525.Az

Sənət və səmimiyyət - I yazı


 

FƏLSƏFİ- ESTETİK MÜLAHİZƏLƏR

Sənət və səmimiyyət - <b style="color:red">I yazı</b>

Hələ uşaqlıqdan atamın müasirləri ilə söhbətlərində dönə-dönə dediyi bir fikir yaddaşımda hakim kəsilib: Sənətkar və bədii əsər səmimi olmalıdır! Sonralar - ali məktəbdə oxuyanda, aspiranturada təhsil alıb elmi iş yazanda, doktorluq müdafiəsi edəndə, 30 ildən artıq ölkənin unikal bədii təhsil ocağı - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rəhbərlik edəndə əksəriyyəti görkəmli rejissorlar, aktyorlar, musiqiçilər, rəssamlar olan pedaqoqlarla söhbətlərimizdə bu məsələni çox müzakirə etmişik və çalışmışıq ki, yaradıcılıq fakültələrinin tələbələrinə bu fikirləri aşılayaq. Sənətdə səmimiyyət başlıca şərtdir. Müxtəlif monoqrafiyalar, dərsliklər üzərində işləyərkən nəzəri hazırlıqla bərabər bu sahədəki təcrübəmə əsaslanır, səmimiyyəti başlıca sənət meyarı kimi götürür və çalışırdım ki, əsərlərimin konsepsiyasını onun əsasında formalaşdırım.

Amma həmişə məni belə suallar düşündürüb: Sənətdə səmimiyyətin bədii-fəlsəfi mahiyyəti nədir? Həmin sual ətrafında düşüncələr bu yazının məzmununu təşkil edəcək. Hər şeydən öncə onu deyim ki, səmimiyyət sənətin-ədəbiyyat və incəsənət əsərlərinin cövhərini, mayasını təşkil edir. Maya saf olmasa yaradılan əsər gözəl ola bilməz. Mənə belə gəlir ki, qloballaşma, yüksək texnologiyalar, informasiya müharibələri epoxaları olan müasir zəmanəmizdə sənətdə-istər bədii ədəbiyyatda, istərsə də incəsənət əsərlərində sənətkar səmimiyyətinə az-az rast gəlinir. Sənətkarın mövqeyi çətinləşib. O başlıca vəzifəsini-mənəvi gözəllik üçün məsuliyyətin öhdəsindən kifayət qədər gələ bilmir. Şəxsi müşahidələrimə əsaslanıb mühakimə üçün  bunun bəzi səbəblərini deyə bilərəm: birinci, bədii yaradıcılığın ilahi vergisi olan istedad sayəsində ərsəyə gəldiyinə sənətkarların inamı bir qədər azalıb, bununla da sənətdə səmimiyyət və sənətkarda vəhy imkanları zəifləyib; ikinci, qloballaşma prosesində sərhədsiz dünya imkanından istifadə sayəsində mədəniyyətlərin inteqrasiyası ilə əlaqədar dünya mədəniyyətinin təzyiqinə milli mədəniyyətin müqaviməti azalıb;  üçüncü,  sənətdə səmimiyyətin ali bədii-fəlsəfi ifadəsi olan məhəbbət mövzusu "köhnəlib", ona münasibət ikinci plana keçib; dördüncü,  insanla Tanrı arasında münasibətlər zəiflədiyindən sənətin enerjisi azalır, duyğular kütləşib, sənət alilikdən adiliyə enib. Şeyx Nizami deyirdi: 

İdrakı dindirsən, söyləyər o da,
Hər şey eşq üstündə durur dünyada.

Mövlanə Məhəmməd Füzuli isə yazıb :

Yarəb, bəlayi eşq ilə qıl aşina məni.
Bir dəm bəlayi eşqdən etmə cüda məni.

Füzuli bir də belə deyirdi: Sözə xor baxmaq olmaz, hər söz ərşdəndir gəlir hədiyyə bizə. Ərşdən gələn sözü fərşdə qəbul etməyə qüdrəti çatan  istedad sahibləri azalıb. "İlahi feyzdən bir xəzinədir söz"-bu xəzinənin açarı səmimiyyətdir. Mömin dua və ibadətlə, sənətkar fəhm və səmimiyyətlə "yaradanın mədhi- sənası, nəğməsi" olan SÖZə yetişə, onu eşidə və dinləyə bilər. Elə buna görə Şeyx Nizami deyirdi: Yaranmışların sırasında Allahdan sonra "Əvvəl peyğəmbərlər, sonra şairlər" gəlir. Allah peyğəmbərlərə vəhy, şairlərə fəhm bəxş etdi. Dahi Füzuli heç yerdə "dərk et!" demir, hər yerdə "fəhm qıl!" deyir. Çünki fəhm idrakdan qat-qat güclüdür. İlham sənətkarın ən qiymətli sərvətidir. O, sənətkar qəlbinin azadlığında boy atır. İlhamı bəsləmək, süsləmək gərəkdir, ona zor göstərmək olar, o yalnız səmimiyyətə tabe olur. Böyük nəzəriyyəçi, XX əsrin 20-ci illərində dəvətlə Bakıda fəaliyyət göstərən ədəbiyyatşünas İsmayıl Hikmət yazırdı ki: "İlham pərisinin büllur gərdəninə istibdad zənciri salmazlar, ipək saçlarına istiqlal çələngi vurarlar".

Sənət çox çətin psixoloji prosesdir, o əsl istedadın möcüzəsi sayəsində həyata keçirilir. Əslində "İlham ruhun enerjisidir, lakin onu insanın iradəsi deyil, nə isə insandan asılı olmayan bir təsir oyandırır; buna görə də ilham azaddır, onu zorlamaq olmaz" (V.Belinski). Materialist estetikanın nümayəndəsi olduğuna görə V.Belinski "ilahi qüvvə" əvəzinə "insandan asılı olmayan bir təsir" adlandırır. "Sənətkarın iradəsi - onun ilhamıdır!" kimi qəti bir fikirlə Belinski pafosu izah edərkən "pafos insan qəlbində həmişə ideyanın oyadıb yandırdığı və həmişə ideyaya can atan ehtirasdır- deməli sırf ruhu, mənəvi və ilahi ehtirasdır". Beləliklə də tənqidçi pafosu "ilahi ehtiras" adlandıraraq mistik-idealist nəticəyə gəlir". Bütün bunlar insanın-sənətkarın şəxsiyyəti ilə bağlı olub, ondan nəşət edir. Şəxsiyyət istedad sayəsində ilahi keyfiyyətləri özündə toplayır. Bu adi şəxsiyyət deyil, sənətkar şəxsiyyətidir. Sənət onun mənəvi aləmindən doğulur: "Şairin yaradıcılıq fəaliyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadır, buna görə də onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır" (Belinski). Beləliklə, sənətin səmimiyyəti şəxsiyyətin səmimiyyəti ilə bağlıdır. Materialist dünyagörüşü şəxsiyyəti, xüsusən yaradıcı şəxsiyyəti əsasən ictimai münasibətlərin məhsulu kimi izah edir. Bu zaman sənətdə səmimiyyəti sosiologiya əvəz etməyə başlayır. Bunu Sovet incəsənətinin timsalında izləmək olar. Ən yaxşı halda bu sənət "formaca milli, məzmunca sosialist" kimi müəyyən olunsa da burada forma formal xarakter daşıyır, məzmun həlledici mövqedə olurdu. Başqa sözlə, bədiilik, milli müəyyənlik ideyaya, çox zaman da birtərəfli, tendensiyalı, saxta kommunizm ideyasına qurban verilirdi. Bu halda nə sənətdə şəxsiyyət başlanğıcının təzahürü olan sənətkar "Mən"indən, nə də təbii ki, sənət üçün başlıca keyfiyyət olan səmimiyyətdən danışmaq olmaz.

Hələ XX əsrin 20-30-cu illərində ədəbi mübahisələrin iki qütbündə dayanan, cəbhələşən "formalizm" və "vulqar sosiologizm" cərəyanları əslində sənətdə səmimiliyə dar bədiiliklə, sənətdə ifrat ideyaya istinad edən sosiallığın mücadiləsi idi. Bəzi hallarda, elə indi də unudulur ki, sənət və sənətkar təkcə ictimai faktorla izah oluna bilməz. Sənətkar şəxsiyyəti müəyyən genetik kodun daşıyıcısıdır, onun ictimai düşüncəsindən başqa gen yaddaşı, qan yaddaşı, ağrı yaddaşı, doğulduğu təbiət amili var. Görkəmli tənqidçi Yaşar Qarayev sənəti ağrı yaddaşının bədii ifadəsi kimi araşdırırdı. Alman şairi Henrix Heyne yazırdı ki, şairi tanımaq üçün onun doğulduğu yerə-vətəninə getmək lazımdır. Coğrafiyanın mühüm amilinin (nəzərə alsaq ki, dünyada mövcud olan 11 iqlimin 9-u Azərbaycanda var) sənətin təbiətinə, xüsusən sənətdə səmimiyyətə güclü təsiri vardır. Bunu təkcə mən demirəm, pozitivist estetikanın banilərindən fransız filosofu İppolit Ten hələ XIX əsrdə yaratdığı "İrq, mühit, moment" nəzəriyyəsi ilə bu fikri ortaya atmışdır.

Sənətdə səmimiyyətdən bəhs edərkən son zamanlar tez-tez işlənən bir fikri də çözmək lazım gəlir. Nəzəriyyəçilər yazırlar ki, Şərq və Qərb dəyərlərinin vəhdəti sənət əsərlərinin müvəffəqiyyətinin rəhnidir. Bu qənaət XIX əsrin ikinci yarısından üzü bəri sənət meyarı kimi əvvəl ədəbiyyata, XX əsrin əvvəllərindən etibarən incəsənətə tətbiq olunmağa başlayıb. Bununla da guya modern-avropaçı sənət Avropa və Asiyanın qovşağında yerləşən Azərbaycanda estetik meyara çevrilib. Bəlkə də burada müəyyən həqiqət var... Lakin gəlin bir qədər dəb xatirinə termini işlətməkdən əl saxlayıb obyektiv həqiqətə işıq tutan bəzi mühakimələr irəli sürək:

Sərt konfliktlər üzərində bərqərar olmuş Qərb sənəti sıçrayışlı inkişaf keçirib, yeni mərhələ özündən əvvəlkini inkar etməklə irəliləyib. Özündən əvvəlki mərhələnin bətnində yetişən, təkamülü (evolyusion) mərhələləri ilə inkişaf edən Şərq incəsənəti (ədəbiyyat və mədəniyyəti) harmoniya üzərində köklənib. Azərbaycan incəsənətində səmimiyyət bu harmoniyanı əks etdirir. Bu da həqiqətdir ki, Azərbaycan ədəbiyyatı və incəsənətində istər XX əsrin əvvəllərində - C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, H.Cavid və 60-cı illər ədəbiyyatında və incəsənətində R.Rza, İ.Əfəndiyev, Ə.Məmmədxanlı, S.Əhmədov, Anar, Elçin, Fikrət Qoca və başqaları, musiqidə Ü.Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov və.s. teatr sənətində H.Ərəblinski, Adil İskəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov, rəngkarlıq sənətində Tahir Salahov, Mikayıl Abdullayev, Nadir Əbdürrəhmanov, Rasim Əfəndiyev   və başqaları həm Qərb üslubunu, həm də Şərq sənətinin harmonik üslubunu öz yaradıcılıqlarında ehtiva etmişdilər.

Poeziyada bədii təsvir vasitələri, ahəng, vəzn, qafiyə, musiqidə səslərin, rəssamlıqda rənglərin harmoniyası, xoreoqrafiyada ritm mahiyyət etibarilə sənətdə səmimiyyətin təzahür formalarıdır. Sənətdə estetik təsirin əsas güc, enerji mənbəyi səmimiyyətdir. Səmimiyyət istedadı yaradıcı fədakarlığa sövq edən, onu idarə edən qüvvədir. Xalq şairi Səməd Vurğun məşhur "Şairin hüquqları" məqaləsində yazır: "Şair hər yerdə və hər cür iqlimdə öz xüsusi poetik səsini qoruyub saxlamalıdır". Sovet yazıçılarının İkinci Ümumittifaq qurultayında "Sovet poeziyası haqqında" əlavə məruzəsində lirikadan bəhs edərək onu belə mənalandırır: "Lirika öz nəğməsini oxuduqdan sonra o saat uçub gedən gəldi-gedər quşlara bənzəməməlidir... Lirik şeir, mahnı insan qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və zümrüd quşu kimi onu isindirməli, zəhmətdə, mübarizədə, kədərli və nəşəli dəqiqələrdə o insana yoldaş olmalı, onda nəcib hisslər oyatmalı və beləliklə də insanı yüksəltməli, onu daha güclü, daha ağıllı və mənəvi cəhətdən zəngin etməlidir". Bütün bu keyfiyyətlərə, bu mənəvi-estetik gücə sənət, o cümlədən, lirik poeziya məhz səmimiyyət sayəsində nail olur.

 





09.06.2016    çap et  çap et