525.Az

Qənbər Şəmşiroğlunun şeirləri


 

Qənbər Şəmşiroğlunun <b style="color:red">şeirləri</b>

ÇƏKİR

 

Kəlbəcər gözəlinə

 

Kövrəlmə çiçəyim,ağlamağı kəs,

Göz yaşın gözümün yaşına çəkir.

Ağlamaq dünyanı kövrəldə bilməz,

Dünya göz yaşını başına çəkir.

 

Məni bu səfərdən saxlama, gülüm,

Nə də qol-qanadım bağlama, gülüm,

Salamat dönməsəm – ağlama, gülüm,

Görüm bu yollarda başım nə çəkir?!

 

Demə ki, ümidin zərrə qədərdir,

Zərrədən yapışmaq özü hünərdir.

Önümüzdə duran tərs gədələrdir,

Hələ dayıları döşünə çəkir.

 

Qoy düşüm bu yolun izinə doğru,

Doğma Kəlbəcərin özünə doğru,

Can atıram ömrün yazına doğru,

Zalım həyat isə qışına çəkir.

 

Çoxdandı gözləyir bizi o yerlər,

Elə alışaram: yanar, yer mələr.

Bir də görərsiniz uca zirvələr

Qənbəri sürmə tək qaşına çəkir.

Mart, 1996

 

DÖNDÜ

 

Bir zaman gözümdə elə ucaldın,

Hər kəlmən, hər sözün qüdrətə döndü.

Neçə minnət ilə aldığım busə

Ağzımda bal oldu, şərvətə döndü.

 

Uzaqdan olsa da, səni görməsəm,

Ürəyimdə danışmasam, gülməsəm,

Dözməyirdim qonşunuza gəlməsən,

Hər günüm, saatım həsrətə döndü.

Əməllərin danışıldı yanımda,

Qənbərəm, yox oldu din-imanım da.

Məhəbbət alovu söndü canımda,

Sən üçün tükənməz nifrətə döndü.

 

YENƏ

 

Fikir məni çulğamışdı,

Xəyalıma gəldin yenə.

Gördüm qara gözlərini,

Xəfif-xəfif güldün yenə.

 

Baxdım məxmər yanağına,

Zənəxdanda buxağına.

Nəğmə gəldi dodağına,

Kədərimi sildin yenə.

 

Deyəsən göydən enmişdin,

Bənövşəyə bürünmüşdün

Necə gəlib görünmüşdün

Elə də yox oldun yenə.

 

Həyatın sonu catdırıb,

Ömür xoş günlər itirib,

Qənbərə nələr yetirib,

Əhvalını bildin yenə.

 

YUSİF

 

Təbrizli balabançı Yusifə

 

Müdam gözü yaşlı olubdu Dilqəm,

Sən ona qoşulub ağlama, Yusif!

Ondan əl çəkməyib heç vaxt dərdi-qəm,

Belə həzin-həzin çağlama, Yusif!

 

Əmrah sazda tanıtdırdı barmağı,

Kamanla yayıldı Habil sorağı.

Kamil də qaboyda söylədi ağı,

Sənsə balabanla dağlama, Yusif!

 

Yurd-yuva həsrəti bizi qocaldıb,

Görüşümüz bir az dərdi azaldıb.

Kədəri, qüssəni belə ucaldıb,

Təbriz yolumuzu bağlama,Yusif!

04.01.2013

 

DÖNƏSƏN

 

Yaxşı qızsan, xəta səni görməsin,

Gedən yerdə zimistandan dönəsən.

Naməhrəm olsaq da diləyim budur:

Neçə-neçə toy-nişandan dönəsən.

 

Nə müddətdi meyli sənə sarıyam,

Mən də süsən-sünbül xiridarıyam.

Təkcə mənəm səni gəzib, arıyan,

Üz tutduğun o virandan dönəsən.

 

Şaxtadan, çovğundan, borandan keçib,

Sədaqət uğrunda imandan keçib,

Hər kəs yaddan çıxa, anandan keçib,

Sən görüşə həmin yerdən dönəsən.

Bilirəm ki, neçə illər ötsə də,

Aramızda qaratikan bitsə də,

Köç eyləyib bu dünyadan getsə də,

İnanmıram sən Qənbərdən dönəsən.

 

VARDIR

 

Dağ kəndlərində mənzərə

 

Yenə bahar ətri alıb hər yanı,

Qoyunda, quzuda mələşmə vardır.

Günəşdə hərarət artıb, çoxalıb,

Bulaqla çaylarda birləşmə vardır.

 

Payızda xırdaca olan danalar,

Xeyli böyüyərək olub buğalar.

Göy çəməndən yeyib, dirçəlib onlar,

Hərdən-hərdən isə hölləşmə vardır.

 

Şaxtadan, borandan qalmayıb əsər,

Kimi bel götürüb, kimi də düsər.

Kimi göy-göyərti, kim bostan əkər,

Torpaq üzərində əlləşmə vardır.

 

Çıxıb əyinlərdən yun yapıncılar,

Toplaşıb bir yerə igid çobanlar,

Adətdir ki, bəhsə girir cavanlar,

Göy çəmən üstündə güləşmə vardır. 

 

Qar əriyib, yox olubdur – toz kimi,

Qatıq, ayran qab-qacaqda buz kimi,

Ulaqlar qışqırır paravoz kimi,

Atlar cana gəlib, kişnəşmə vardır.

 

DÖNDÜM

 

Qəsidə qəzəl

 

Zülmün məni yandırdı, fərağınla tutaşdım,

Andıqca o məsum üzünü pərvanəyə döndüm.

Məcnun kimi “Leyli!” – deyə dağdan-dağa düşdüm,

Sənsiz gözəlim, mən dəli-divanəyə döndüm.

 

Bildin sevirəm mən səni, bildin sevilirsən,

Baxdım ki, mənim sevgimə hüsnündə gülürsən,

Gördüm unudursan, məni biganə bilirsən,

Biganə bilirsən deyə, biganəyə döndüm.

 

Sənsiz açılan gecələrin bağrı qan olmuş,

Zənn edirəm gülləri, bülbül xara qoymuş,

Hər şey dəyişilmiş kimi, hər şey unudulmuş,

Mən gülşənə gəldim ki, viranəyə dönmüş.

 

Qənbər, o füsunkar, o yalan gözlərə nifrət,

Dünyada səninçün əbədi öldü məhəbbət,

Bir sevginin əfsanəsi oldu həqiqət,

Haqdır bu həqiqət ki, mən əfsanəyə döndüm.

 

İNDİ

 

Bahar əhvalımı xatırlayaraq,

Payız əhvalıma dözürəm indi.

Bir zaman yerləri göydən süzərdim,

Yerlərdən göyləri süzürəm indi.

O vaxt ki, könlümdə yar şövqü vardı,

Nərəm göy suları varaqlayardı.

Qollarım dəryanı qucaqlayardı,

Halsızam, dayazda üzürəm indi.

 

Məhəbbət uğrunda düşdüm borana,

İstəmişdim bir baş vuram ümmana.

Bəlkə elə çevriləcək dastana:

Sözdən mirvarilər düzürəm indi.

 

İLLƏRƏ

 

Əsən yellər, apar məni, amandı,

Dərdi-səri duymadığım illərə.

Busə nədir?- Xəbər alan gözəlin,

Qoynunda yer qoymadığım illərə.

 

Qaşlar qara, gözlər qara, üz narın,

Çiçəyindən dəstə tutan dağların,

Əllərinə tikan batan qızların,

Ağrısına qıymadığım illərə.

 

Yurd salmışam, qurdurmuşam alaçıq,

Şehdə gəzdim ayaqyalın, başaçıq,

Qış günündə sevgilimlə sarmaşıq,

Qar-boranı saymadığım illərə.

 

Qənbər deyər: məhəbbət mən, ürək mən,

Xəzan yarpaq, solan çiçək, dilək mən,

Ötən illər xəstəsiyəm, külək, mən

Yenə qaytar doymadığım illərə.

 

KEÇDİ

 

Əsirgəyib, çox azaltma nurunu,

Yollarından duman keçdi, çən keçdi.

Yar bu qədər incidərmi yarını?!

Necə oldu vüsal məndən gen keçdi?!

 

Can bağımı viran qoydu xəzəllər,

Bu qədər də xəzan ömrü üzəllər?

Dar günümdə loğman oldun əzəllər,

Şəfqətinlə ruzigarım şən keçdi.

 

Həsrətimin indi yaşı bir ildi,

Mənim sevgim, sənin vəfan bilindi!

Məhəbbətim bir ocaqda gəlindi,

O, səadət qatarından yan keçdi!

 

Az üz məni, göz yaşımı tökmə, gəl!

Sinəmə çal-çarpaz dağı çəkmə, gəl!

Sən Qənbərin loğmanısan, rəhmə gəl!

Ömür keçdi, dövran keçdi, gün keçdi!

 

AXI

 

Ay könlüm, niyə qəmlisən?!

O, həsrətdən keçib axı!

Eşq  badəsi hazırlayan

Onu yalqız içib axı!

Quruyub gurlayan bulaq,

Səsini eşitmir qulaq,

Söyləyən kəs: birgə olaq-

Özgəsini seçib axı!

 

Bir təsəlli olan kimsə,

Ürəyində qalan kimsə,

Səni oda salan kimsə-

Qanadlanıb, uçub axı !

 

Gözünə işıq sandığın,

Söz deməyə utandığın,

Qənbər, hər saat andığın-

Xəyal kimi köçüb axı!

 

EYLƏR

 

Nəsil-nəcabəti dürüst olanlar,

Müdam yaxşılığa dəlalət eylər!

Yeri gəlsə əsirgəməz canını,

İgid ürəyini əmanət eylər!

 

Kişi gördüm: dar ayaqda kişidi,

Dada çatmaq, hova yetmək işidi.

Müdafiədə sinəsidi, döşüdü,

Min əzaba dözər, dəyanət eylər!

 

Yeməyin gədanın çayın, çörəyin,

Süfrə üstə söyləyəcək diləyin.

Əsirgəməz fırıldağın, kələyin,

Aləmə səs salar, bəyanət eylər!

 

Çox dolandım babaların oymağın,

Görmədim palıdda cökə calağın,

Gecə kəsər qonşusunun qulağın,

Səhər göz önündə ibadət eylər!

 

Eşitmişik, biz də gördük dünyada,

Cəsurlar dost üçün qalanar oda.

Qənbər, söylə, çox deyilmiş olsa da

Xain üzə gülər, xəyanət eylər!

14. 12. 2012

 

HƏKİM

 

Mənsumə həkimə

 

Minnətdaram, çox əziyyət çəkdiniz,

Var olsun əllərin, ay Maya həkim!

Göstərdiyin qayğı, əziyyətini

İnan, dəyişmərəm dünyaya, həkim!

 

Səni sevməyənlər dönüb buz olsun,

Başının üstündə Ay, ulduz olsun,

Yolun açıq olsun, işin düz olsun,

Heç vaxt düşməyəsən qovğaya, xanım!

 

Şəfalı əllərin var olsun, görüm,

Sağoldan boynuna çələnglər hörüm,

Böyük qardaşın tək təklif göndərim:

Təşrif buyur bizim obaya, xanım!

13. 12. 2012

 

 





19.02.2013    çap et  çap et