525.Az

“Bir misranın yuxusu” “Daş yuxular”a çevrildi


 

“Bir misranın yuxusu” “Daş yuxular”a çevrildi<b style="color:red"></b>

Rzayeva Təranə Əli qızı
189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

9-cu sinif Azərbaycan ədəbiyyatına dair tədris proqramında görkəmli simalar və onların ən gözəl, oxunaqlı və tərbiyəvi xarakterdə olan əsərləri tədris olunur. C.Cabbarlı (“Ana”),

Səməd Vurğun (“Mən tələsmirəm”), A.İldırım (“Əsir Azərbaycan”), Ə.Cavad (“Göy Göl”), H.Cavid (“Ana”), M.Müşfiq (“Yenə o bağ olaydı”) M.İbrahimov (“Gələcək gün”) B.Vahabzadə, və Xəlil Rzanın dil mövzusunda şeirləri, M.Araz yaradıcılığı şagirdlərdə yüksək estetik zövq tərbiyə etməklə yanaşı, onlara vətənpərvərlik ruhu da aşılayır.

Bu kimi yazarlarla yanaşı artıq neçə illərdir ki, Əkrəm Əylislinin həyat və yaradıcılığı və onun “Ürək yaman şeydir...” hekayəsi də tədris edilir. Bu illər ərzində nə dərslik, nə də  proqram materialında  dəyişiklik edilmədiyindən hər il bu mövzu keçilir və əsər “Əxlaqi keyfiyyətlərin qorunması ideyasının bədii inikas özünəməxsusluğu” adı altında geniş təhlil edilir. 9-cular ədəbiyyatı həvəslə, məmnuniyyətlə qiraət edir, təhlildə sərbəst, maraqlı, orijinal fikirlər söyləyirlər.

Bədii ədəbiyyat həyatı nə qədər obrazlı şəkildə, bədii əks etdirsə də həyat həqiqətləri ilə hər zaman bağlı olub. Yazıçı, şair, drammaturq – bir sözlə – qələm sahibi, yazar real həyatın səciyyəvi mənzərələrini əks etdirir ki, bunun da mərkəzində canlı insan, onun taleyi, həyatı durur. Beləliklə, bədii əsərdə canlı insan surətləri yaradılır.

“Ürək yaman şeydir...” hekayəsində də insan surətləri var. Lakin inanmıram ki, bu hekayə bu gün oxuna. “Ürək yaman şeydir...” Ona hökm yoxdur. 9-cu sinif şagirdinə, yeniyetməyə, ailəsində Qarabağ acısı, qaçqınlıq, köçkünlük həyatı yaşamış gənci necə vadar edək bu hekayəni oxumağa?... o buna da bir “yuxu” kimi baxacaq və yalanla, xəyanətlə dolu yuxunu “görmək” istəməyəcək. Hekayədəki doğma yurd üçün burnunun ucu göynəyən, kəndinin hər ağacına, koluna, hətta pişpişəyə də  salam göndərən Əjdər də, satqınlığın nə olduğunu bilməyən saf  Sərvər də “...hər dərsdə igidlikdən cəsarətdən və hər cür düşmənə qarşı həmişə ayıq-sayıq olmaqdan danışan” Buzbulaq kənd məktəbinin direktoru Zinyər Şəkərək qızı da yuxuya çevrildi. Uşaqlar onların ürəyindən xəbər tutmayacaqlar. Çünki bunu da “yuxu” hesab edəcəklər. Onlar inanmayacaqlar nə surətlərin, nə də müəllifin səmimiliyinə. Onun (Ə.Əylisli) yaratdıqları yuxuya çevrildi bir anda. Mənasız, cəfəng, boş olduğu qədər də dəhşətli, amansız yuxuya. Bu günün vətənpərvər gənci, dəliqanlısı “Daş yuxu”dan sonra daha heç nəyə inanmır. Həyat həqiqətini bu qədər danan, millətə xəyanət edən, xalqa xain çıxan, onun mənliyini, heysiyyətini tapdayan, əzən kəsə yalnız nifrət var. Həqiqəti görməyən, onu danan kordur. Həqiqəti yazdığını iddia edən müəllif Bağanis Ayrın faciəsini, Xocalı soyqırımını, Daşaltı acısını, vertolyot qəzasını, illər boyu törədilmiş qanlı terror aktlarını, soydaşlarımızın əzəli dədə-baba yurdlarından didərgin salınmasını, dinc əhaliyə tutulan divanı, cəsədlərin təhqir edilməsini...... necə unuda bilər?! Bəs bunlar həqiqət deyilmi?!

“Mən – 40 ilin yazanı – əlimə qələm alandan bəri həmişə bir qara küləyin barəsində nəsə yazmağa can atmışam” – deyirdin. Yazdın. Və bütün yazdıqlarını qara yelə verdin. Sanki yoxmuş. Nə belə yazar, nə belə yazılar olubmuş. “Daş yuxular” imiş hamısı....

Haçansa, tez-tez yuxu görürdü, işıqlı yuxular. Bu yuxularda Əylis vardı, Buzluluq vardı.... Hətta “Bir misranın yuxusu”nu da  görmüşdü. Bu qədər işıqlı, nurlu, uşaqtək təmiz, səmimi yuxulardan sonra gördüyün “Daş yuxular” nə imiş?!....                            

Çox qəribədir. Bir vaxtlar yazırdı ki, “Mənə elə gəlir ki, gördüyüm saysız-hesabsız rəngləri yavaş-yavaş, yaşaya-yaşaya itirmişəm. ....dağlar üzümə əvvəlikitək gülümsəmir..... Dünyada haçansa mənim işıqlı dağlarım vardı.... ürəyim işıqsızlayanda o işığı axtarıram”.Düzdür, itirmisən. Fəxri adlarını, mükafatlarını, yazdıqlarını.... bunlar nədir ki? Dəhşətlisi odur ki, sən öz simanı itirmisən, özünə xəyanət etmisən, özünü itirmisən. Çox axtaracaqsan...., tapmayacaqsan.

Yuxunun ömrü deyirlər oyanana qədərdir. Oyanacaqsan. Bəlkə də oyanmısan. Amma artıq gecdir. Yuxu səni yersiz daşa çevirdi. Xalqın da ürəyini sənə qarşı daşa çevirdi. Axı “Ürək yaman şeydir...”. Bağışlamır. Ona xəyanət edəni bağışlamır. Xəyanətin miqyası ölçüyəgəlməzdir. Xalqa, millətə, əqidəyə, məsləkə xəyanət edilib. Bu, bağışlanmaz. “Daş yuxular”a, onun müəllifinə bəraət yoxdur. “Yuxu” yuxuluğunda qalır.

Biz – Səbail rayonu Milli Qəhrəman Eldar Məmmədov adına 189 №-li məktəbin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsi əlaqədar təşkilatların diqqətini hazırkı 9-cu sinif ədəbiyyat dərsliyinə və proqram materialına cəlb edib üzdəniraq yazarın və onun hekayəsinin proqramdan və dərslikdən çıxarılması təklifini irəli sürürük.

 





19.02.2013    çap et  çap et