidmət edir. Lakin bu vahid sivilizasiyanın “Qərb sivilizasiyası” anlayışı ilə bilərəkdən və ya bilməyərəkdən qarışdırılması halları üstünlük təşkil edir. Halbuki, müasir sivilizasiyanın strukturunda bütün əvvəlki lokal sivilizasiyaların nailiyyətləri təmsil olunur və Şərqin rolu heç vaxt unudulmamalıdır. Belə bir fikir üstünlük təşkil edir ki, Avropa Renessansında Şərq əsasən vasitəçi rol oynayıb, antik mədəniyyətin və qədim yunan fəlsəfəsinin, avropalılar tərəfindən yenidən mənimsənilməsində iştirakçı olub. Bundan sonra Qərb məhz yeni, fərqli bir istiqamət olaraq formalaşıb. Lakin bununla belə, son əsr ərzində Şərqdə milli dövlətlərin yaranması, milli-fəlsəfi fikrin oyanışı yeni bir sintez perspektivindən xəbər verir. Bu yeni fəlsəfi fikir daha artıq orta əsrlər İslam fəlsəfəsinin sadəcə davamı ola bilməz, çünki Şərqin tənəzzül dövründə Avropa ümumbəşəri fəlsəfi fikrin inkişafı sahəsində misilsiz nailiyyətlər əldə edib və fəlsəfəni yeni intellektual səviyyəyə qaldırıb. Bütün digər sahələr də bu elmi-fəlsəfi dünyagörüşün səviyyəsinə uyğun surətdə inkişaf edib. Belə olan halda yenidən velosiped icad etməkdənsə, bir tərəfdən, Qərb fəlsəfəsini mənimsəmək, digər tərəfdən də Şərq fəlsəfi düşüncəsinin rasional xəttini bərpa etmək yolu ilə yeni, dövrün tələblərinə cavab verən sintetik fəlsəfi sistem yaradılmalıdır. Bu sistem millilik və ümumbəşəriliyi ehtiva etməli, ənənəvi mənəviyyatın müasir intellektual texnologiya ilə uzlaşması üçün yeni optimal ideya mühiti təşkil olunmalıdır. Bu ictimai-tarixi vəzifə indi həm də ona görə aktuallaşıb ki, Qərbin daxili mənəvi potensialı tükənmək üzrədir və bəşəriyyət yeni ideya səviyyəsinə qalxmasa, böyük böhranla üzləşə bilər. 

(Ardı var)

Sevinc MÜRVƏTQIZI

 





19.02.2013    çap et  çap et