525.Az

"Azərbaycanda şiə və sünni ixtilafı yoxdur"- (Müsahibə)


 

"Azərbaycanda şiə və sünni ixtilafı yoxdur"- <b style="color:red">(Müsahibə)</b>

Yeniufuq.az saytının “Bizim Qonaq” adlı yeni layihəsində ilk qonağımız qardaş Türkiyənin Azərbaycandakı Səfirliyinin Din Xidmətləri müşaviri hörmətli, dr. Sadiq Erarslan’dır. Yaxından tanıdığımız, Azərbaycan-Türkiyə dini mühitinin birlik və bərabərliyi yolunda ləyaqətli mücadilə verən dəyərli müşavirimiz dr. Sadiq Erarslan “yeniufuq.az”ın əməkdaşına ölkəmizlə bağlı öz səmimi  düşüncələrini bölüşüb.

İlk öncə son illərdə Türkiyə-Azərbaycan mənəvi münasibətlərinin möhkəmlənməsində ayrıca fədakar əməyi olan hörmətli müşavirimizin qısa tərcümeyi-halını diqqətinizə çatdırırıq:

Hörmətli dr. Sadiq ERASLAN Diyanet İşləri Başqanlığında vəzifədə olduğu zaman 1980`də Marmara İlahiyat Fakultəsi (İstanbul Yüksək İslam Enstitüsü) ndən məzun olub.

1980-83 arası İstanbul Haseki Müfti Vaizler İhtisas Kursunu oxuyub.

1983`də İstanbul Müftülük müfəttişi vəzifəsiniyerinə yetirərkən, Din İşleri Yüksək Kurulu Uzmanlığına təyin olunub.

1984-85 Təhsil ili Ankara Dövlət Məmurları Lisan Məktəbini (ingiliscə) bitirib.

1987`də Ankara Üniversiteti İlahiyyat Fakultəsi`nə bağlı olarak “Osmanlı Kurumlar Tarihi” sahəsində magistr çalışmasını tamamlayıb.

1990-94 tarixlərində Avstraliya-Sidney Başkonsolosluğu`nda Din Xidmətləri Ataşeliği vəzifəsində çalışıb.

1997`də Ankara İlahiyyat Fakultəsinə bağlı olaraq “Klassik İslam Tarixi” sahəsində doktorantura çalışmasını bitirib.

2001`də Din İşləri Yüksək Kurulu`na seçilib.

2010 il Oktyabr  ayından etibarən Bakı Din Xidmətləri Müşaviri vəzifəsində çalışmaqdadır.

Oxuduğu Xarici dillər: Ərəbcə və ingiliscə.

3 kitab və dəyişikmövzularda yazı və məqalələri yayımlanıb.

Ümumi olaraq 37 ilin məmurudur.

Evlidir, 3 övlad atasıdır.

-    Dəyərli müşavirimiz, saytımıza müsahibə verməyə razı olduğunuza görə sizə təşəkkür edirik. İlk sualımız isə bundan ibarətdir: Azərbaycanın dini mühitini necə dəyərləndirərdiniz?

Təşəkkür edirəm. Mənim qardaş Azərbaycana gəlişimdən iki il keçib. Bu iki il boyunca ölkənin dini mühitində xeyli irəliləyişlərin olmasının şahidi oldum. Bildiyimə görə bir zamanlar Azərbaycanda çox az sayda məscidlər vardı. Ancaq, bu gün Bakıda onlarla məscidlər inşa edilib. Hələ 90-cı illərin əvvəlində Türkiyə Cümhuriyyəti tərəfindən Azərbaycandakı müsəlman qardaşlarımıza rahat ibadət etmək üçün hədiyyə olaraq məscidlər tikilib. Beləki, Bakıda “Şəhidlər”, “İlahiyyat”, “Qaraçuxur” məscidi adları ilə tanınan ibadət ocaqları Türkiyə Cümhuriyyəti tərəfindən qardaş Azərbaycanımızın dindarlarına hədiyyə edilmişdir. Açıq söyləmək istəyirəmki, vəzifədə olduğum bu iki il boyunca Azərbaycanın mənəvi mühitində dini mədəniyyətin xeyli yüksəlişinin şahidi olmaqdayam. Beləki, hər cümə günlərində məscidlərdə inanclı təbəqənin artdığını xüsusilə qeyd etmək istəyirəm. Xüsusilə, məscidlərdə insanlarla səmimi söhbətlərimdə gənclər arasında mənəvi durulmanın daha çox şahidi olduqda sevinirəm. Getdikcə dini, mədəni şüurun artdığını, etiqad və əməli fəaliyyətin elmə dayandığını görməkdəyəm. Bu da ondan irəli gəlir ki, Azərbaycanda dini ədəbiyyat arzu edən hər kəsin açıq bələdçisidir. Mən artıq hiss edirəmki, Azərbaycan dindarları dini ibadətləri ilə bağlı suallarını çox rahat şəkildə anlayaraq həyata keçirirlər. Bir daha yenidən təkrar etmək istəyirəmki, bu da ölkənizdə dini-elmi məlumatların çoxluğundan irəli gəlir.

-   Hörmətli müşavirimiz, bildiyimiz kimi son aylar Azərbaycan Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi’nin rəhbərliyi ilə Türkiyənin Diyanət İşləri Başqanlığı arasında mehriban qardaşlıq münasibətlərinin, eləcə də hər iki ölkənin dini rəhbərliyinin mühüm görüşlərinin keçirilməsinin şahidi olduq. Bu əlamətdar görüşlər sizin müşavirliyiniz dönəmində daha da artan xətt üzrə yüksəldi. Bu görüşlərlə bağlı fikirlərinizi bildirməniz maraqlı olardı.

Bəli, bildirmək istəyirəm ki, mən, 2011-ci ildən bu vəzifəyə təyin olunduqda Türkiyənin Diyanət İşləri Başqanlığının rəhbərliyi də dəyişldi. Düzdür, bu iki il boyunca istər dini komitənin rəhbərliyi, istərsə də hörmətli Şeyxülislam həzrətləri ilə Diyanət Başqanımız hörmətli prof. Dr. Mehmet Görmezcənablarının qarşılıqlı səfərləri nəticəsində mühüm görüşləri keçirildi. Bu müddətdə QMİ’nin sədri dəyərli Şeyximizin özəl bir heyətlə Diyanət Başqanını təbrik üçün Türkiyəyə getməsi daha çox yadda qaldı. Ən üst səviyyədə qarşılanan Şeyximizin Ankarada T.C. Milli Məclisin sədri ilə hörmətli baş nazirimiz və prezidentimiz Abdullah Gül cənabları tərəfindən qəbul edilməsinin şahidi olduq. Ən əsası isə Diyanət İşləri Başqanlığı ilə QMİ rəhbərliyi arasında “xoş niyyət” protokolu imzalandı. Bu protokolun ən önəmli maddələrindən biri də Türkiyənin və qardaş Azərbaycanın dini qurumlarının bir-birilə qarşılıqlı münasibətlərdə fəaliyyət göstərmələrindən ibarətdir. Onu da bildirmək istəyirəm ki, dəyərli Şeyximizin Türkiyə səfərindən  az bir müddət sonra Diyanət İşləri Başqanı dəyərli Mehmet Görmez cənabları da ən yüksək şəraitdə Bakıda qəbul edildi. Belə ki, hörmətli başqanımızı Şeyx həzrətləri, DQİDK-nin sədri hörməti Elşad İsgəndərov cənabları və Azərbaycanın prezidenti cənab İlham Əliyev qəbul etmişdir. Bu səfər nəticəsində başqanımız Şəki, Zaqatala bölgəsini də ziyarət edərək oradakı dini camiyə ilə görüşlər keçirmişdir. Onu da qeyd etmək istəyirəm ki, dini işlər idarəmizin dəvəti ilə  DQİDK 7 nəfərlik heyəti də Türkiyəyə qonaq qismində dəvət olunmuşdur. Yanvar ayında DQİDK sədri Elşad İsgəndərovun  dəvəti ilə başqanımızın Bakıda keçirilən beynəlxalq “Din və dövlət” formuna dəvət olunması bir daha Azərbaycan-Türkiyə dini mühitinə uğur gətirdi.  Onu da nəzərinizə çatdıqmaq istəyirəm ki, hər iki qardaş ölkənin dini idarələri arasında qarşılıqlı münasibətlər ilə bağlı saziş imzalandı. Digər sevindirici bir hadisə isə qardaşlığın nümunəsi olaraq Türkiyə adına böyük bir məscidin Bakıda inşa edilməsi üçün cənab prezident İlham Əliyev tərəfindən sərəncamın verməsidir. İnanıram ki, yeni inşa olunacaq məscid xeyirlərə vəsilə olacaqdır.

-    Hörmətli müşavirimiz, məscidlərdən söz düşmüşkən “Şəhidlər” məscidi ilə bağlı mövcud vəziyyət nə yerdədir?

Bilirsiniz ki, Azərbaycanda qardaş Türkiyə tərəfindən yerlərdə məscidlər inşa edilmişdir. Bakıda Şəhidlər Xiyabanında inşa edilən “Şəhidlər” məscidi də bu ibadət ocaqlarından biridir. Bu məscid də Türkiyə tərəfindən Azərbaycan müsəlmanlarına hədiyyə olunmuşdur. Bildirmək istəyirəm ki, 2010-cu ilə qədər bu məscidlərə axundlar Türkiyə Diyanəti tərəfindən təyin olunurdu. İndi isə onların təyinatı dayandırılıb. Bu təyinatlar Azərbaycan tərəfinə məxsusdur. Ona görə də, “Şəhidlər” məscidinin bağlanıb və ya açılması Azərbaycan dövlətinə aid olan bir məsələdir. Bu məsələlərə müdaxilə etmək hüququmuz yoxdur.

-  Ölkəmizin inanclı təbəqəsi ilə sıx və mütəmadi əlaqədə olan bir şəxs olaraq, ölkəmizdə məzhəblərarası münasibəti necə qiymətləndirirsiniz?

Mən bura təyin olunmadan öncə aldığım bilgilərə görə Azərbaycanın dini mühitinin şiə ağırlığı ilə qəbul olunduğunu söyləmişdilər. Sizə bir açıq faktı söyləmək istəyirəm, mən bu iki il boyunca Azərbaycanda şiə və sünni birliyinin bir vücud kimi olduğunu gördüm. Buna çox sevindim və şükür etdim. Bir mənalı olaraq Azərbaycanda şiə və sünni ixtilafı yoxdur. Sevinirəm ki, Azərbaycanda məscidlərdə birlik və bərabərlik içərisində hər iki məzhəbin daşıyıcıları öz ibadətlərini rahat bir şəkildə icra edə bilirlər. Hər iki məzhəb daşıyıcıları öz əqidələri ilə namaz və ibadətlərini həyata keçirirlər. Kim eyni qibləyə səcdəyə gedirsə və eyni Peyğəmbəri sevirsə onlar qardaşdırlar. Mən, səmimi birlik və bərabərliyin, həqiqi qardaşlığın nümunəsini Azərbaycanda tapdım. Onu da deməyi vacib bilirəm ki, Qurban bayramı ərəfəsində bölgələrə səfərim zamanı insanlara Diyanətin qurban hədiyyəsi paylanarkən, mən, yerlərdə bir daha səmimi şiə və sünni birliyinin şahidi oldum.

-     Bildiyimizə görə sevgili Peyğəmbərimizin mübarək doğum günü ilə bağlı şeir müsabiqəsi elan olunub. Bu müsabiqənin ən əsas təşkilatçısı və təşəbbüskarı Din Xidmətləri Müşavirliyidir. Bu müsabiqə ilə bağlı fikirlərinizi bildirmənizi rica edərdik.

Bildirmək istəyirəm ki, Diyanət başqanlığımızın hər il apreldə islam Peyğəmbərinin “qutlu doğum” həftəsini keçirmək haqqında qərarı mövcuddur. Nəinki Türkiyədə, dünyanın müxtəlif  ölkələrində sevgili Peyğəmbərimizin doğum günü şərəfinə  aprel ayında gözəl tədbirlər təşkil olunur. Əsas hədəfimiz insanlığın öndəri olan islam Peyğəmbərini bütün dünyada tanıtmaq, Onun əxlaqından və məktəbindən insanları bəhrələndirməkdir. Burada isə “Nat-i Şərif” şeir yarışmasını təşkil etməkdə ən əsas niyyətimiz şiə və sünni birliyinin baş tacı olan Həzrəti Muhamməd (s.a.a.s)’in sevgisinə, şəfaətinə möhtac insanların bir birinə qucaq açmasıdır. Kim hansı məzhəbdə olursa olsun Rəsulallah hər kəsin Peyğəmbəridir. Azərbaycanın ədəbiyyat məmləkəti olması və qardaş ölkə hesab eməyimiz bu şeir müsabiqəsinin burada da keçirilməsini zəruri etdi.

-     Biz sizin fəaliyyətiniz boyunca Türkiyə-Azərbaycan müsəlmanlarının qardaşlıq və dostluq münasibətlərinin qorunmasında olduqca təqdir olunası əməyinizi görməkdəyik. Bildirmək istəyirik ki,  Azərbaycanda əsrlərdir Əhli-Beyt təmsilçiləri xalqımız tərəfindən xüsusi sevgi və ehtiramla anılır. Azərbaycanda Əhli-Beyt təmsilçiləri olan Seyidlərə münasibətiniz?

 - Əhli-Beyt sevgisi müsəlmanlığın ən vacib simgələrindəndir. Hər bir özünü müsəlman sayan kəs Əhli-Beyti sevməlidir. Əhli-Beytə sevgidə hər hansı məzhəb, təriqət fərqliliyi yoxdur, olmamalıdır. Peyğəmbərini sevən müsəlmanın Əhli-Beyti sevməməsi mümkünsüzdür. Biz də onun üçün inancımızla həm Türkiyədəki həm də Azərbaycanımızdakı Əhli-Beyt təmsilçilərini cani könüldən sevərik. Dünyanın harasında olursa olsun, Onlar sevgili Peyğəmbərimizi təmsil edərlər. Onun üçün yaxın bir tarixdə Qarabağ bölgəsini ziyarət etdim, Ağcabədidə yaşayan Əhli-Beyt təmsilçisi Seyid Bəhmən ağanın qonağı oldum. Çox möhtərəm, insanlar tərəfindən sevilən Seyidimizin xeyir duasını aldım. Azərbaycanda Seyidlik müəssisəsinin çox qədim olduğunu və Azərbaycan xalqının Seyidlərə böyük ehtiram, məhəbbəti olduqlarını da bilirik. Biz də bu sevgiyə qatılırıq. Çünki, Əhli-Beyt müsəlmanlığın Rəsulallaha olan sevgisinin ortaq dəyəridir.  Ayrıca, Əhli-Beyt təmsilçisi olan “Yeni Üfüq” İctimai Birliyinin qurucularının Azərbaycan adına mücadiləsindən çox məmnunam. Əminəm ki, “Yeni Üfüq” İctimai Birliyi ölkə mənəviyyatı adına böyük xidmətlər göstərəcək.

-  Dəyərli müşavirimiz, geniş və maraqlı müsahibənizə görə saytımız adına sizə təşəkkür edirik.

Mən də sizə təşəkkür edirəm. İnanıram ki, inşallah “Yeniufuq.az” saytı qardaş Azərbaycanda milli-mənəvi dəyərlərin insanlara aşılanmasında, gözəl xəbərlərin cəmiyyətə çadırılmasında müstəsna xidmətlər göstərəcək.

Müsahibəni hazırladı:  Elvin Süleymanov

 

 





19.02.2013    çap et  çap et