525.Az

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək


 

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək<b style="color:red"></b> Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-dən 4-dək III Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.

525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, festivalın açılış mərasimi Nizami Kino Mərkəzində olacaq.
 
Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.
 
Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar.
                                
Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Münsiflər heyətinə jurnalist Azər Qərib rəhbərlik edir.

Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.

Cavid QƏDİR
 





31.05.2016    çap et  çap et