525.Az

Əlimərdan bəy Topçubaşovun dördcildliyi


 

Əlimərdan bəy Topçubaşovun dördcildliyi <b style="color:red"></b>

Ötən aprel ayında ADA Universitetində milli ictimai-siyasi fikrimizin görkəmli nümayəndəsi, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və qurucularından biri, publisist, siyasi xadim və diplomat Əlimərdan bəy Topçubaşovun əsərlərinin dördcildliyinin təqdimat mərasimi keçirildi.

Müxtəlif ölkələrin arxiv və kitabxanalarından vərəq-vərəq toplanan bu cildlərin ərsəyə gəlməsi ölkəmizin Polşadakı səfiri, tanınmış elm və siyasət adamı, vətənpərvər ziyalı  Həsən Həsənovun uzun illər boyu davam edən əhatəli axtarışları, gərgin zəhməti, ən başlıcası isə Topçubaşov şəxsiyyətinə, Topçubaşov irsinə böyük məhəbbəti sayəsində  mümkün olmuşdur. Bunun əsasında isə vətənimizə, Azərbaycana, onun tarixinə böyük məhəbbət və övlad borcu dayandığını söyləməyə lüzum görmürəm...

Özünün xatırladığına görə, Tiflisdə keçən uşaqlıq illərində yerli azərbaycanlılardan dəfələrlə müsəlman icmasının tanınmış lideri kimi Əlimərdan bəyin adını eşitmişdi. Bakıda həmyerlilik telləri ilə bağlandığı görkəmli tarixi şəxsiyyət barədə daha müfəssəl məlumat əldə etməyə çalışsa da, onun rus dilində çıxan “Kaspi” qəzetinin redaktoru və burjua millətçisi olmasından başqa heç bir şey öyrənə bilməmişdi. Belə bir vaxtda Topçubaşova marağı stimullaşdıran və uzunmüddətli prosesə çevirən xoş təsadüf baş vermişdi - 1975-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Sovet nümayəndə heyətinin tərkibində Parisə yollanan Mərkəzi Komitənin Tikinti şöbəsinin məsul işçisi Həsən Həsənova Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşi ilə görüşməyi və ölkə rəhbərliyi adından onu respublikamıza dəvət etməyi tapşırmışdı.

Sovet rejiminin bəlli ideoloji maneələri üzündən tapşırığın öhdəsindən gəlmək mümkün olmasa da, həmin vaxta qədər elmi axtarışları əsasən beton konstruksiyalar ətrafında cərəyan edən enerjili və ambisiyalı tikinti mühəndisi Həsən Həsənov Topçubaşovu daha dərindən öyrənmək qərarına gəlmişdi.

İdeoloji təzyiqlərin nisbətən yumşalması,  Sovet İttifaqının hər yerində olduğu kimi Azərbaycanda da milli azadlıq hərəkatının başlanması keçmiş marağın yeni qüvvə ilə üzə çıxmasına təkan vermişdi. 1989-cu ildə, hələ Azərbaycan SSR Nazirlər Sovetinin sədri olduğu vaxtda Həsən Həsənov respublika Mərkəzi Dövlət Arxivinə Əlimərdan bəy Topçubaşovla bağlı  mövcud sənəd və materialları toplamağı tapşırmışdı.

Yalnız aradan beş il keçəndən sonra həmin sənədlərin bir hissəsi elmi və ictimai-siyasi auditoriyaya təqdim edilmişdi. Söhbət dövrün xarici işlər naziri Həsən Həsənovun tanınmış arxivşünas  A.Paşayev və V.Ağayevlə birlikdə tərtib etdikləri “İstanbulda diplomatik söhbətlər” (Bakı, 1994, rus dilində) kitabından gedir.  Cümhuriyyətin iki ilinin naməlum diplomatiya sənədlərinin daxil edildiyi bu maraqlı topluya  xüsusi missiya ilə səlahiyyətli nazir kimi 1918-ci ilin avqustunda İstanbula yola düşən Ə.Topçubaşovun öz hökumətinə göndərdiyi məlumatlar, görüş və söhbət yazıları toplanmışdı.

Müstəqil Azərbaycan diplomatiyasının ilk addımlarını atdığı  zamanda belə bir kitabın nəşri varislik əlaqələrinin bərpası, eləcə də XX yüzillikdəki ilk milli dövlətimizin diplomatik irsinin və xarici siyasət kursunun günümüzə çatdırılması, müasir dövrün problem və vəzifələri işığında öyrənilməsi, varislik əlaqəsinin təmin olunması  baxımından əlamətdar hadisə idi.

Doğrudur, bir müddət sonra Həsən Həsənov Xarici İşlər Nazirliyindən ayrılmalı oldu. Amma baş verən inzibati dəyişiklik təbii ki, onun  Azərbaycan tarixinə, XX əsrin əvvəllərindəki milli ictimai-siyasi fikrə, ilk növbədə isə cazibəsinə düşdüyü Topçubaşov taleyinə və irsinə marağını əsla azaltmadı... Əksinə, məcburi taym-autu ikiqat enerji ilə ciddi tarixi əsərlərin yazılmasına, zəngin arxiv materiallarının toplanmasına həsr etdi.

Təvazökarlıqdan kənar olsa da, deməliyəm ki, 1980-ci illərin sonlarından etibarən bu sətirlərin müəllifi də  Əlimərdan bəy Topçubaşovun şəxsiyyəti, siyasi fəaliyyət və publisistikası, Azərbaycan milli hərəkatındakı rolu,  Rusiya imperiyasında türk-islam xalqlarının siyasi intibahı və milli birliyi uğrunda mübarizəsi ilə yaxından maraqlanırdı.

Onun adı və fəaliyyəti ilə ilk dəfə polyak mənşəli Amerika tarixçisi, ölkəmizdə yaxşı tanınan Tadeuş Sventoxovskinin “Russian Azerbaijan. 1905-1920. The Shaping of National İdentity in a Muslim Community” (Cambridge, 1985) kitabı vasitəsi ilə tanış olmuşdum. Bu kitabın Azərbaycan Cümhuriyyətinin  tarix səhnəsinə gəlişi və süqutundan, eləcə də Topçubaşovun fəaliyyətindən  bəhs edən  iki fəsli mənim ingilis dilindən tərcüməmdə hələ SSRİ-nin sarsılmaz göründüyü 1989-cu ildə “Azərbaycan” jurnalında dərc edilmişdi.

Təxminən eyni dövrdə  Ə.Topçubaşov qələminin məhsulu olan “Claims of the Peace Delegation of the Republic of Caucasian Azerbaijan, Presented to the Peace Conference in Paris” (Paris, 1919) kitabını dilimizə çevirmişdim. Həmin kitabın linotip nəşrinin minlərlə nüsxəsi 1990-cı ildə Azadlıq meydanında mitinq iştirakçıları arasında yayılmışdı. Sənədin ingilis, fransız və Azərbaycan dillərində mətnini 2008-ci ildə üç dildə çap etdirdim “Azərbaycan Paris Sülh Konfransında” kitabında vermişdim.

Ə.Topçubaşov irsi ilə bağlı başqa bir işim Azərbaycan Cümhuriyyətinin 80 illiyinin qeyd edildiyi dövrdə onun Paris Sülh Konfransından öz hökumətinə göndərdiyi hesabatları nəşri idi. Materialların orijinalda və rus dilindən tərcüməmdə toplandığı “Pisma iz Parija” -”Paris məktubları” kitabları 1998-ci ildə əhatəli ön sözümlə “Azərnəşr”də  çap olunmuşdu. Həsən Həsənov, A.Paşayev və V.Ağayevin hazırladıqları  “İstanbulda diplomatik söhbətlər” kitabı ilə birlikdə bu nəşr Əlimərdan bəyin diplomatik fəaliyyətinin iki mühüm mərhələsini əks etdirən dialogiya idi. Üstəlik, 1990-cı illərdə Ə.Topçubaşovun publisist fəaliyyəti haqqında silsilə məqalələrim o zaman hökumət ofisiozunun - “Xalq qəzeti”nin əlavəsi kimi çıxan “Səhər”də çap olunmuşdu.

Yəqin ki, Həsən müəllim maraq ümumiliyimizdən xəbərsiz deyildi. Paralel fəaliyyətimiz 2008-ci ildə kəsişdi. O zaman ölkəmizin Macarıstandakı səfiri olan Həsən Həsənov Varşavaya zəng vurub Ə.Topçubaşovun əsərlərinin üçcildliyini çapa hazırladığını bildirdi və elmi redaktorluğa layiqli namizəd kimi məni gördüyünü dedi. Təklif çox cəlbedici idi.

İşin kifayət qədər çətin və mürəkkəb oduğunu, çoxlu vaxt və enerji tələb etdiyini başa düşsəm də, mükafatı sadəcə vicdanımızdan ala biləcəyimizi  anlasam da, boyun qaçırmadım. Ortada xidmətləri müqabilində yetərincə tanınmayan, layiqli qiymətini almayan Əlimərdan bəyin şəxsiyyətinə və irsinə ehtiram məsələsi vardı. İnsanlıq və vətəndaşlıq hünərinə həmişə böyük hörmətlə yanaşdığım Həsən müəllimin sözü də öz yerində...

Tezliklə, qovluqlar və fayllar Budapeştdən Varşavaya gəlməyə başladı. Beləliklə, biz - iki keçmiş xarici işlər naziri Azərbaycan Cümhuriyyəti dövlətinin xarici siyasətinin işlənib hazırlanmasında və uğurla həyata keçirilməsində hər bir nazirdən daha artıq fəaliyyət göstərmiş Əlimərdan bəy Topçubaşovun hələlik üçcildlik kimi nəzərdə tutulan əsərləri üzərində işə başladıq.

Həm də xüsusi vurğulamalıyam ki, gərgin yaradıcılıq işi diplomatik təmsilçiliklə bağlı birbaşa vəzifə borclarının, gündəlik fəaliyyətin arxa plana sıxışdırılması hesabına görülmürdü. Çox yayılmış ifadə ilə desəm, istirahət bahasına, yuxusuz gecələr hesabına başa gəlirdi.

“Keçmişlərin” yaradıcılığında əksərən giley-güzar və şikayət motivləri, ən yaxşı halda isə özlərini bütün proseslərin, hadisələrin mərkəzinə qoyduqları, aparıcı simaya çevirdikləri nisgilli xatirələr üstünlük təşkil edir. Başqa bir ümumiləşdirici cəhət də var - “keçmişlər” özlərindən əvvəlkiləri bəyənmirlər, mütləq sələflərinin fəaliyyətini təftiş etməyə, hansısa qüsur və nöqsanlarını üzə çıxarmağa çalışırlar. Biz iki “keçmiş”  isə bilik və potensialımızı  sərf etmək üçün daha faydalı, gərəkli janr seçmişdik. Üstəlik də hər ikimizi Əlimərdan bəyin, “yoxdan bayraq yaradan” böyük şəxsiyyətlərimizin tükənməz yurd və millət sevgisi, titanik zəhmətləri qarşısında minnətdarlıq hissləri birləşdirirdi.

Mənim prosesə qoşulduğum zaman işin əsas hissəsi  görülmüşdü - Həsən müəllim müxtəlif mənbələrdən Ə.Topçubaşovun zəngin irsinin əsas hissəsini toplamışdı. Daha doğrusu, yüzlərlə səhifənin üzünü əli ilə köçürmüşdü. Bura müəllifin məqalələri, çıxışları, diplomatik yazışmaları, məktubları, səfər qeydləri, qələmindən çıxan hüquqi sənədlər və s. daxil idi. Lakin görüləcək işlər də az deyildi. Geniş və çoxçeşidli materialı mövzular üzrə qruplaşdırmaq, xronoloji ardıcıllıqla düzmək, cildlər arasında paylaşdırmaq, dəqiq mənbələrini göstərmək, izah və şərhlər, aydınlaşdırıcı qeydlər yazmaq lazım idi.

Bizdən asılı olmayan başqa bir ciddi çətinlik də vardı. O, daha çox maddi-təşkilati xarakter daşıyırdı. Bütün yuxarıda sadaladığım elmi-texniki işləri görəndən və çoxcildliyi nəşrə hazır vəziyyətə gətirəndən sonra onun çapını kim maliyyələşdirəcəkdi? Təbii ki, belə bir fundamental nəşri sponsor ümidinə buraxmaq olmazdı. Hələ ciddi işə sponsorluq edən tapılacaqdımı?

Amma nagümanlıqlara  baxmayaraq işimizi davam etdirirdik. 2010-cu ilin martından xidmət yerlərimiz dəyişdirildiyindən indi qovluq və fayllar Varşavadan Budapeştə və geriyə göndərilirdi. Artıq ilk iki cildin redaktəsi və zəruri şərhlərin yazılması  başa çatdırılmışdı. İş prosesində cildlərin tərtibi ilə bağlı yeni fikirlər və təkliflər ortaya çıxırdı. Həm həcmin böyüklüyü, həm də tarixi dövrləşdirmənin hüdudları baxımından artıq söhbət üç yox, dörd cildlikdən gedirdi. Üstəlik də, hazırlanan nəşr Əlimərdan bəy Topçubaşovun külliyyatı deyil, sadəcə “Seçilmiş əsərləri” idi. İlkin qaynaqları çox diqqətlə araşdıran Həsən Həsənov təklif etdiyim bəzi materialları da cildlərə salmağa razılıq verdi. Üstəlik, həqiqi alimlərə xas böyüklük göstərib bu faktı tərtibçisi olduğu çoxcildliyə ön sözündə ayrıca vurğulamağı da unutmadı.

Qeyri-müəyyənlik şəraitində, necə deyərlər, “özümüz üçün” işlədiyimiz bir vaxtda çoxcildliyin nəşri ilə bağlı güclü stimul yarandı. 2013-cü il fevralın 25-də  “Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti sərəncam imzaladı. Sərəncamda Xarici İşlər və Təhsil nazirliklərinə digər əlaqədar qurumlarla birlikdə tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılmışdı.

Bu dəfə Həsən Həsənov özünün misilsiz inzibatçılıq və təşkilatçılıq bacarığını işə saldı. Ə.Topçubaşovun əsərlərinin 4 cildlik nəşri Diplomatiya Akademiyasına həvalə olundu. Lazımi maliyyə vəsaiti ayrıldı.

İndi daha arxayın və inamla işləmək olardı. İş həcmini nəzərə alaraq iki nəfərlik kollektivin sayını... iki dəfə artırmaq məqsədəuyğun sayıldı. Mühacirət irsinin mahir tədqiqatçısı, Ə.Topçubaşov şəxsiyyətini və irsini Azərbaycanda ən yaxşı bilənlərdən və tanıdanlardan biri olan Ramiz Abutalıbov  məsləhətçi qismində cəlb olundu. Azərbaycan siyasi mühacirətinin tarixi ilə bağlı çoxsaylı, ən əsası isə naməlum sənəd və materialları çap etdirən moskvalı tarixçi Salavat İshakov tərəddüdlə də olsa, çoxcildliyin üçüncü redaktoru olmaq işini öz üzərinə götürdü. Onun aşkara çıxardığı bir sıra sənədlər, xüsusən də Ə.Topçubaşovun epistolyar irsindən nümunələr  çoxcildliyə daxil edildi.

Bu vaxta qədər şəxsən tanış olmadığım, iş prosesində yalnız elektron poçt və telefon vasitəsi ilə əlaqə saxladığım Salavat Midhətoviç indi az-az təsadüf olunan həqiqi alimlərdəndir. Azərbaycana həqiqi dost münasibəti bəsləməklə bir sırada öz işinin həqiqi vurğunudur. Redaktə prosesində, izah və şərhlərin yazılmasında  necə dəqiqliklə çalışmasını, söz nədir, az qala hər bir hərfin üzərində əsməsini dəfələrlə müşahidə etmişəm. “Rusiya müsəlmanları və inqilab (1917-1918-ci illər” mövzusunda doktorluq dissertasiyası üzərində iş onun Azərbaycanın bir sıra görkəmli ictimai-siyasi xadimlərinin irsini dərindən öyrənməsinə stimul yaradıb. “Aşkara çıxarmaq anı gəlib... Azərbaycan mühacirəti məktublarda, qeydlərdə, teleqramlarda. 1920-1937” adlandırdığı və xeyli sayda yeni sənədlərin toplandığı  sonuncu kitabında (Moskva, 2015) ictimai-siyasi irsimizin öyrənilməsi işinə obyektiv və sədaqətli münasibətini bir daha ortaya qoyub.  Onun sözün yaxşı mənasında “hərf güdməsi” (bilmirəm, rus dilindəki məşhur “bukvoed” kəlməsinin bu şəkildə tərcüməsi mümkündürmü?), üstəlik də Moskvada yaşaması, arxiv işini yaxşı bilməsi cildlərdə zəruri  dəqiqləşdirmələr aparmaq baxımından çox faydalı oldu.

Kiçik və necə deyərlər, hərəsi bir dərədə olan kollektivimiz külliyyat üzərində işi 2014-cü ilin əvvəlində başa çatdırdı. Əsas ağırlıq, təbii ki, ideya müəllifi və təşkilatçının - Həsən Həsənovun üzərinə düşmüşdü. O, cildlərin tərtibçisi, elmi redaktorlarından biri, müqəddimənin və son sözün müəllifi, Əlimərdan bəyin ömür yolu haqdakı geniş oçerkin həmmüəllifi idi. Salavat İshakov və mən nəşrdə elmi redaktor, habelə izah və şərhlərin müəllifi kimi iştirak edirdik. Mən eyni zamanda Həsən müəlliflə birlikdə bioqrafik oçerkin həmmüəllifi idim. İzah və  şərhlərə gəldikdə, bəlkə də Ə.Topçubaşovun əsərləri Azərbaycanda indiyə qədər belə əhatəli elmi aparatla təmin edilmiş yeganə nəşrdir və müəyyən mənada hətta akademik nəşr anlayışına iddialı ola bilər.

Hər cildə əlavə olunan, ümumi həcmi 12 m. v. catan “İzah və şərhlər” bölməsində 2 mindən çox tarixi şəxsiyyət, coğrafi anlayış, ictimai-siyasi cərəyan, hadisə, proses və s. barəsində şərh verilmişdir, müasir oxucu üçün kifayət qədər anlaşıqlı olmayan məqamlara aydınlıq gətirilmişdir. Nəticədə, Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin miqyası, ictimai-siyasi maraq dairəsinin genişliyi, Qafqaz, Rusiya, Osmanlı imperiyası, Qərbi Avropa siyasi liderləri və dövlət xadimləri, bu coğrafiyadakı proseslərlə  əlaqələri üzərinə işıq salınmışdı.

Maraqlıdır ki, həyatının son 16 ilini mühacirətdə yaşamağa məcbur olan Əlimərdan bəyin əsərləri də Vətəndən uzaqlarda - Budapeştdə, Varşavada, Moskvada, qismən də Parisdə (Azərbaycan siyasi mühacirəti ilə bağlı bir sıra araşdırmaların müəllifi olan gürcü əsilli fransız tarixçisi Georgi Mamuliyanın Ə.Topçubaşov irsinin üzə çıxarılmasındakı xidmətləri qeyd edilməlidir)  hazırlanırdı. Amma taleyin qəribə təsadüfünün özündə də bir məntiq və qanunauyğunluq vardı  - hər dörd şəhər azərbaycanlı siyasi xadimin həyatı ilə bu və ya digər dərəcədə bağlı olmuşdu. 1903-cü ildə o, Avropaya səyahəti çərçivəsində Avstriya-Macarıstan imperiyasının ikinci paytaxtı Budapeşti ziyarət etmişdi. 1917-ci ilin mayında Moskvada Rusiya imperiyasındakı türk-müsəlman xalqların gələcək taleyi ilə bağlı mühüm qərarlar verən Ümumrusiya Müsəlmanları qurultayının işinə sədrlik etmişdi. 1920-ci illərdə siyasi fəaliyyətini sovetlərə qarşı mübarizənin mühüm mərkəzlərindən birinə və məşhur Prometey hərəkatının mərkəzinə  çevrilən Varşava ilə əlaqəli şəkildə sürdürürdü. Nəhayət, 1919-cu ilin aprelindən 1934-cü ilin noyabrına - dünyaya gözlərini yumduğu ana  qədər Fransa paytaxtında yaşamış, qələbəsinə  varlığı kimi inandığı Azərbaycan davasını burada son nəfəsinə qədər davam etdirmişdi...

Əlimərdan bəy Topçubaşovun dördcildliyi XX yüzilliyin ilk qərinəsində Azərbaycan ictimai-siyasi fikrinin, mədəni-mənəvi intibahının güzgüsüdür. Həmin dövrdə yaşanan bütün mühüm proseslər, islam ümmətindən türk millətinə çevrilməyimizin bütün ziddiyyət və çətinlikləri, “yoxdan bayraq yaratmağın” yaşantı və həyəcanları bu cildlərdə öz əksini tapıb. Zəngin yaradıcılıq irsinin cildlər üzrə düzülüşü  eyni zamanda tarixi-məntiqi ardıcıllıqla Əlimərdan bəyin görkəmli siyasi xadim və milli hərəkat lideri kimi yetişməsinin, milli-mədəni haqlar uğrunda mübarizə iştirakçısından müstəqil dövlət quruculuğuna qədər keçdiyi mürəkkəb yolun bütün mərhələlərinin inikasına əsaslanır.

1898-1914-cü illəri əhatə edən birinci cild onun jurnalistlik fəaliyyəti, 1898-1918-ci illəri əhatə edən ikinci cild ictimai-siyasi fəaliyyəti, 1918-1920-ci illəri əhatə edən üçüncü cild dövlətçilik fəaliyyəti, 1920-1934-cü illəri əhatə edən sonuncu, dördüncü cild isə mühacirət dövrü fəaliyyəti ilə bağlı əsərləri əsasında tərtib olunub. Əlbəttə, bölgü əslində şərti xarakter daşıyır və  dövrlər arasında heç vəchlə Çin səddi çəkməyə  lüzum yoxdur. Çünki Əlimərdan bəyin publisist irsi başdan-başa ictimai-siyasi məzmunludur. Yaxud o, mühacirət illərində də ilk növbədə ictimai-siyasi məsələlərlə məşğul olmuşdu. Yaxud daha çox milli dövlət quruculuğu ilə səciyyələnən 1918-1920-ci illərə qədər də Ə.Topçubaşov istər Rusiya Dövlət Dumasında və onun Müsəlman fraksiyasının bürosunda, istərsə də Bakı şəhər dumasında dövlətçiliklə, dövlət idarəçiliyi aparatının və formasının təkmilləşdirilməsi ilə bağlı bir sıra diqqətəlayiq ideyalar irəli sürmüşdü. 

Amma bununla belə hər cilddə Əlimərdan bəy fərqli  ipostasda, fərqli  simada daha aydın görünür. Birinci cilddə toplanan materiallar onu ilk növbədə mahir qəzetçi və ehtiraslı publisist kimi təqdim edir. Ə.Topçubaşov XIX əsrin son rübündə Bakının ən nüfuzlu mətbu orqanı olan “Kaspi”nin baş redaktoru vəzifəsinin icrasına 1898-ci ilin yayında, 133-cü saydan başlamışdı. Həmin dövrə qədər qəzet daha çox rus-erməni burjuaziyasının maraqlarına xidmət  edirdi. Xeyirsevər zəngin H.Z.Tağıyev onu redaksiyasi ilə birlikdə 57 min qızıl rus rubluna alıb Azərbaycan ziyalılarının sərəncamına verəndən sonra qısa müddətdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Ağayev və digər usta qələm sahibləri, milli ruhlu ictimai-siyasi xadimlərin səyi ilə qəzetin istiqaməti tamam dəyişmiş, o ictimai fikirdə daha çox “müsəlman Kaspisi” kimi tanınmağa başlamışdı.

“Kaspi”nin baş redaktoru olduğu 1898-1906-cı illərdə Əlimərdan bəyin nəşrin səhifələrində 120-dən çox məqaləsi dərc edilmişdi. Dövrün demək olar ki, bütün aktual, ən başlıcası isə milli maraqlar baxımından mühüm məsələləri həmin yazılarda öz əksini tapmışdı. Məqalələr mövzu baxımından rəngarəng idi. Aparıcı xətti isə təbii ki, maarifçilik, ictimai fəallığa çağırış təşkil edirdi. Təhsil, səhiyyə, xeyriyyəçilik, yerli özünüidarə, şəhər həyatının müxtəlif aspektləri, köklü əhalinin - ənənəvi şəkildə müsəlman, yaxud tatar adlandırılan Azərbaycan türklərinin haqq və hüquqlarının qorunması ön plana çəkilmişdi.  Nisbi azadlıqlar təmin edən 17 okryabr 1905-ci il manifestindən sonra redaktor və aparıcı müəllif kimi Ə.Topçubaşov xüsusi ilə  fəal və qorxmaz mövqe tuturdu. Əminliklə demək olar ki, qəzetin prinsipial və cəsarətli mövqeyi sayəsində azərbaycanlılar get-gedə daha artıq  dərəcədə özlərini Bakının və onun sərvətlərinin həqiqi sahibi saymağa başlamışdılar. Bu isə milli şüurun, vətən və vətəndaşlıq duyğusunun tərbiyəsində  heç də axırıncı rol oynamamışdı. Əslində müstəqil milli dövlətə - Azərbaycan Cümhuriyyətinə gedən yol elə buradan başlanmışdı.

“Seçilmiş əsərlər”in ikinci cildi Ə.Topçubaşovun həyatının son dərəcə dinamik və hərəkətli bir dövrünü əhatə edir. XIX əsrin sonundan 1918-ci ilə qədər sürən həmin dövrdə o, adi hüquqşünasdan Rusiya  müsəlmanlarının liderinə,müstəqil milli dövlətin “bani atalarından” birinə çevrilir. Bakı Dumasının və Rusiyanın ilk qanunverici orqanının - I Dövlət Dumasının üzvü olur, məşhur Vıborq bəyannaməsini imzalayır, siyasi baxışlarına görə həbsə düşür, türk-müsəlman qurultaylarının təşkilində yaxından iştirak edir, ümumrusiya müsəlman siyasi partiyası “İttihadi-müslim”in rəhbərliyinə seçilir,  Dumanın Müsəlman fraksiyasının Bürosunda çalışır, 1917-ci il may qurultayında və Müvəqqəti hökumətin çağırdığı dövlət müşavirəsində müsəlman xalqların əsas tələblərini səsləndirir, Volqaboyu və Sibir türklərinin məskunlaşdıqları ucsuz-bucaqsız əraziləri gəzir, dövrünün onlarla görkəmli ictimai-siyasi xadimi ilə məktublaşır, insanları yeni həyat uğrunda mübarizəyə hazırlayır. Və bütün bu böyük işlər ürəkdən gəlib ürəklərə yol tapan söz vasitəsi ilə həyata keçirilir.

Cildə daxil edilən materialların əksəriyyəti Topçubaşov şəxsiyyətinin həqiqi miqyasını,  fəaliyyətinin hüdudsuz  üfüqlərini göstərməklə bir sırada həm də yeniliyi, elmi dövriyyəyə ilk dəfə daxil edilməsi ilə seçilir. Onların mühüm bir qisminin, xüsusən də Bakı Dumasının stenoqrafik hesabatlarının oxunası hala gətirilməsi üçün tərtibçinin nə qədər əziyyət çəkdiyinin şahidiyəm...

Üçüncü cilddə Azərbaycan Cümhuriyyəti hökumətinin səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun İstanbul və Parisdə təmsil etdiyi dövlətin siyasi müstəqilliyini tanıtmaq uğrunda qeyri-bərabər mübarizəsinə işıq salan sənəd və materiallar toplanıb. Bura onun qələmindən çıxan görüş və söhbət yazıları, rəhbərlik etdiyi nümayəndə heyətinin Versal Sülh konfransından hökumətə hesabatları, ölkəmizi tanıtmaq məqsədi ilə qələmə alınan təbliğati xarakterli yazılar, rəsmi və qeyri-rəsmi məktublar, müraciətlər daxildir. Təqdim edilən sənədlərin  çoxu həm də özünəməxsus idarəçilik məktəbidir. Dövrünün görkəmli hüquqşünası  Əlimərdan bəy İstanbuldan və Parisdən öz əqidə dostlarına yalnız Azərbaycana bəslənən yad, ögey münasibət barəsində məlumat vermirdi. Həm də təklənməmək üçün, dünya birliyində layiqli yer tutmaq üçün hansı addımların atılmasının zəruriliyi ilə bağlı fikir və düşüncələrini bölüşürdü.

Nəhayət, sonuncu - dördüncü cilddə Ə. Topçubaşovun həyatının mühacirət dövrünə aid epistolyar irsi və publisist yaradıcılığı özünə yer alıb. Bu əsərlər içərisində onun qəlbən yaxın bildiyi Ceyhun bəy Hacıbəyliyə, milli istiqlal ideyasının banisi Məmməd Əmin Rəsulzadəyə  məktublarını və rusdilli Azərbaycan esseistikasının ən yaxşı nümunələrindən biri, qayınatası və əməl dostu Həsən bəy Zərdabiyə həsr olunan “Azərbaycanın yol göstərəni” (rusca orijinalı “Mayak Azerbaydjana” - mənim tərcüməmdə orijinal mətnlə birlikdə 2011-ci ildə Bakı Slavyan Universiteti nəşriyyatında ayrıca kitab  şəklində də nəşr edilib) oçerkini xüsusi fərqləndirmək lazımdır. Daim maddi ehtiyac içərisində yaşamasına, xəstəliyinə, şəxsi faciələrinə (müalicəsinə pul tapmadığı oğlu Rəşidi 26 yaşında itirmişdi) baxmayaraq Əlimərdan bəy həyatının sonuna qədər Azərbaycan davasını fikirləri, sözü və qələmi ilə sürdürmüşdü. Və bu davanı ideoloji qələbə ilə başa çatdırmışdı - ölümündən bir neçə ay əvvəl, 1934-cü il avqustun 1-də Brüsseldə  müəlliflərindən biri olduğu, günümüzdə də  siyasi aktuallığını itirməyən Qafqaz konfederasiyası paktı imzalanmışdı...

Ə.Topçubaşovun əsərlərinin dörd- cildliyi təbii ki, onun zəngin irsini tam əhatə etmir. 1918-ci ilin mart qırğını və bir neçə aylıq bolşevik diktaturası zamanı Əlimərdan bəyin təkcə həyatı yox, tarixi-siyasi irsi üçün də ciddi təhlükə yaranmış, çoxsaylı əsərləri (özünün etiraf etdiyi kimi, əlyazmaları ilə dolu iki sandıq) həmişəlik itirilmişdi. Parisdəki  zəngin şəxsi arxivi indiyə qədər azərbaycanlı tədqiqatçıların üzünə açıq deyil. Nəhayət, Bakı, Tbilisi, Moskva, Peterburq, Paris arxivlərində axtarışların davamı da az şey vəd etmir...

Amma etiraf edək ki, mövcud çətinliklərə baxmayaraq Əlimərdan bəy Topçubaşovun dörd cildlik “Seçilmiş əsərlər”in ideya müəllifi və tərtibçisi Həsən Həsənov bir nəfərin görə biləcəyindən də qat-qat artıq işin öhdəsindən gəlib.  Şəxsi nümunəsi və fədakarlığı ilə ruhlandırdığı kiçik kollektivi səfərbər etməyi, indiki ciddi və mühüm nəşri ortaya qoymağı bacarıb.

İki ildən sonra biz XX yüzillikdəki cağdaş milli dövlətimizin - varisi olduğumuz, himninə, bayrağına və gerbinə sahib çıxdığımız Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik. Həmin ərəfədə Cümhuriyyət qurucularından birinin mədəni-mənəvi və ideoloji əhəmiyyətini itirməyən irsinin  nəşri qədirşünaslıq aktı kimi xüsusən diqqətəlayiqdir -  müasir dövlətçiliyimizin hansı bünövrə üzərində ucaldığını heç zaman unutmamalıyıq.

May, 2016, Budapeşt

 





30.05.2016    çap et  çap et