525.Az

“Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağın vaxtıdır”


 

“ƏGƏR SEPARATÇILARIN RƏHBƏRLƏRİ İCMA NÜMAYƏNDƏLƏRİNƏ DİALOQA QADAĞA QOYSALAR, MÜZAKİRƏLƏRDƏN ÇƏKİNƏN TƏRƏFİN KİM OLACAĞI BİR DAHA AŞKARLANACAQ”

“Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağın vaxtıdır”<b style="color:red"></b>

“Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan yeni açıqlamasında deyib ki, Dağlıq Qarabağın “təmsilçilərinin” iştirakı olmadan heç bir sənədə imza atmayacaqlar. Bu ermənilərin çoxdankı təxribatıdır. Guya torpaqları Ermənistan deyil, Dağlıq Qarabağın azsaylı “təmsilçiləri” işğal ediblər”.
 
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, ermənilər beynəlxalq aləmə sırımağa çalışırlar ki, guya münaqişə Azərbaycanla Dağlıq Qarabağda yaşayan ermənilər arasındadır: “Halbuki, bütün dünya, hətta müttəfiqləri Rusiya yaxşı bilir ki, Dağlıq Qarabağda Ermənistan qoşunu yerləşir. Ona görə də məntiqi olaraq biz Dağlıq Qarabağ separatçıları ilə deyil, onlara hərbi dəstək verən, işğal altındakı torpaqlarımızda qoşunlarını yerləşdirən Ermənistanla müzakirə aparmaq məcburiyyətindəyik.

Buna rəğmən, mənə elə gəlir ki, Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbərliyi indiki həssas - dünyanın gözünün Dağlıq Qarabağa dikildiyi məqamda belə bir təkliflə çıxış etməlidir ki, Dağlıq Qarabağın erməni icması ilə dialoqa başlamağa hazırdır”.

E.Şahinoğlu hesab edir ki, bu bizə iki baxımdan vacibdir: “Birincisi, bütün dünya görər ki, biz ərazimizdə yaşayan ermənilərlə dialoqdan çəkinmirik, ancaq onlarla dialoqu dövlət institutları yox, indiki mərhələdə Dağlıq Qarabağdan qovulan azərbaycanlılar aparmalıdırlar. Axı münaqişə nizamlanarsa, Dağlıq Qarabağdakı ermənilərlə azərbaycanlılar birgə yaşamalıdırlar. Qoy elə indidən aktiv dialoqa başlasınlar ki, gələcək birgə həyatın konturlarını müəyyənləşdirsinlər. İkincisi, Dağlıq Qarabağın azərbaycanlı təmsilçilərinin dialoq təklifi göstərər ki, biz bu bölgədə yaşayan erməniləri öz vətəndaşımız sayırıq”.

Mərkəz sədrinin fikirlərinə görə, dialoq təklifini gündəmə gətirməyin tam zamanıdır: “Yox, əgər separatçıların rəhbərləri icma nümayəndələrinə dialoqa qadağa qoysalar, müzakirələrdən çəkinən tərəfin kim olacağı bir daha aşkarlanacaq. Beynəlxalq aləmin gözü qarşısında dialoqdan yayınma, həm də onu göstərəcək ki, erməni separatçıları azərbaycanlıların geri qayıdışına mənfi yanaşırlar. Ona görə də düşünürəm ki, bu təklifi Minsk Qrupunun gündəminə gətirmək lazımdır. Dialoq olarsa, mesajlarımızı birbaşa Dağlıq Qarabağ ermənilərinə çatdıra bilərik. Aydındır ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməyəcək. Ancaq növbəti hərbi toqquşmadan öncə Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, bizim mülki insanlarla problemimiz yoxdur və onların həyatlarını rahat davam etdirmələri üçün konkret təkliflərimiz var. Yeri gəlmişkən, həmin konkret təkliflərin üzərində də müəyyən çalışmalar aparıla bilər. Bu təkliflərdə Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin iqtisadi və sosial problemlərinin həllindən tutmuş torpaqların birgə becərilməsinə qədər qeyri-siyasi məsələlər müzakirə oluna bilər”.

Ceyhun ABASOV

 





28.05.2016    çap et  çap et