525.Az

Argentinada Respublika Günü münasibətilə rəsmi qəbul


 

Argentinada Respublika Günü münasibətilə rəsmi qəbul <b style="color:red"></b>

Mayın 27-də Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən Respublika Günü ilə bağlı rəsmi qəbul təşkil edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Argentina hökumətinin, parlamentinin, ölkədə akkreditə olunan diplomatik korpusun, elmi-akademik-analitik və işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin və Argentina ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçılar arasında Argentina hökuməti adından əsas qonaqlar qismində müdafiə nazirinin strateji və hərbi məsələlər üzrə müavini Anxel Pablo Telyo, Xarici İşlər və Etiqad Nazirliyinin xarici siyasət üzrə dövlət katibinin müavini Qustavo Rodolfo Zlauvinen, Argentina Parlamentindən yüksək vəzifəli şəxs kimi isə Deputatlar Palatasının ikinci vitse-prezidenti Patrisia Ximenez, habelə çoxsaylı parlament üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Rəşad Aslanov 1918-ci ildə elan edilən və 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman aləmində ilk demokratik dövlət olduğunu vurğulayıb. 1991-ci ildə müstəqilliyin bərpasından sonra Azərbaycanın üzləşdiyi problemlərdən danışan Rəşad Aslanov bildirib ki, beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib.

Ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanılması uğrunda əvəzsiz xidmətləri, onun gələcəyə hesablanmış inkişaf strategiyası barədə məlumat verən müvəqqəti işlər vəkili Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə əldə etdiyi iqtisadi və siyasi uğurlardan, Azərbaycanın artan geosiyasi önəmi və regional proseslərdə oynadığı mühüm roldan, ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolundan, dövlətçiliyimizin daha da gücləndirilməsi üçün atılan addımlardan danışıb.

R.Aslanov Azərbaycanda müxtəlif dinlərə etiqad edən və mədəniyyətlərə mənsub olan insanların birgə yaşadığını, tolerantlıq ənənələrinin mövcud olduğunu vurğulayaraq, dövlətimizin başçısı tərəfindən bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunduğunu qeyd edib.

Həmçinin ölkəmizin zəngin turizm potensialına malik olduğu bildirən müvəqqəti işlər vəkili 2016-ci ildə Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbirləri barədə danışıb.

Azərbaycan-Argentina əlaqələrinə toxunan R.Aslanov ölkələrimiz arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıqdan və əlaqələrin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Tədbir zamanı Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı və turizm imkanları barədə, həmçinin bu il ölkəmizdə keçiriləcək "Formula 1" yarışı və Şahmat Olimpiadası ilə bağlı videoçarxlar nümayiş etdirilib, ziyafət zamanı qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.a

 





30.05.2016    çap et  çap et