525.Az

“Təmiz Şəhər” universitetlərdə mühazirələr keçirib


 

“Təmiz Şəhər” universitetlərdə mühazirələr keçirib<b style="color:red"></b> “Təmiz Şəhər” ASC müxtəlif universitetlərlə əməkdaşlıq çərçivəsində maarifləndirmə tədbirlərinin keçirilməsini davam etdirir. Cəmiyyətdən “APA-Economics”ə verilən xəbərə görə, bu həftə ASC Azərbaycan Memarlıq və İnşaat Universiteti (AZMİU) və Azərbaycan Neft və Sənaye İnstitutunda (ADNSU) mühazirələr təşkil edib.
 
Mayın 26-da AZMİU nəzdində fəaliyyət göstərən “Təmiz Şəhər” Mərkəzində tullantıların idarə edilməsi mövzusunda silsilə mühazirələrin sayca dördüncüsü baş tutub. Bu dəfə “Təmiz Şəhər” ASC-nin nümayəndələri “Bərk məişət tullantıları poliqonlarında işin təşkili” mövzusunda tələbələrə təqdimat edib, tullantı poliqonlarının növləri və ümumi xarakteristikaları, poliqonlarda tullantıların utilizasiya prinsipləri, müasir sanitar poliqon anlayışları Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunun modeli əsasında gənclərə izah edib.
 
Mühazirə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün çox faydalı olub, onlar gələcəkdə çalışacaqları sahə ilə bağlı geniş məlumat əldə etdiklərini bildiriblər.
 
“Təmiz Şəhər” ASC-nin AZMİU-da keçirdiyi bu cür xüsusi mühazirələr tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumu əsasında təşkil olunur. Razılaşmaya əsasən, səhmdar cəmiyyət universitetdə tullantıların idarə olunması ixtisasının öyrədilməsinə dəstək məqsədi ilə burada “Təmiz Şəhər” Mərkəzi yaradaraq buranı lazımi texnika və avadanlıqlarla təmin edib. Mütəmadi olaraq təhsil müəssisəsində mühazirələr təşkil edərək tələbələrin bu sahədə biliklərinin artırılmasına xidmət edir.
       
Mayın 27-də isə “Təmiz Şəhər” ASC “Bərk Məişət Tullantıları Enerji Mənbəyi kimi” mövzusunda ADNSU-nun bakalavr və magistr pillələrində uyğun ixtisaslar üzrə təhsil alan tələbələr üçün mühazirə təşkil edib. Tədbir zamanı gənclər tullantıdan enerjinin alınması məqsədilə müvafiq zavodlarda həyata keçirilən proseslərlə tanış olub, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun “tullantıdan enerjiyə” baxımından nümunəvi müəssisə olduğunu öyrəniblər.
 
Xatırladaq ki, ADNSU-da tullantıların idarəedilməsi və ətraf mühitin mühafizəsi mövzularında mühazirələr universitet və “Təmiz Şəhər” ASC arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunub. Razılaşmaya əsasən birgə elmi-texniki baza yaradılır, nəzəri və praktiki bilik və təcrübələr mübadiləsi həyata keçirilir.
 





28.05.2016    çap et  çap et