525.Az

Müqəssir göyərçin (novella)


 

Müqəssir göyərçin <b style="color:red">(novella)</b>

Teymur Rəhimov (Muğanlı) 

Gecədən xeyli keçmişdi. Soyuq, sərt bir payız axşamı idi. Bayırda külək adamı qılınc kimi kəsirdi. Otaqda odun sobası gurhagur yanırdı. Pambıq qəbulu məntəqəsinin müdiri Əhməd, baş mühasib Vəli və pambıq qəbulu üzrə baş əmtəəşünas Əlibala müdirin kabinetində idilər. Müdir Əhməd baş tərəfdə öz kreslosunda, Vəli və Əlibala isə uzun stolun yan tərəfində üzbəüz əyləşmişdilər. Hər üçü fikirli görünürdü.

Əhməd 40-45 yaşlarında uca boylu, gur, xurmayı saçları olan yaraşıqlı bir kişi idi. O, dörd il idi ki, məntəqə müdiri işləyirdi. Rayon rəhbərliyi yanında yaxşı rəhbər işçi hesab edilirdi.

Baş mühasib Vəli qarayanız cavan oğlan idi. Onların hər ikisindən yaşlı görünən qəbulçu Əlibala uzun çənəsi, qartal dimdiyinə bənzər burnu və sərt baxışı ilə onu görənlərdə xoşagəlməz ovqat yaradırdı. Sükutu Əlibala pozdu:

– Müdir, neynəyək, belə lal-dinməz nə qədər oturacağıq? Sənin tapşırığınla dörd yüz  otuz ton saxta pambıq qəbulu qaiməsinə qol çəkmişəm. Orqan işçiləri bilsələr məni güllələnmə maddəsi ilə həbs edəcəklər.

Müdir Əhməd ovqatını pozmadan, özünə xas təbəssümlə Əlibalanın üzünə baxıb dilləndi:

– Ə, mən səni bir ürəkli adam bilirdim, sən lap qorxaq imişsən ki. Əvvəla o tapşırıqları sənə öz başımdan verməmişəm. Rayon rəhbərliyi mənə tapşırıb ki, pambıq planı nəyin bahasına olur-olsun dolmalıdır. İndi özün fikirləş, “nəyin bahası” nə deməkdir. O deməkdir ki, get saxta qaimələrə qol çək. Biz də bunu eləmişik, dörd yüz otuz ton pambığın pulunu da kolxoz sədrlərindən alıb qoymuşuq cibimizə. İşdi, səni tutsalar, gedib üç-dörd il yatıb gələrsən, saxta pambıqdan aldığın pulu ömrünün axırına kimi xərcləsən qurtaran deyil. Bir də ki, sən yeddi min ton faktiki olaraq pambıq qəbul eləmisən, dörd yüz otuz ton onun yanında kiçik rəqəmdir.

Əlibala bir qədər fağır görkəm alıb dedi:

– Yox, müdir, mən səninlə razı deyiləm. Dörd yüz otuz ton bir kolxozun planıdır. Bir də ki, mən türməyə girmək fikrində deyiləm. Aldığımız pulu üç yerə bölmüşük. Türməyə girəsi olsaq, üçümüz də girəcəyik. Ona görə də vəziyyətdən çıxış yolu tapmaq lazımdır.

Müdir Əhməd söhbətin bu yerində baş mühasibin üzünə baxdı. Qarayanız Vəli daha da qaralmışdı, gözlərində dərin bir təlaş hiss olunurdu. O, dil-dodağı əsə-əsə dedi:

– Müdir, Əlibala düz deyir. Çıxış yolu tapmıq lazımdır, yoxsa üçümüz də əlli-ayaqlı gedəcəyik.

Müdir Əhməd bir qədər ciddi görkəm alıb, qolundakı saata baxdı və dedi:

– Yaxşı, siz də fikirləşin, bir yol tapaq. İndi isə gecdir, gedək bir az yataq.

Əlibala oturduğu stuldan qalxaraq dedi:

– Mən bir şey fikirləşmişəm.

Müdir tez onun üzünə baxdı:

– Ə, nə fikirləşmisən, xeyir olsun.

Əlibala qapıya tərəf çevrilib:

– İndi gecdir, sabah eşidərsən, – deyib qapıdan çıxdı.

Səhər saat səkkizin yarısında müdir Əhmədi yatdığı çarpayının yanında qoyulmuş şəhər telefonunun zəngi yuxudan oyatdı. Əhməd yuxulu-yuxulu gözlərini açıb dəstəyi qaldırdı:

– Bəli, eşidirəm.

Zəng vuran rayon partiya komitəsinin növbətçisi idi:

– Əhməd müəllim, pambıq qəbulu məntəqəsində yanğın baş verib, yanğınsöndürənlər işləyir, tez iş yerinə gedin. Yoldaş katib də ora gələcək. Əhməd tələm-tələsik paltarını geyinib evdən çıxdı. Həyətdə saxladığı öz şəxsi QAZ-21 Volqa maşınına oturub məntəqəyə tərəf sürdü. Yolda onun xatirində bir gün əvvəl Əlibalanın dediyi sözlər canlandı – “Mən bir şey fikirləşmişəm”. Deməli, bu əclafın fikirləşdiyi bu imiş, – deyə Əhməd dəhşətə gəldi. O, məntəqənin həyətinə daxil olanda iki yanğınsöndürən maşın işləyirdi. Lakin hər birində iki yüz əlli ton pambıq olan altı taya alova büründüyü üçün yanğınsöndürən maşın çatışmırdı. Bir neçə dəqiqədən sonra birinci katib, onun ardınca isə o biri katiblər hadisə yerinə gəldilər. Vəziyyəti görən birinci katib, xidməti maşında quraşdırılmış telefonla Mərkəzi Komitəyə zəng vurub kömək istədi. Hadisə yerinə rayon prokuroru və milis rəisi də gəldilər. Bir saatdan sonra qonşu rayonlardan beş ədəd yanğınsöndürən maşın gəldi və yanğınla mübarizəyə qoşuldular. Qonşu tayalara alov keçməsin deyə, məntəqənin işçiləri və birinci katibin tapşırığı ilə köməyə gələn müxtəlif idarələrin işçiləri həmin tayaların üstünə brezent çadırlar çəkirdilər.

Birinci katib prokuroru, milis rəisini və müdir Əhmədi kənara çəkib qısa göstəriş verdi:

– Yanğın axşama kimi söndürüləcək, dövlətə dəymiş ziyanı dəqiqləşdirin, müqəssirləri tapıb qanunun bütün gücü ilə cəzalandırılmalarını təmin edin. O, bunları deyib xidməti maşına əyləşdi və rayon partiya komitəsinə getdi.

Həqiqətən yanğın tamamilə söndürüldü. Söndürülmüş tayalardan buğ və qara tüstü qalxması hələ xeyli davam etdi.

Müstəntiqlər ilk növbədə qəbulçu Əlibalanı dindirdilər. Ona konkret suallar verdilər:

– Pambıq niyə yanıb, pambığı kim yandırıb?

Əlibala üz-gözünə yazıq görkəm verib, ağlamsınaraq deyirdi:

– Mənim evim yıxılıb, mənim başıma daş düşüb, yalvarıram sizə, tapın əsl cinayətkarı, xalqın malına od vuran düşməni. Bunu qəsdənmi edib, yoxsa təsadüfən olub fərqi yoxdur. Məni bu baladan qurtarın. Mən heç nə bilmirəm. Həmin axşam mən müdirlə və baş mühasiblə birlikdə iş yerində olmuşam. Hər şey öz qaydasında idi.

Bunları deyib, o, müstəntiqin otağından çıxanda müdir Əhmədlə üz-üzə gəldi. Əhməd sərt baxışla onun üzünə baxıb soruşdu:

– Onların yanında artıq-əskik danışmamısan ki?

– Müdir, mən nə danışdığımı bilən adamam.

Əhməd narazı halda başını buladı:

 – Gərək mənimlə məsləhətləşmədən bu işi tutmayaydın. İndi görək sənin qarışdırdığın bu zibilin altından necə çıxacağıq.

Əhməd bunları deyib müstəntiqin otağına daxil oldu. Müstəntiq ona da eyni sualı verdi:

– Pambıq niya yanıb?

Əhməd təhər-tövrünü pozmadan təmkinlə cavab verdi:

– Mən bir müdir kimi məndən asılı olan hər şeyi etmişəm. Məntəqənin öz gözətçisi, yanğından mühafizə üzrə müfəttişi, su hovuzları, yanğınsöndürən nasosları və balonları var. Qəbulçu da bu işə nəzarət edənlərdən biridir. Hələlik yanğının nədən baş verdiyini biz də aydınlaşdıra bilməmişik, yoldaş müstəntiq. Gəlin sizli, bizli köməkli axtaraq.

Müstəntiqlər üç gün pambıq qəbulu məntəqəsinin hər işçisini bir neçə dəfə dindirdi, lakin yanğının səbəbini və müqəssiri tapa bilmədilər. Sirli cəhət o idi ki, məntəqədə altı ədəd tayada yanğın eyni zamanda baş vermişdi. Bu necə ola bilərdi? Nəhayət, əlləri hər yerdən üzülən müstəntiqlər prokurorluqdan xahiş etdilər ki, Bakıdan təcrübəli müstəntiq dəvət edilsin.

İki gündən sonra rayon prokurorluğuna Bakıdan ucaboylu, yaraşıqlı bir kişi gəldi. O, prokurorun otağına girib özünü təqdim etdi:

– Respublika prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, polkovnik Nadir Nəbizadə. Pambıq məntəqəsində yanğınla əlaqədar sizin sərəncamınıza göndərilmişəm.

Prokuror onun haqqında çox eşitmişdi, səriştəli mütəxəssis olduğunu bilirdi. Ona görə də o Nəbizadəni səmimi qarşıladı, çay gətirilməsini tapşırdı və dedi:

– Yoldaş Nəbizadə, xoş gəlmisiniz, çay için, bir az dincəlin, sonra işə başlayarsınız.

– Çox sağ olun, yoldaş prokuror, ancaq dincəlməyə vaxt yoxdur. Mən dərhal işlə tanış olmaq istəyirəm.

– Yaxşı, onda çayınızı için, iş qonşu otaqda, müstəntiq Rəhimov yoldaşdadır. İşlə tanış olun.

Polkovnik Nəbizadə çayını içib qonşu otağa keçdi. Müstəntiq Rəhimovdan iş üzrə qovluqları alıb diqqətlə baxdı, verilən ifadələri oxudu, sonra başını qaldırıb müstəntiq Rəhimova dedi:

– Mən hadisə yerinə getməliyəm, xahiş edirəm mənə maşın verilsin. Bir də xahiş edirəm mənim gəldiyim barədə məntəqə işçiləri bilməsinlər.

– Yoldaş Nəbizadə, mənim maşınımla gedərik, – deyə Rəhimov pəncərədən görünən, həyətdə dayanmış QAZ-21 markalı Volqanı göstərdi.

– Sağ olun, yoldaş Rəhimov, ancaq mən tək getmək istəyirəm, özü də tanınmayan maşınla.

– Olar, bir dostumuz var xahiş edərəm, öz maşınını bir neçə günlüyə sizə verər.

Nəbizadə ona verilən maşının sükanı arxasına oturub, pambıq qəbulu məntəqəsinə sürdü. Darvazanın qabağında dayanmış gözətçi ona yaxınlaşıb soruşdu:

– Nə lazımdır?

Mülki formada olan Nəbizadə gözətçini başdan-ayağa süzüb dedi:

– Mən Bakıdan gəlmişəm, yanğından mühafizə idarəsindən, hadisə yerinə baxmaq istəyirəm.

Son vaxtlar belə gözlənilməz qonaqların tez-tez gəlməsinə alışmış gözətçi Nəbizadəni həyətə buraxıb, özü müdirin yanına qaçdı.

Nəbizadə maşınla məntəqənin həyətinə daxil oldu və yanmış tayanın birinin yanında maşından düşüb, tayanı gözdən keçirməyə başladı. Bu zaman müdir Əhməd və qəbulçusu Əlibala özlərini yetirdilər, salam verib maraqla Nəbizadəyə baxdılar.

Nəbizadə onların salamını dilucu alıb, özünü yanğından mühafizə müfəttişi kimi təqdim etdi və başqa bir tayaya yaxınlaşdı. Beləliklə, o, yanmış tayaların altısını da diqqətlə gözdən keçirdi. Tayaların hamısının aşağı hissəsində havalanmaq üçün hər dörd-beş metrdən bir tunellər açılmışdı. Tayaların çöl səthində yeddi-səkkiz santimetr qalınlıqda pambıq yanmışdı. Açılmış tunellərdə isə hava çatışmadığı üçün yanmış səth daha az idi.

Nəbizadə yanmamış tayalardan birinin yanından keçəndə, tayanın içində açılmış tuneldə əlində kiçik bir çubuq olan yeddi-səkkiz yaşlarında oğlan çıxdı.  Nəbizadə müdir Əhmədə tərəf dönüb soruşdu:

– Bu uşaq kimdir və burda nə gəzir?

– Nərahat olmayın, gözətçinin uşağıdır. Bu tunellərdə göyərçinlər yuva qurur, uşaq da onlarla oynayır, yumurtalarını yığır.

Nəbizadə narazılıqla başını bulayıb başqa bir yanmış tayaya yaxınlaşdı. O, bəzən əlində tutduğu bloknotda qeydlər edirdi. Onun hərəkətlərini diqqətlə izləyən Əhməd və Əlibala bir şey başa düşə bilmirdilər. Xüsusən qəbulçu Əlibala özündən arxayın şəkildə istehzalı nəzərlərlə Nəbizadəyə baxırdı. Nəbizadə işini qurtarıb ətrafa baxdı, qalan tayalar salamat idi. Ətrafda heç kəs yox idi.

Birdən o, sərt baxışla Əlibalanın üzünə baxıb, adamı qılınc kimi kəsən soyuq bir səslə dedi:

– Ə, vicdansız, pambığı niyə yandırmısan?

Söz güllə kimi dəydi Əlibalaya. Onun ayağının altından yer qaçdı. Bir anlığa nəfəsinin kəsildiyini hiss etdi. Özündən asılı olmayaraq Nəbizadənin qarşısında diz üstə düşdü və ağlamağa başladı:

– Yoldaş Nəbizadə, kim olduğunuzu bilmirəm, bir qələtdir eləmişəm, başqa çıxış yolu tapa bilmədim. Məni balalarının başına çevir, ələ vermə, nə istəsən verərəm.

Özünü təmkinli aparan Əhməd soruşdu:

– Yoldaş Nəbizadə, siz nəyə əsasən bu qərara gəldiniz ki, pambıq yandırılıb və onu məhz Əlibala yandırıb?

– Burada çətin bir iş yoxdur. Altı tayanın hamısının səthi eyni qədər yanıb. Əgər od bir tayadan o birinə keçsəydi, tayanın biri çox, digəri isə az yanardı. Bu onu göstərir ki, kimsə tayaları benzin və ya ağ neftdən istifadə etməklə eyni vaxtda yandırıb. Kimin yandırmağına gəlincə, bu da aydındır. Mən fikir verdim, məntəqə çox ciddi mühafizə edilir. Kənar adam burada belə arxayınlıqla benzin və ya neft gətirib tayalara od vura bilməzdi. Deməli, bunu ya müdir edib, ya da qəbulçu. Mən bayaqdan gözaltı fikir verirəm. Sən Əhməd, ağayana adamsan. Belə çirkli işə girişməzsən. Əgər pambıq nə səbəbdənsə çatışmırsa, sən onu başqa yolla aradan qaldırmağa çalışarsan. Ancaq üz-gözündən cin, şeytan yağan bu adam, – deyə o, qəbulçu Əlibalanı göstərdi, çıxış yolunu ancaq pambığı yandırmaqda görüb və bu ağır cinayəti törədib. İndi o, “dövlətə külli miqdarda zərər vurmaq” maddəsi ilə məsuliyyətə cəlb ediləcək.

Bunu deyib Nəbizadə müdir Əhmədə müraciət etdi:

– Yəqin sənin burada rahat işləmək üçün iş otağın var, gedək işimizi davam etdirək.

Əhməd hələ də dizüstə dayanıb qalmış Əlibalanın qolundan tutub qaldırdı və onun qulağına pıçıldadı.

– Ə, deyəsən bu adam bizi ələ vermək istəmir, toxtaq tut, görək nə olur. Əgər ələ vermək istəsəydi, mənim kabinetimə yox, ya milis şöbəsinə, ya da prokurorluğa gedib bizi ora apartdırardı. Sən yeməkxanaya yemək sifariş ver, kişi səhərdən bizimlə çalışır, yəqin acdır. Bunu deyib Əhməd addımlarını yeyinlətdi və Nəbizadəyə çatıb, onu öz kabinetinə dəvət etdi.

Bayaqdan qanadı qırıq qarğanı xatırladan Əlibala müdirin bu sözündən sonra sanki özünə gəldi. Cəld addımlarla yaxınlıqda olan yeməkxanaya gedib, yemək sifariş verdi və tapşırdı ki, yemək hazır olan kimi idarəyə gətirsinlər. O, idarəyə qayıdanda müdirlə Nəbizadə çay içirdilər. Yarım saatdan sonra bir cavan oğlan əlindəki sinidə Azərbaycan mətbəxinin ən dadlı yeməklərini gətirib, süfrə saldı, yeməkləri stolun üstünə düzdü. Bir şüşə konyak da vardı.

Nəbizadə içkidən imtina etdi. Yemək yeyilib, süfrə yığışdırılandan sonra Nəbizadə portfelindən bir neçə vərəq ağ kağız çıxarıb Əlibalanın qabağına qoydu və dedi:

– Yaz, respublika prokurorluğunun mühüm işlər üzrə müstəntiqi yoldaş Nəbizadəyə, pambıq qəbulçusu Bağırov Əlibala tərəfindən izahat: “Mühüm işlər üzrə müstəntiq” sözünü eşidən Əlibalanın qələm əlindən düşdü, rəngi ağardı, huşunu itirdi və başını stolun üstünə qoydu.

Müdir Əhməd də narahat oldu, ancaq özünü tox tutdu və stolun üstündəki qrafindən stəkana su töküb Əlibalaya uzadaraq dedi:

– Ə, özünü ələ al, adamın başına iş gələr, belə mərd müstəntiqin əli ilə mənə güllələnmə verilsə də “uf” demərəm. Götür suyu iç.

– Müdir, evimiz yıxıldı, balalarımız yetim qalacaq. Mən elə bilirdim bu yoldaş yanğından mühafizə işinə baxır. Sən demə, bu müstəntiqin yekəsiymiş, hər şeyi də bildi, boynumuza qoydu. Bizi güllələyəcəklər. Mənim buna şübhəm yoxdur.

Bu zaman müdirin stolunun üstündəki telefon zəng çaldı. Müdirin yerində oturmuş Nəbizadə telefonun dəstəyini qaldırdı. Zəng edən rayon prokuroru Bayramov idi. Onu səsindən tanıyan Nəbizadə cavab verdi:

– Eşidirəm, yoldaş Bayramov.

– Yoldaş Nəbizadə, səhərdən getmisiniz, sizdən nigaran qaldım. İşiniz necə gedir, nahar eləmisiniz?

– Çox sağ olun, yoldaş Bayramov, nahar eləmişəm, iş barədə də bəzi ip ucu var. Yekunlaşdırıb sizə məlumat verəcəyəm.

– Lap yaxşı, yoldaş Nəbizadə, mən inanırdım ki, siz bu işin öhdəsindən gələcəksiniz. Sizə uğurlar. Siz gələnə kimi öz kabinetimdə gözləyəcəyəm. Nəbizadə dəstəyi yerinə qoyub Əlibalanın üzünə baxdı. Prokurorun zəngini və Nəbizadənin cavabını diqqətlə izləyən Əlibala oturduğu stulda diriykən ölmüşdü. Rəngi ağarmış, dodaqları səyriyir, əlləri əsirdi. Nəbizadə, Əlibalaya baxıb sərt səslə dedi:

– Vətəndaş Əlibala, özünü ələ al, pambıq niyə əskik gəlib və sən pambığı necə yandırmısan, hamısını olduğu kimi izahat vərəqinə yaz.

Əlibala əlləri əsə-əsə yazmağa başladı.

Müdir Əhməd bütün iradəsini toplayıb Nəbizadəyə müraciət etdi:

– Yoldaş Nəbizadə, siz qalib gəldiniz. Rayon müstəntiqlərinin neçə gündə sübut edə bilmədiklərini bir gündə sübut etdiniz. İndi biz sizin əlinizdəyik, əgər bir çıxış yolu varsa, bizə kömək edin, balalarımız yetim qalmasın, xəcalətinizdən necə lazımdır çıxarıq.

Nəbizadə müdir Əhmədin üzünə baxıb dedi:

– Məni prokuror gözləyir. Gedirəm onun yanına. Oradan çıxanda görüşərik.

Nəbizadə Əlibalanın əyri-üyrü xətlə bir neçə vərəqə yazdığı izahatını götürüb, müdir Əhmədin və başqa işçilərin də izahatlarını topladığı portfelinə qoydu və qapıya tərəf yönəldi.

İş vaxtı çoxdan qurtarsa da, rayon prokuroru onu öz otağında gözləyirdi. Prokuror ayağa durub Nəbizadə ilə görüşdü, oturmasını xahiş etdi.

Çay gətirdilər.

– Yoldaş Nəbizadə, yəqin gərgin işdən sonra yorulmusunuz, çayınızı için, sonra iş barədə məlumat verərsiniz. Biz də əsl cinayətkarların adını sizdən öyrənib, cəzalandırarıq.

Nəbizadə çayını içib iş barədə məlumat verməyə başladı:

– Yoldaş Bayramov, mən hadisə yerini diqqətlə araşdırdım, əlaqədar adamları dindirdim və müəyyən etdim ki, pambıq qəsdən yandırılmayıb. Məntəqə gözətçisinin yeddi yaşlı oğlu tayanın içində açılmış tuneldə göyərçin tuturmuş. Tunelin içi qaranlıq olduğu üçün uşaq kibrit yandırıb. O, sönməmiş kibriti yerə atıb, bu zaman yerə tökülmüş pambıq alışıb. Alov bütün tuneli bürüyüb. Tunelin içində olan göyərçinlərin qanad-quyruğu da od tutub. Özlərini itirmiş göyərçinlər həmin tuneldən uçub çıxaraq, yana-yana başqa tayalarda açılmış tunellərə doluşublar. Beləliklə də, eyni vaxtda bir neçə, daha doğrusu, altı taya yanmağa başlayıb. Qalanını siz özünüz bilirsiniz. Hesab edirəm ki, mən işimi qurtarmışam, gecəni sizin qonaq evində keçirib, sabah Bakıya qayıtmaq istəyirəm.

Prokuror eşitdiklərinə inanmırmış kimi təəccüblə onun üzünə baxdı.

 





21.02.2013    çap et  çap et