525.Az

Həssas və prinsipial insan


 

Həssas və prinsipial insan <b style="color:red"></b>

Vilnüsə təyyarədən bir saat öncə enmişdim. Viza məsələsini aeroportdaca həll eləməliydim. Ona görə də ləngiyəsi oldum. Söhbət 2005-ci ilin dekabrından gedir. Çölə çıxanda o, məni qarşıladı.

- Mənə sizi qarşılamaq və müşaiyət eləmək həvalə olunub.

Onun mənə ilk sözü belə oldu. Sonra isə özünü təqdim elədi:

- Mahir Həmzəyev, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri.

İlk söhbətdən anladım ki, qarşımdakı bu adam hədsiz dərəcədə diqqətli və məsuliyyətlidir, qayda-qanuna əməl etməyi özünə borc bilir. Məni buradakı qaydalara da o dəvət elədi. Onu da başa düşdüm ki, bu şəxs Vətənini layiqincə təmsil və təqdim edir, bu cür davrananlara da hədsiz sayğı göstərir. Elə buradaca qeyd edim ki, Mahir bəylə ikinci dəfə bir il sonra görüşdük, yəni 2006-cı ilin dekabrında. Düzü, xronoloji ardıcıllıq həm məni, həm də sizi yora bilər. Ona görə də yadımda qalan təəssüratları sizinlə bölüşsəm, hər mənada ədalətli olardı. Onu da xüsusi vurğulayım ki, bu yazı mənim həm də Vətən yolunda çalışan dostumuza bir soydaşlıq və vətəndaşlıq borcumdur. Çünki 37 ildir ki, Litvada və onun paytaxtında ölkəmizi ləyaqətlə təmsil və təbliğ edir, hər yerdə öz həyasızlığı ilə ad çıxarmış erməni diasporuna və Litvanın ermənipərəst qüvvələrinə qarşı barışmaz mübarizə aparır.

Mahir Həmzəyev Azərbaycanın Litvada fəaliyyət göstərən daşnaklarla döyüşən silahıdır 

Mən "Postsovet məkanında bizi nə birləşdirir, nə ayırır" tədbirinə dəvət almışdım. Avropa Birliyində anlamışdılar ki, millətlərarası münaqişələri həll etmək üçün söz və sənət adamlarının imkanlarından da bəhrələnmək lazımdır. Əslində məni tədbirdən daha çox Litva və onun paytaxtı maraqlandırırdı. Həm birinci, həm də ikinci görüşümdə Mahir bəy məni şəhərlə, onun qədim abidələrilə tanış elədi. Biz Vilnüsün içəri şəhərini də gəzdik, Gediminas qəsrini də seyr etdik, Vilnüsdən xeyli aralı yerləşən Trakay qəsrində də olduq. Katolik kilsələrini gəzdik, şəhərin müxtəlif dəyərli insanları ilə görüşdük. Mahir bəyin köməyilə bir sıra redaksiyalara müsahibə verdim. Ən yadımda qalan isə kəraim türklərinin məzarlığını ziyarət etməyim oldu. Onu da deyim ki, ən xoş təəssüratlardan biri Litvanın Azərbaycanda və Türkiyədə səfiri omuş, sonralar Litva Prezidentinin müşaviri işləmiş, kəraim türkü  Halina xanım Kobetskayte ilə bağlıdır. O da Mahir Həmzəyev kimi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Üzvlük vəsiqəsini mən ona 2006-cı ildə AYB rəhbərliyi adından Vilnüsdə təqdim etmişəm.

Mahir Həmzəyev həm də ona görə dəyərli ziyalı və şəxsiyyətdir ki, onun vətənini sevənlərə xüsusi rəğbəti var. Və belə insanlardan biri də ictimai-siyasi xadim, ötən əsrin əvvəllərində Bakıda yaşamış, Abdulla Şaiqlə şəxsən dostluq etmiş Litva ədəbiyyatının klassiki Vintsas Krevedir. Məhz Mahir Həmzəyevin sayəsində onun əsərləri Azərbaycan türkcəsinə çevrilmiş, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tanınmış şair-tərcüməçi Səlim Babullaoğlunun "Books" seriyasından "Azəristan ölkəsi" adıyla kitab şəklində nəşr olunmuşdur. Ona qədər isə həmin hekayələr "Ulduz" dərgisində işıq üzü görmüşdü.

Mən Vilnüsdə olarkən Vintsas Krevenin ev muzeyini ziyarət etmişəm və orada ədibin yaradıcılığı, həyat və fəaliyyətilə ətraflı tanış olmuşam.

Düşünürəm ki, bu qısa qeydlərdən sonra Mahir Həmzəyevin öz keçmişi barədə xəsis məlumat vermək olar. Onun öz keçmişi böyük bir kitab boydadır. Ona görə də onu bu qısa məqalədə işıqlandırmaq, gördüyü işləri və qazandığı uğurları sadalamaq mümkün deyil. Amma oxucularımız üçün aydın olsun deyə qısa bir bilgi verməyim də yerinə düşər.

Mahir Həmzəyev 1958-ci ildə Quba rayonunun Digah kəndində anadan olub. 1974-cü ildə həmin kənddə orta məktəbi bitirib. Sonra ordu sıralarında xidmət edib, 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini qiyabi bitirib. 1984-1989-cu illərdə V. Kapsukas  adına Vilnüs Dövlət Universitetinin Litva filologiyası şöbəsində litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil alıb.  

O,1988-ci ildə Litvada başlanmış Milli dirçəliş və Dövlət müstəqilliyinin bərpa olunması hərəkatının Litva milli azlıqları arasında ilk təşəbbüsçülərindən və 1988-1991-ci illərdə Vilnüsdə fəaliyyət göstərmiş "Millətlərarası Əlaqələndirmə Assosiasiyası"nın təsisçilərindən biri olub. Həmçinin 1990-1992-ci illərdə Litva Sayudis Seyminin üzvü seçilib (1988-1990-cı illərdə bu Xalq azadlıq hərəkatının lideri məşhur siyasət və Dövlət xadimi Vitautas Landsbergis olub. O, hazırda bu təşkilatın Fəxri sədridir).

1988-ci ildə Litvada Azərbaycan Dirçəlişinin ideoloqu olaraq Litva Azərbaycanlıları Cəmiyyətinin yaradıcısı olub və həmin ildən indiyədək bu təşkilatın sədridir.

6 oktyabr 1992-ci ildən 27 noyabr 1995-ci  ilə qədər Azərbaycan Respublikasının Litvada səlahiyyətli nümayəndəsi olub.

1991-ci ilin yanvar ayından Litva Hökuməti yanında Litva Milli İcmalar Şurasının üzvüdür. 

Burda bir haşiyə çıxaq 

Mahir güləyən adam deyil, amma qəfil və ürəkdən gülməyi də var.

Vilnüsə ikinci səfərimdə şəhərə bərk qar yağmışdı. Vilnüslülər maşınların üstündə, pəncərələrində, əlçatmaz yerlərdə sevgi məktubları yazırdılar. Belə deyək: qar qraffitisi.

Həmin vaxt yoldan keçərkən iki gözəl qadının oturduğu maşın bizə yol verdi...

"Sənin tanışlarındı e, yəqin", - deyə zarafat elədim, - "bəlkə biz də minək?"  Mahir heç nə demədi və yolu adlayandan sonra qəhqəhə çəkdi. "Yox əşi hardan?"

"Ordan ki, dedim, sənə görə maşını saxladılar". Yenə də ürəkdən güldü və təbii ki, zarafat elədiyimi başa düşdü.

Mahir Həmzəyev ailəsinə bağlıdır. Hər dəfə Bakıya gələndə hökmən Qubaya tələsir, valideynlərini ziyarətə.

Həddən artıq nəzakətlidir. Uzun illərin dostu-tanışı olmağımıza baxmayaraq, məktubun sonunda mütləq belə yazır: hörmətlə, Mahir Həmzəyev.

Əla zövqü var. Ədəbiyyat bilicisi demək olar. Eyni sözü Halina xanım barədə də demək mümkündür. Hər ikisi sözə çox həssas yanaşır. Mən çox məmnunam ki, hekayələrimi bu iki zövqlü ədəbiyyat bilicisi hövsələylə Litva dilinə çevirir. Lazım olanda (bu dəfələrlə olub) hər hansı sözün mənşəyini, etimologiyasını dəqiqləşdirirlər. Çətini isə realiyaların tərcüməsidir. Elə sözlər var ki, litvaca anlaşılmır (başqa dillərdə olduğu kimi), ancaq alternativlər həmişə tapılır. Və onlar da həmin alternativi axtarıb tapmağa çalışırlar. 

Yenə də keçmişə qayıdaq 

Mahir Həmzəyevin 1980-2016-cı illərdə Azərbaycan-Litva tarixi, ictimai-siyasi, ədəbi əlaqələri barədə yazdığı 350-dən artıq məqaləsi Litvada və Azərbaycanda işıq üzü görüb. 

Azərbaycan ədəbiyyatı, mədəniyyəti, maarifi, mətbuatı, teatrı, kinosu və xoreoqrafiyası haqqında, eləcə də Azərbaycan yazıçı və şairləri - Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı və Anarın yaradıcılığı barədə 25 adda ensiklopedik məqalələr hazırlayaraq Ümumdünya Litva Ensiklopediyasının 2002, 2008, 2011 və 2012-ci illərdə çıxmış II, XIV, XX və XXI cildlərində çap etdirib.

Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür (Xalq yazıçısı Anarın təqdimatı ilə qəbul edilib), həmçinin "Ədəbiyyat qəzeti" redaksiya Şurasının üzvüdür və AYB-nin sonuncu qurultayının nümayəndəsidir. 

1982-2016-cı illərdə litvalı müəlliflərlə birgə Azərbaycan ədəbiyyatından xalq nağıllarını, Nizami, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Namaz, Eldar Nəsibli, Elçin Hüseynbəyli, Rəşad Məcid, Vahid Qazi və Pərvinin yaradıcılığından bir sıra əsərləri Litva dilinə tərcümə edib.

16 mart 2016-cı ildən Litva Ədəbi Tərcüməçilər İttifaqının üzvüdür.

Mahir Həmzəyev barədə yazılanlar və deyilənlər  

Unudulmaz Xalq şairimiz Bəxtiyar Vahabzadə onu hələ çox illər bundan qabaq "Litvada bizim səsimiz olan gözəl bir gənc" adlandırıb (16 iyun 1982-ci il).

Xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, "Mahir Həmzəyev ömrünü Azərbaycan və Litva mədəni-ədəbi əlaqələrinin öyrənilməsinə, dünyanın iki gözəl xalqının daha da yaxınlaşdırılmasına sərf edib"( 24 iyul 1985-ci il).

Xalq şair Xəlil Rza onu "Turan dünyasının qüdrətli, cəsur, şair ürəkli, alim zəkalı övladı" adlandırıb (15 iyul 1991-ci il).

Xalq yazıçısı Anar "Mahir Həmzəyevi mühüm və xeyirli işlərlə məşğul olan ziyalı" kimi dəyərləndirib (16 may 2005-ci il).

Əlbəttə, bu fikirləri  artırmaq da olar. Amma düşünürəm ki, Mahir Həmzəyev kimi dəyərli insanlar barədə xoş fikirlər həmişə olub və olacaq. 

Mahir Həmzəyevin keçmişindən qeydləri davam etdirək 

O, prezident Heydər Əliyevin 1990-cı il 20 Yanvar təcavüzünün geosiyasi təhlilinə həsr olunmuş çıxışlarını, azərbaycanlıların soyqırımı tarixi ilə bağlı imzaladığı rəsmi sənədləri, akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri" və "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" adlı tarixi, siyasi və sosial-fəlsəfi oçerklərini litvalı həmkarı Edita Ratkuvene ilə ortaq Litva dilinə çevirərək 2014-2015-ci illərdə Vilnüsdə nəşr etdirib.

Azərbaycanla Ermənistan arasında başlanmış müharibənin əvvəlindən azərbaycanlıların soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin Litvada yayımlanması istiqamətində Baltik xalqlarının düçüncə tərzinə və milli ruhuna uyğun formada yazdığı çoxsaylı məqalələri Litvada və Avropanın bir sıra aparıcı mətbu orqanlarında nəşr olunub.

Maraqlıdır ki, Mahir Həmzəyev Azərbaycan, Qarabağ həqiqətlərini təkcə Litvada və Avropada yaymır, həm də Litvada və ölkənin Parlamentində fəaliyyət göstərən erməni diasporunun pozuculuq əməllərinə qarşı qətiyyətlə çıxır, onların Qarabağla bağlı yalanlarını tarixi faktlar, elmi ümumiləşdirmələr və geosiyasi konsepsiyalarla əsaslandırılmış şəkildə darmadağın edir. Bu istiqamətdə də onun onlarca məqaləsi işıq üzü görüb.

Mahir Həmzəyev 2001, 2006 və 2011-ci illərdə Bakıda Dünya Azərbaycanlılarının I, II və III qurultaylarında Diasporun Litvadan təmsilçisi olaraq iştirak edib və 3 dəfə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasına üzv seçilib.

Onun məqsədyönlü və uğurlu ictimai-mədəni fəaliyyəti dəfələrlə Litva və Azərbaycan dövləti tərəfindən qiymətləndirilib. O, 1991-2014-cü illərdə Litva Respublikası Seyminin Sədri, Litva Respublikasının Baş naziri və Litva Respublikasının mədəniyyət naziri tərəfindən dəfələrlə fəxri fərmanlara layiq görülüb.

19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə görə" gümüş medalı ilə mükafatlandırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 13 mart tarixli Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb.

Litva Respublikasının Prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun tarixli Fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" Dövlət medalı ilə təltif olunub.

Qeyd edim ki, V.Adamkusla məni Vilnüsdə olarkən Mahir bəy özü tanış etmişdi və bu sadə insanın Azərbaycana qarşı rəğbəti diqqətimi çəkmişdi. Deməli, bu rəğbət hissinin yaranmasında Mahir dostumun da əməyi böyükdür.

O, Litva Respublikasının Baş naziri Andryus Kubilyusun 2009-cu il 18 dekabr tarixli Qərarı ilə Litva milli azlıqlarının mədəni və ictimai həyatının zənginləşdirilməsinə yönəldilmiş orijinal tədbirlər təşkil etdiyi üçün və Litva-Azərbaycan mədəni əlaqələrinin təbliğatı sahəsində göstərdiyi xidmətlərə görə xüsusi Fəxri fərmana layiq görülüb və Litva adının 1000 illiyinə həsr olunmuş Fəxri ulduz Hökumət nişanı ilə təltif edilib.

Prezident İlham Əliyevin 2011-ci il 4 iyul tarixli Sərəncamı ilə ona Azərbaycanın Əməkdar jurnalisti fəxri adı verilib. 

Yuxarıda dediyim kimi, Mahir Həmzəyev məni Litvanın qədim abidələrilə tanış edib və onların mədəniyyətlərinə sayğısı barədə ürək dolusu danışıb.  Məsələn, o, Gediminas qəsrini göstərib deyirdi ki, həmin qəsr Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən qismən dağıdılıb və litvalılar onu qədim şəkillərə baxaraq, olduğu kimi bərpa ediblər. İçəri şəhəri gəzərkən isə deyirdi ki, bura olduğu kimi qalıb, divarlardan bir daş da qoparılmayıb, əgər qopubsa da, dərhal bərpa edilib. O, Vətənin qədim abidələrinin də beləcə qorunmasını arzulayır.    

Mahir Həmzəyev Vətənə xidmət etməklə qürur duyur, onun bayrağını daim yüksəklərə qaldırır.

Mahir Həmzəyev haqqında gen-bol danışmaq və yazmaq üçün imkanlar böyükdür. Amma hələlik burda dayanaq və bircə onu deyək ki, xaricdə yaşayan və diaspora işimizə böyük töhfələr verən  insanları qiymətləndirmək lazımdır. Onlardan biri də Mahir Həmzəyevdir: Vətən və Milli məsələlərdə həssas və prinsipial.

2016-cı il, may

 





01.06.2016    çap et  çap et