525.Az

Azərbaycan Tələbələr Birliyi “27 fevral - boykot günü” kampaniyasına etiraz edir


 

Azərbaycan Tələbələr Birliyi “27 fevral - boykot günü” kampaniyasına etiraz edir<b style="color:red"></b>

 Azərbaycan Tələbələr Birliyi “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası ilə bağlı etiraz bəyanatı yayıb.

Azərbaycan Tələbələr Birliyindən APA-ya verilən xəbərə görə, bəyanatda birliyin üzvləri son günlər sosial şəbəkələrdə aparılan “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası çərçivəsində tələbələrə bir gün dərslərdə iştirak etməmək üçün edilən çağırışlardan məyus olduqlarını qeyd edir və bunu ölkə tələbələrinin akademik və sosial həyatlarında olan inkişafa ən böyük təhlükə sayırlar:

“Aydın şəkildə görünür ki, bu kampaniya bir qrup insanın tələbələri də öz siyasi məqsədlərinin reallaşması üçün alət kimi istifadə etməyə yönəlib. Çünki kampaniyanın təşkilatçıları öz ətraflarına kütləni yığmaq iqtidarında olmadıqları üçün öz havadarları tərəfindən tənqidlərlə üzləşir. Maliyyə vəsaitlərinin azalmaması üçün məcburiyyət qarşısında qalan belə qruplar cəmiyyətin müxtəlif təbəqələrini fərqli yollarla öz ətraflarında təqdim etmək istəyirlər. Əgər hər hansı təhsil problemindən söhbət gedirsə, buna Azərbaycan Tələbələr Birliyinin tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyində təmsil olunan 35 ölkədən 47 milli tələbələr birliyinin təcrübəsini misal çəkə bilərik. Belə ki, Avropanın hər hansı ali məktəbində problem varsa, tələbələr öz ictimai təşkilatlarında birləşib, onları doğuran səbəbləri meydana çıxarır, problemlərin həlli üçün xarici təcrübəni öyrənir, daha sonra öz təkliflərini ali təhsil müəssisələrinin rəhbərliyinə, aidiyyəti dövlət qurumlarına təqdim edirlər. Onlar da öz növbəsində həmin problemin həlli üçün real işlər görürlər. Hər hansı Avropa ölkəsində dərslərdə tələbələrin iştirak etməməsi ilə problemlərin həlli təcrübəsinə rastlaşılmayıb.  Məhz bu baxımdan Azərbaycanda tələbələri 27 fevralda dərslərdə iştirak etməməyə çağırmaq kimi kampaniyanın təşkili təhsil problemlərinin həllinə deyil, digər məqsədlərə xidmət edən kampaniyanın tərkib hissəsidir. Azərbaycan Tələbələr Birliyi olaraq əminik ki, tələbələrimiz 27 fevral tarixində təhsil aldıqları ali məktəblərə gələcək və dərslərdə iştirak etməklə bir qrup insanın çirkin məqsədlərinin həyata keçməsinə imkan verməyəcək”.

 





19.02.2013    çap et  çap et