525.Az

Şeyxdən Xocalı müraciəti


 

Şeyxdən Xocalı müraciəti<b style="color:red"></b> Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

İdarənin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müraciətdə Xocalı faciəsinin bu günədək beynəlxalq səviyyədə qınaq obyektinə çevrilməməyi, faciəni törədənlərin  lənətlənməməyi pislənilib.
 
Müraciətdə deyilir: “Artıq 21-ci ildir ki, Azərbaycan Respublikasının milyonlarla vətəndaşının iradə və hisslərini ifadə edərək, dinindən, dilindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün dünya ictimaiyyətinə, planetimizin taleyi üçün məsuliyyət daşıyan dünya liderlərinə, dövlət rəhbərlərinə, parlamentlərə və beynəlxalq təşkilatlara üz tutur, israrla müraciət edirəm. Çünki əminəm ki, cahanda elə bir xalq, elə bir din ola bilməz ki  ümumbəşəri mənəvi dəyərləri inkar etsin, zor, qətl, təcavüz kimi qeyri-humanist əməllərə haqq qazandırsın, qanlı cinayətlərə bəraət versin. Bəşəriyyət insanlığa qarşı cinayətləri daima nifrətlə damğalamış, insan sifətini itirmiş qatillərin əməllərini hər zaman lənətləmişdir. Lakin təəssüflə qeyd olunmalıdır ki, dünya tarixinin qanlı səhifələrindən birini təşkil edən, Azərbaycan şəhəri Xocalının insanlıq adına ləkə olan faciəsi hələ də tarixin mühakiməsinə verilməmiş, bu, misli görünməmiş soyqırımı faktı layiqli siyasi qiymətini almamışdır. Bu gün mənim həmvətənlərimin ədalətə ümidləri Allahın Mərhəmətinə və bəşəriyyətin düzgün münasibətinə bağlıdır. Bəşər övladının qan yaddaşında ikili standartlar yolverilməzdir, lakin artıq iyirmi ildir ki barəsində aləmə car çəkdiyimiz Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə qınaq obyektinə çevrilməyib, onun baiskarları lənətlənməyib. 1992-ci il fevralın 26-da  bütöv bir şəhərin - minlərlə dinc, silahsız, müdafiəsiz Xocalı sakininin erməni quldurlarının qəfil və amansız basqınına məruz qalması, 613 nəfərin xüsusi qəddarlıqla qətlə yetirilməsi, qocalara, uşaqlara, hamilə qadınlara belə rəhm olunmaması, 1275 nəfərin əsir götürülərək ağır işgəncələrə məruz qalması, meyitlərin üzərində təhqiramiz həqarətlər edilməsi kimi vəhşiliklərə biganə qalmaq bəşəriyyətə baş ucalığı gətirə bilməz. Lakin təəssüf və təəccüb doğuran fakt odur ki, bəşəriyyət ədalət çağırışlarımızı gərəkən etina ilə qarşılamır, beynəlxalq təşkilatlar bu misli görünməmiş cinayətin üzərindən hələ də sükutla keçirlər”.
 
Şeyx müraciətində dünya xalqlarını Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıb: “Mən dünya ictimaiyyətini sayıq olmağa, erməni ekstremistlərinin məkrli təbliğatına uymamağa, özgə torpaqlarına göz dikən terrorçu dövlətin törətdiyi insan əxlaqına, beynəlxalq hüquqa zidd qanlı qırğını öz adı ilə çağırmağa səsləyirəm. Artıq 20 ildir ki, Xocalı qurbanlarının ahı Qarabağın dağlarında dolaşır. Hər bir sülhsevər insanın borcu bu işdə bizə həmrəy olmaqdır. Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah daha ağır rəzalətin qurbanı ola bilərik. Mən, din xadimi olaraq, bütün dünya xalqlarına sülh, səadət, əmin-amanlıq və rifah diləyirəm. Hər kəsə xatırlatmağı vacib sayıram ki, Rəbbimiz qarşısında, bəşəriyyət qarşısında vicdan naminə müqəddəs borcumuz ədalətin bərqərarına nail olmaqdır. Odur ki, üzümü bir daha dünya ölkələrinin dövlət başçılarına, parlamentlərinə, xalqlarına və beynəlxalq təşkilatlara tutaraq, onları Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini insanlığa qarşı soyqırımı aktı kimi tanımağa çağırıram”.
 





21.02.2013    çap et  çap et