525.Az

Bu il tikinti sektorunda 22 nəfər həlak olub


 

Bu il tikinti sektorunda 22 nəfər həlak olub

Azərbaycanda işçilər üçün ən təhlükəli sahə tikinti sektorudur.

Bu ilin yanvar-avqust aylarında iş yerində baş verən bədbəxt hadisələrdə əsas yeri inşaat sektoru tutur. «APA-ECONOMICS»in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin rəis müavini Rauf Tağıyev bildirib ki, bu il istehsalatda baş vermiş bədbəxt hadisələrin sayı 136 olub, bunların nəticəsində həlak olanların sayı 49 olub, 107 nəfər isə xəsarət alıb.

İş yerində baş verən bədbəxt hadisələrin və insan tələfatının böyük hissəsi tikinti sektorunun payına düşür. Belə ki, bu ilin 8 ayında tikinti sektorunda 49 bədbəxt hadisə baş verib, 22 nəfər həlak olub: «Bunların əksəriyyəti, demək olar hamısı yüksəklikdən yıxılanlardır».

R.Tağıyevin sözlərinə görə, Əmək Müfəttişliyi məsələnin aktuallığını nəzərə alaraq işəgötürənlərlə əməyin təhlükəsizliyi mövzusunda təlimlər təşkil edir, bu təlimlərə xarici mütəxəssislər də dəvət olunub: «Məsələn, sabah Nazirlikdə həm müfəttişlərə, həm də tikinti sektorunda çalışan şirkətlərin təhlükəsizlik məsələlərinə məsul şəxslərinə treninq keçiriləcək. Bunun üçün Almaniyadan xüsusi avadanlıq gətirilib, treninq çərçivəsində tikinti meydançasına səfər də planlaşdırılıb və həmin avadanlıq orada quraşdırılacaq və onun imkanları nümayiş etdiriləcək, hətta qəza halı imitasiya ediləcək».

R.Tağıyev qeyd edib ki, tikintidə qəza hallarının baş verməsinin səbəbləri arasında həm şirkətlərin bu işə lazımi məsuliyyətlə yanaşmaması, həm də təhlükəsizlik üçün istifadə edilən avadanlığın lazımi keyfiyyətdə olmaması var.

 





25.09.2012    çap et  çap et