525.Az

Əfran İsmayılov: "Heç kimi qınamıram"


 

Əfran İsmayılov: "Heç kimi qınamıram"<b style="color:red"></b>

Milli komandamızın futbolçusu Əfran İsmayılov Makedoniya ilə yoldaşlıq oyunundan (1:3) sonra Qol.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Makedoniyaya yenə qalib gələ bilmədik...

- Oyun gərgin keçdi. Yoldaşlıq görüşü olmasına baxmayaraq, çətin olacağını bilirdik. Matça çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, bu rəqiblə keçirdiyimiz 5 qarşılaşmanın 4-də məğlub olmuşuq, 1-də isə heç-heçə etmişdik. Bu üzdən qələbə qazanmağı çox istəyirdik. Gördüyünüz kimi, iki fərqli hissə oldu.
 
- Dediyin kimi iki fərqli hissə izlədik. Fasilədə baş məşqçi sizə nə dedi ki, ikinci hissədə daha yaxşı oynadınız?

- Birinci hissədəki çıxışımızla ikinci hissədəki oyunumuz arasında böyük fərq var idi. İlk hissədə hamımız “yatmışdıq”. Özümüz onlara imkan yaratdıq, nəticədə 2 qol vurdular. İkinci hissədə toparlandıq. Fasilədə baş məşqçimiz Robert Prosineçki paltardəyişmə otağında nə cür oynamaq lazım olduğunu bildirdi. Biz də meydana çıxıb tam fərqli oyun ortaya qoyduq. İstəyimizə çatmağa az qalmışdı. Daim hücumda olsaq da, şanslardan istifadə edə bilmədik. Amma son dəqiqədə onlar daha bir qol vurub qalib gəldilər. Futbolda belə hallar olur.
 
- Hakim penalti təyin etdikdən sonra Dmitri Nazarov zərbəni vurmaq üçün topu götürdü, ancaq sonra zərbəni sən yerinə yetirdin. Millidə bu öhdəlik kimin üzərindədir?

- Penaltini mən vurmalı idim. Penaltini ilk mən, sonra Nazarov vurur. Mən də həmin anda dedim ki, kimin vurmasının fərqi yoxdur. Amma baş məşqçi kənardan bildirdi ki, zərbəni sən vur. Mən də topun arxasına keçdim.
 
- Makedonların vurduğu 3-cü qol epizodunda sənin də səhviniz oldu. Orda nə baş verdi?

- Həmin epizodda Maksim Medvedevlə anlaşmazlıq oldu. Mən Maksimdən ötürmə gözlədim. Amma o, bunu etmədi. Artıq çox saxladıqdan sonra ötürmə verdi, onda da bunu gözləmirdim. Onlar da bundan yararlanıb fərqləndilər. Buna görə heç kimi qınamıram. Çünki hamımız həmin vaxt hücuma atılmışdıq. Hər bir futbolçu qol vurmaq istəyirdi. Çünki hesabı bərabərləşdirməyə çalışırdıq. Futbolda belə şeylər də olur. Biz hücumda olsaq da, qol vura bilmədik, ancaq rəqib son dəqiqədə fərqləndi.
 
- "DÇ-2018"in seçmə qrup mərhələsindəki rəqiblərimizdən Şimali İrlandiya, Norveç və Çexiya menecerləri matçı izləməyə gəlmişdilər. Ola bilərmi ki, onları aldatmaq üçün fərqli taktika qurmuşdunuz?

- Doğrudur, yoxlama görüşüdür. Amma biz öz futbolumuzu göstərməyə çalışdıq. Əlbəttə ki, yoxlama matçlarında hər kəs sınaqdan keçir. Belə oyunların nəticəsinin böyük önəmi olmasa da, futbolçuların bir-birini başa düşməsi baxımından çox vacibdir. İstəyimiz o idi ki, verilən tapşırığa meydanda əməl edək. Bundan sonra bizi Kanada ilə daha ağır oyun gözləyir. Bu görüşə daha ciddi hazırlaşmalı və çıxıb qələbə qazanmalıyıq.

 





30.05.2016    çap et  çap et