525.Az

Azərbaycan-Çin elmi əməkdaşlığı müzakirə edildi


 

Azərbaycan-Çin elmi əməkdaşlığı müzakirə edildi<b style="color:red"></b>

Çin İctimai Elmlər Akademiyasının (ÇİEA) rəhbər heyətindən ibarət bir qrup alim mayın 27-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.

Bu barədə İnstitutun ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Vüqar Məmmədov məlumat verib.

Nümayəndə heyətinə ÇİEA-nın vitse-prezidenti Tsay Fan, həmin akademiyanın Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Van Ley, ÇİEA-nın İqtisadiyyat İnstitutunun direktoru Pey Çanxun, akademiyanın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan və ÇİEA-nın Beynəlxalq əməkdaşlıq idarəsinin Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Tszin Çje daxil idi. Görüşdə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, millət vəkili, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, İnstitutun direktoru müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev və İnstitutun Asiya - Sakit Okean regionu ölkələri şöbəsinin müdiri Rafiq Abbasov iştirak ediblər.

Qonaqları salamlayan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva ilk olaraq Azərbaycan və Çin arasında siyasi, iqtisadi, elmi əlaqələrin inkişafından söz açıb, daha sonra çinli alimlərə rəhbərlik etdiyi institutda aparılan tədqiqatların istiqamətləri barədə məlumat verib. G.Baxşəliyeva ənənəvi olaraq fars, türk və ərəb dili, ədəbiyyatı və müvafiq ölkələrin tarixi sahəsində tədqiqatların aparıldığı Şərqşünaslıq İnstitutunda son zamanlar Uzaq Şərq ölkələrinin də tədqiqinə başlanıldığını qeyd edərək, Asiya - Sakit Okean regionu ölkələri şöbəsində regionun bir çox ölkələri, o cümlədən, Çinlə bağlı tədqiqatların aparıldığını bildirib. O, çinli qonaqlara Şərqşünaslıq İnstitutu haqqında ətraflı məlumatın dərc olunduğu ingilis dilində buklet və İnstitutda hazırlanmış “Çin Xalq Respublikası” adlı məlumat kitabını təqdim edib.

Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean regionu ölkələri şöbəsinin müdiri Rafiq Abbasov qonaqlara rəhbərlik etdiyi şöbənin fəaliyyəti barədə məlumat verib. R.Abbasov şöbədə Çinin və digər region ölkələrinin dili, ədəbiyyatı, qədim tarixi və müasir inkişafına dair tədqiqatların aparıldığını bildirib. Çinşünas alim özünün hazırladığı və Çin-Azərbaycan münasibətlərinə həsr olunmuş “İlham Əliyev - qədim xalqların dostluğunun müasir davamçısı” adlı kitabı və ölkəmizdə bu sahədə ilk olan “Çin dili” dərsliyi barədə də danışıb.

Şərqşünaslıq İnstitutunun direktor müavini Şahin Mustafayev Çinlə Avropanı birləşdirən və Azərbaycandan keçən İpək Yolu barədə söz açaraq, bu mövzunun elmi cəhətdən öyrənilməsinin həm Çin, həm də Azərbaycan üçün əhəmiyyətindən danışıb. Bu sahədə görülən elmi işlər barədə söz açan Ş.Mustafayev özünün də bu mövzuda yazdığı məqalələri qeyd edib.

ÇİEA-nın vitse-prezidenti Tsay Fan elmi müəssisələr arasında əməkdaşlığın perspektivindən söz açaraq, təmsil etdiyi Akademiyada tez-tez iqtisadi inkişafla, çinşünaslıqla bağlı seminarların, kursların keçirildiyini bildirib, gənc Azərbaycan alimlərinin də belə tədbirlərdə iştirakını arzuladığını qeyd edib.

ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru Li Yunsyuan rəhbərlik etdiyi elmi müəssisədə Mərkəzi Asiya və Qafqaz ölkələrini tədqiq edən şöbənin fəaliyyətindən, burada Azərbaycanla bağlı kadr və ədəbiyyat çatışmazlığından danışıb.


AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova görüşün çox məhsuldar keçdiyini qeyd edib və elmi müəssisələr arasında yaranan əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib.

Görüşün sonunda ÇİEA-nın vitse-prezidenti Tsay Fan Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevaya xatirə hədiyyəsi təqdim edib.

 





28.05.2016    çap et  çap et