525.Az

Soyqırım törədənlərin "soyqırım iddiası" və ya tarixin acı ironiyası


 

Soyqırım törədənlərin "soyqırım iddiası" <b style="color:red">və ya tarixin acı ironiyası</b>

Daha bir Avropa dövləti real əsası olmayan, ifrat qərəzli və erməni lobbisinin məkrli maraqlarına xidmət edən çirkin kampaniyaya rəsmən qoşulmaqla, ikili standartlarının əsirinə çevrildiyini açıq nümayiş etdirdi.

XX əsrdə iki qanlı dünya müharibəsinin, eləcə də 100 milyona yaxın insanın ölümünün əsas baiskarı olan Almaniyanın insanlığa qarşı hansısa cinayətdən danışması, əslində, tarixin acı ironiyasıdır.

Bundestaq "Ermənilərə qarşı genosid" haqqında qeyri-hüquqi və qərəzli qətnaməni qəbul etməklə, Avropada anti-türk mövqeyində dayanan ölkələrlə bir sırada olduğunu sübuta yetirdi. Qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr "ermənilərə qarşı cinayət" kimi qiymətləndirilib. "1915-1916-cı illərdə Osmanlı imperiyasında ermənilərin və digər xristian azlıqların soyqırımının anılması" adlanan sənəd Bundestaqın hakim çoxluğunun və "Yaşıllar" partiyasının təşəbbüsü ilə qəbul olunub.

Ümumiyətlə, bədxah erməni millətçiləri son iki əsrdə ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını bir qayda olaraq türklərin və azərbaycanlıların adına yazmağa çalışıblar. Müsəlmanlara, əsasən də türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regiondakı çirkin ərazi iddialarını gerçəkləşdirmək üçün qondarma «soyqırımı» iddialarını ayrı-ayrı ölkələrdə tanınması üçün genişmiqyaslı kampaniya aparırlar. 1915-ci ilin 24 aprelində Osmanlı Türkiyəsinin guya «1,5 milyon nəfər ermənini milli-etnik zəmində qətlə yetirməsi» kimi böhtan və iftira xarakterli iddia erməni mifomaniyasının real təhlükəlilik miqyasını bir daha nümayiş etdirir.

Reallıq bundan ibarətdir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıblar. Xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilib.

Özləri haqqında daim «məzlum xalq» obrazı yaratmağa çalışan ermənilər bu çirkin iddialarını Türkiyəyə və Azərbaycana xoş münasibətdə olmayan bəzi dövlətlərə və təşkilatlara da qəbul etdirə biliblər. Məsələyə siyasi motivlərlə yanaşan, özlərinin merkantil maraqları naminə ikili standartlara yol verərək ermənilərin qondarma iddialarını dəstəkləyən, əldə dəstəvuz edən həmin dövlətlər və təşkilatlar əslində tarixi həqiqətin nədən ibarət olduğunun qətiyyən fərqində deyillər. Tarixən erməni məsələsindən Türkiyəyə qarşı «təzyiq vasitəsi» kimi yararlanmış müəyyən qüvvələr bu gün də rəsmi Ankaranı pressinq altında saxlamaq üçün məhz qondarma «erməni soyqırımı» iddialarına istinad edirlər. Bəli, açıq demək lazımdır ki, məsələnin

mahiyyətində həmin qüvvələrin ermənilərə simpatiyasından daha çox, türk və islam dünyasına olan antipatiyası dayanır. Başqa sözlə, ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının müəyyən dövlətlərin qanunverici orqanlarında dəstəklənməsi geosiyasi amillərlə bağlı olub, erməniləri dəstəkləmək məramından daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana təsir göstərmək məqsədi güdür.

Türkiyə rəsmilərinin dəfələrlə bəyan etdikləri kimi, tarixdə baş verənləri araşdırmaq tarixçilərin işidir. Ötən əsrin əvvəllərində Osmanlı İmperiyasının ermənilərə qarşı «soyqırımı» həyata keçirdiyini təsdiqləyən heç bir tutarlı fakt, dəlil, sübut yoxdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hələ 2005-ci ildə məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın və onun himayədarının zaman-zaman gündəmə gətirdiyi «soyqırımı» kampaniyasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam türk dünyasına qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ bir neçə gün əvvəl - İstanbulun fəthi günü ilə bağlı keçirilən ənənəvi (Fatih günü) mərasimdə bununla bağlı maraqlı mesajlar verdi. Haqlı olaraq bildirdi ki, İstanbulun fəthini hələ də həzm edə bilməyən Türkiyəni parçalamaq, onu zəiflətmək istəyirlər.

Əslində, tarixi araşdırmaq bu gün Almaniyanın özü üçün yaxşı heç nə vəd etmir. Dünya ictimaiyyəti vaxtı ilə alman hərbi legionerlərinin dünyanın müxtəlif qitələrində törətdikləri soyqırımları yaxşı xatırlayır. Yəhudilərə qarşı törədilmiş soyqırımı - "Xolokost" buna ən qabarıq sübutdur. Ümumilikdə isə, tarixdə baş verən soyqırımı faktları ilə bağlı belə absurd yanaşmalar, qərəzli addımlar, olsa-olsa, sivilizasiyalararası toqquşmaya və dövlətlərarası ziddiyyətlərin dərinləşməsinə xidmət edər.

Avropa İttifaqına üzv bəzi ölkələrin Türkiyəyə qondarma "erməni soyqırımı»nı tanıtdırmaq cəhdlərinin arxasında hansı məkrli məqsədlərin dayandığı hər kəsə yaxşı məlumdur. Qondarma «erməni soyqırımı» iddialarının ermənilərin qarşıya qoyduqları 4 məkrli məqsədin həyata keçirilməsinə xidmət edir: «soyqırım»ın bütün dünyada tanınması; Türkiyənin «soyqırım»ı tanıması; Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi; Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi. Faktiki olaraq bunların hər biri Türkiyə Cümhuriyyətini sarsıtmaq, parçalamaq məqsədi güdür.

Bununla belə. Fransa və Almaniya kimi dövlətlərin bu gücdə və qüdrətdə olmadığı da yaxşı məlumdur. Faktiki olaraq alman ideoloqlarının son qərarı onların özlərinə qarşı yönəlib. Çünki qəbul olunan qərar, ilk növbədə, Almaniyada türklərə qarşı ksenofob və dözülməz münasibətin təzahürüdür. Suriyalı 3 milyonadək qaçqını qəbul etməsi, yerləşdirməsi üçün Türkiyəyə az qala dil tökərək yalvaran dövlətlər bunun üçün Ankaraya müxtəlif təzyiq metodlarından istifadə etməyə çalışırlar.

Türkiyədə hesab edirlər ki, Almaniya parlamentinin aşağı palatasının erməni "soyqırımını" tanıyan qətnamə qəbul etməsi həm də hökumətinə qarşı güc nümayişdidir. Belə ki, Avropa Birliyi ilə rəsmi Ankara bəzi vacib məsələrdə, o

cümlədən anti-terror qanunu ilə bağlı məsələdə razılığa gələ bilmədilər. Almaniya Kansleri Merkelin Ankaraya səfəri də bu ziddiyətləri aradan qaldıra bilmədi. Deməli, erməni lobbisinin zəif olduğu Almaniyanın belə bir qərar qəbul etməsi miqrant problemini qabardan Türkiyəyə açıq təhdiddir.

Digər tərəfdən, bu gün Almaniya ilə Türkiyə arasında geniş iqtisadi əlaqələr var, türk iş adamları alman bazarında əsas söz sahiblərindən biridirlər. Belə olan halda, qəbul olunmuş qərardan daha çox Almaniyanın zərər çəkəcəyi şübhəsizdir. Söhbət burada burada yaşayan erməni və türk icmalarını uzun illər qarşı-qarşıya qoyacaq, siyasi ehtirasları milli münaqişə müstəvisinə keçirən bir cəfəng qanundan gedir. Amma görünür, Alman Bundestaqı ermənilərin səsini qazanmaq, hakimiyyətini qorumaq üçün bütün bu riskləri göz önünə alıb.

Almaniyanın bu səhv addımı ilk gündən Türkiyənin sərt və qətiyyətli etirazı ilə yüzləşib. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan kəskinliklə bildirdi ki, bu qərar tarixi saxlalaşdırmaq cəhdi olaraq iki ölkənin münasibətlərinə ciddi təsir göstərəcək. Türkiyənin səlahiyyətlərinin icrasına yeni başlamış Baş naziri Binəli Yıldırım isə bu günlərdə Ərcinzan vilayətindəki çıxışı zamanı haqlı olaraq qeyd edib ki, hamının gözü qarşısında baş vermiş, faktlarla sübuta yetirilmiş Xocalı soyqırımına göz yuman Almaniyanın Türkiyəyə münasibətdə qərəz nümayiş etdirməsi, ikili standartlar"ın nəticəsidir.

Əslində, Türkiyə və Azərbaycana qarşı təzyiq cəhdləri həm də Avropada hökm sürən islamafobiyanın göstəricisidir. Bir qayda olaraq, islam dininin, müsəlmanların zorakı hadisələrlə əlaqələndirilməsi daha çox etnik-dini ziddiyyətlərin təzahürü kimi özünü göstərir. Təəssüflə vurğulamaq lazımdır ki, islam əxlaqı, islam həyat tərzi və bütövlükdə islam dininə dözümlü münasibətin qloballaşan dünyada birgəyaşayışın əsas normalarından birinə çevrilməsinə mane olan qüvvələr var. Bundan əlavə, hazırda Türkiyə və Azərbaycanın yüksək iqtisadi, siyasi, hüquqi və mədəni inkişafı hər iki ölkəyə «geridə qalmış Şərq ölkələri» yarlığını yapışdırmaq istəyən qüvvələrin məkrli niyyətlərini puça çıxarıb, onların sivil Avropa dəyərlərinə sadiqliyini sübuta yetirib. Hər iki müttəfiq ölkənin regionda tam müstəqil siyasət yetirmələri və əsas söz sahiblərindən birinə çevrilmələri, Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən olmaları Avropada müəyyən dairələri, o cümlədən bəzi dövlətləri bərk narahat edir. Onlar Türkiyənin və Azərbaycanın Avropa məkanında yeni iqtisadi və siyasi güc mərkəzinə mərkəzinə çevrilməsini, inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq iddiasını qətiyyən «həzm edə» bilmirlər.

Nəhayət, Türkiyəyə qarşı qərəzli və ədalətsiz qərar qəbul edən dövlətlərin əksəriyyətinin Avropa Birliyi üzvü olması da təsadüfi görünmür. Siyasi müşahidəçilərin fikrincə, birliyə daxil olan dövlətlər belə süni maneələrlə Türkiyənin təşkilata gedən yoluna sipər çəkməyə çalışırlar. Türkiyənin AKP hakimiyyəti dövründə yüksək tərəqqi yoluna qədəm qoyması, sənayeləşmə sahəsində böyük uğurlar qazanması, regional liderliyi ələ alması və ən başlıcası, Qərbin imperialist iddialarına qarşı cəsarətli, prinsipial, barışmaz mövqe sərgiləməsi müəyyən ölkələri qətiyyən razı salmır.

Bu gün ikili standartların əsirinə çevrilmiş Almaniya və digər Qərb dövlətləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqaz üçün ən ciddi problem olduğunu, Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış etdiyini görməzliyə vururlar. Onlar təcavüzkara təsir göstərmək, beynəlxalq hüquq normalarını təmin etmək əvəzinə, ermənilərin qondarma, tarixi faktlardan tamamilə uzaq olan «soyqırımı» iddialarını dəstəkləyirlər. Lakin çirkin geosiyasi səbəblərlə bağlı olan bu kimi qərəzli addımlar, əslində, Ermənistanın üzləşdiyi blokadanı daha da ağırlaşdırır, təzavüzkar dövlətin gələcək inkişaf perspektivlərinin qarşısına birdəfəlik sipər çəkir.

 





06.06.2016    çap et  çap et