525.Az

İncəsənət Universitetində Respublika Günü qeyd edilib


 

İncəsənət Universitetində Respublika Günü qeyd edilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsi Respublika Gününə həsr olunan “Tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan” mövzusunda tədbir keçirib.
 

Universitetdən verilən məlumata görə, tədbiri giriş sözü ilə universitetin Kulturologiya fakültəsinin dekanı Vasif Adilov açıb. Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur.

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.

Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınaraq onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilib, dövlət quruculuğu təcrübəsinə hərtərəfli nəzər yetirilib. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür.

Tədbirdə həmçinin universitetin professoru Aqşin Babayev “Heydər Əliyev və müstəqilliyimiz”, professor Nizaməddin Şəmsizadə “Azərbaycançılıq -müstəqillik fəlsəfəsi”, dosent Xaləddin Sofiyev “İstiqlal milli taleyimizdir”, Azərbaycan MEA-nın professoru Əlikram Tağıyev “Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan milli dövlətçiliyinin inkişafında xüsusi mərhələdir” mövzusunda geniş, maraqlı məruzələrlə çıxış ediblər. Tədbir boyu Xalq Cümhuriyyətinin fəaliyyətini və ulu öndər Heydər Əliyevin müstəqilliyimiz uğrunda apardığı işləri əks etdirən video slaydlar nümayiş olunub.

Vəfa MƏMMƏDLİ

 





28.05.2016    çap et  çap et