525.Az

Sənət və səmimiyyət - II yazı


 

FƏLSƏFİ-ESTETİK MÜLAHİZƏLƏR

Sənət və səmimiyyət - <b style="color:red">II yazı</b>

Sənətdə insan qüdrətinin fövqəladə imkanlarını əks etdirən nəcib mənəvi-estetik keyfiyyət olan səmimiyyətin son dövr incəsənətində zəifləməsi bir də postmodernizm meylləri ilə bağlıdır.

Yeni sənət və yeni sənət iddiası ilə XX əsrin ikinci yarısından Qərb ədəbiyyatında və sənətində meydana çıxan postmodernizm yeni və cazibəli görünmək üçün klassik kanonları və formaları inkar etmək yolunu tutmuşdur. Hətta bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar yaratdığı kimi postmodernizm də modernizmi inkar edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaratdı. Modernistlər tarixi ənənənin radikal inkarçısı kimi çıxış edirdilərsə, postmodernistlər də tolerant şəkildə tarixi ənənəni yenidən başqa cür dərk etməyin tərəfdarı kimi çıxış edirdilər. Modernizm kimi postmodernizm də fəlsəfi düşüncə tərzi olaraq “fərd cəmiyyətə yox, cəmiyyət fərdə borcludur” (Herbert Spenser) konsepsiyasına istinad edən liberalizmindən qidalanır. 60-cı illərdən sonra Azərbaycan ədəbiyyatında, musiqisində, eləcə  də  rəssamlığın  çeşidli sahələrində postmodernizm özünü göstərməyə başladı. Azərbaycan “postmodernizmi”ni Qərb postmodernizmindən fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də onun klassik milli ənənələri qorumaqla yanaşı Qərb postmodernizminə yaxınlığı ilə seçilirdi. Bu dövrdə bir sıra sənətkarların yaradıcılığında sənətkar səmimiyyəti özü də postmodernizm üslubunda öz bədii ifadəsini tapırdı, xüsusən intellektual poeziyada bu daha çox özünü göstərirdi.

Orta əsrlərin söz korifeyi böyük Füzuli yazır ki, “Elmsiz şeir əsası yox divar olur və əsassız divar qayətdə bietibar olur”. Şair məşhur qəzəllərindən birində yazır:

Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.

Dahi ustadın bu sənət incələmələrinə güvənərək, deyə bilərik ki, intellekt və səmimiyyət həqiqi sənəti ucaldan qoşa qanaddır. Başqa sözlə, təfəkkür və təxəyyül əl-ələ verib böyük, həqiqi istedad bulağından su içmiş sənəti doğurur. İntellekt sənətkarın dünyagörüşündən doğulur, onu böyük və mühüm ideyaya doğru istiqamətləndirir, bədii formalar axtarışına yardımçı olur. Əslində hər bir sənətkarın yaradıcılıq istedadı onun özünüifadə istəyindən doğur. Sənətkarın özünüifadəsi isə sənət və yaradıcılıqda gerçəkləşir. Sözün ilahi vergi olmasından, müqəddəsliyindən çox yazılıb. Söz sərrafı, dahi Füzulinin dili ilə desək, yoxdan var olan söz ilahi çağırış kimi qeyb pərdəsindən üzünü göstərməklə gözəl bir nigar kimi könülləri ələ alır:

Bir nigari-ənbərin xətdir könüllər almağa,
Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz.

Söz həm də bilgi, ləyaqət və səmimiyyət qaynağı kimi insanlara ali həqiqətləri və müqəddəs hissləri təlqin edir. Dahi Nizami Gəncəvi “Sirlər xəzinəsi” dedikdə söz və hikmət xəzinəsini nəzərdə tuturdu.

Səmimiyyəti sənətkar şəxsiyyətindən, onun beynindən və qəlbindən əsərə aparan sözə, səsə, ahəngə, rəngə çevirən, harmoniya yaradan, başqa sözlə desək harmoniyanın “müəllifi” bədii obrazdır”. Ədəbiyyatşünas L.İ.Timofeyev yazırdı ki, “obraz insan həyatının aynasıdır. Obraz vasitəsilə əksetdirmə insan həyatının şəklini çəkmək (portretini yaratmaq-T.Ə.) deməkdir.” Bədii obrazın estetik tutumu dedikdə biz obrazdan ehtiva olunan səmimiyyəti nəzərdə tuturuq. Lakin bu kifayət deyil. G.V.Plexanov yazırdı ki, “incəsənətin, insanların yalnız duyğularını ifadə etməsi barədə fikir də doğru deyil. Xeyr, o, həm onların hisslərini, həm də fikirlərini ifadə edir, lakin mücərrəd deyil, canlı obrazlarda ifadə edir... Onun fərqləndirici xüsusiyyəti məhz bundan ibarətdir. İncəsənət insanın, onu əhatə edən gerçəkliklərin təsiri altında yaşamış olduğu hiss və fikirlərin yenidən oyandığı zaman başlanır, onlara müəyyən obraz ifadəliyi bəxş edir... Hər hansı bir millətin incəsənəti onun psixikası ilə müəyyən edilir”. G.V.Plexanova görə sənət: duyğu, fikir onları əks etdirən bədii obrazdan ibarət psixo-idraki prosesdir. Burada böyük nəzəriyyəçi bir mühüm nüansı da qeyd edir: Gerçəkliyin verdiyi duyğu və fikri özündə yenidən canlandırmaq, təkrar yaşamaq, çoxdan müşahidə etdiyi hadisələri  yenidən bərpa etmək. Bu isə o deməkdir ki, materialist sənət nəzəriyyəçisi G.V.Plexanov sənət üçün başlıca (idealist ) şərt olan təhtəlşüurluluğu qəbul edirdi.

Əlbəttə, obraz ümumi anlayışdır. Təbiət obrazı (peyzaj), heyvan obrazı-(quş, at, şir) və s. Lakin bədii surət yalnız insan obrazıdır. Hər bir bədii obraz forma və növündən asılı olmayaraq yazıçı üçün həyatı təbii əksetdirmə vasitəsidir. V.Q.Belinski yazırdı ki, “yazıçı varlığı canlı və aydın əks etdirərkən, onu inandırıcı lövhələrlə göstərərək, oxucunun düşüncələrinə təsir edərək, həqiqətən də, cəmiyyətdə hər hansı bir sinfin hansı səbəblər üzündən daha çox irəlilədiyini və ya geri qaldığını göstərir”. Sənətkar xalqın psixoloji durumunu, öz duyğu və fikirlərini əks etdirməkdə tamamilə azaddır. Bu artıq onun ilhamının və istedadının meylindən asılıdır. Sənətdə və ədəbiyyatda insan surətindən bəhs edərkən G.V.Plexanov milli xarakteri ön plana çəkir və qeyd edir ki, milli xarakteri tarixi şərait yaradır. Ümumiyyətlə, yazıçının bədii əsərlərinin müsbət qəhrəmanları zaman keçdikcə oxucu hafizəsində dərin iz salır və yaddaşlara həkk olur. Bu qəhrəmanlarda diqqəti cəlb edən əsas xüsusiyyət məhz zamanla xalq həyatı ilə bağlılıqdır. Bu qəhrəmanlar öncə insanlara səmimiyyəti, xeyirxahlıqları, mərdlikləri və mənəvi-əxlaqi keyfiyyətləri ilə səciyyələnir. Akademik Məmməd Cəfər yazırdı ki, “Hər bir xalqın ədəbiyyatının müsbət qəhrəmanları o xalqın həyatının ən qabaqcıl meyllərini, xalqın içərisindən doğan böyük ideyaları, xalq tarixinin ən parlaq səhifələrini, xalqın qüdrətini, ləyaqətini, istedadını, yaşamağa qabil olması hüquqlarını əks etdirir. Müsbət qəhrəmansız böyük ədəbiyyat təsəvvür etmək çox çətindir”. Milli incəsənət konkret tarixi şəraitdə milli ruhu əks etdirir. Bunu bir qədər də obrazlı desək: Yaradıcı insanın-sənətkarın stixiyası yerlə göyün sərhəddidir. Sənət bu sərhəddə yerdən ayrılmaq, göyə yüksəlmək uğrunda çarpışmadır. Sənət insanı göyün ənginliklərinə qaldırır. Ona görə də sənətdə səmimiyyət insana gözəllik ərməğan edən, qəlb rahatlığı gətirən güclü nəcib hissdir. Sənətdə qeyri-səmimilik sənətkarın yaradıcılığının uzunömürlülüyünü azaldan əsas amillərdən biridir. XX əsr həm söz sənətində, həm də incəsənətin bütün sahələrində ənənəvi janrların pozulması, janr münasibətlərində islahatlar aparılması, müxtəlif cərəyanların, xüsusən formalist cərəyanların törətdiyi poetika qalmaqalları ilə yadda qaldı. Keçmiş Sovet məkanında xalqlar, o cümlədən, Azərbaycan xalqının incəsənətinə əsrin qalmaqalları da təsir etdi: Bu əsrdə iki cahan müharibəsi, üç siyasi inqilab, 37-nin qanlı repressiyaları və əsrin sonunda müstəqilliyini qazanan respublikalarda (20 Yanvar faciəsi, Xocalı soyqırımı!) və İslam Şərqində lokal müharibələr baş verdi, böyük islam mədəniyyət abidələri məhv edildi. Bütün bunlar dünyaya humanizm bəxş edən sənətin ideya və poetikasında da köklü dəyişikliklər yaratdı.

Sənətin məhz insan hisslərinin səmimiyyətinə əsaslanan gücü də elə bundan ibarətdir ki, o öz bəşəri-humanist yolundan sapmadı, insan uğrunda mübarizəni silahdan daha qüvvətli apardı. Dövlət başçılarını məhv edən, siyasətin səsini kəsən ən modern silahlar belə sənəti susdura bilmədi-rəssamlıqda rənglər, poeziyada sözlər, musiqidə səslər dəyişmədi, yenə mahnı səsi, xüsusən əsrlərin dərinliyindən süzülüb gələn muğamlar silahların səsini batırdı, xeyirxahlıq, insanpərvərlik mərhəmət dolu ruhumuzun və səsimizin fəlsəfəsi dünyanı fəth etdi. Azərbaycan məhz böyük ədəbiyyatın, müqəddəs dinin, sənətin sayəsində bəşəriyyətə yeni yaşam tərzi-multikulturalizm nümunəsi verdi, insanları qırmaq üçün silah kəşf edən imperialist xislətli dövlətlərə dinindən, dilindən, irqindən asılı olmayaraq bütün insanlara birgəyaşayışı təmin edən multikultural cəmiyyət modeli təqdim etdi.

Qeyd etdiyimiz kimi, sənət dəyərlərin kamil sistemidir, sənətdə ən böyük dəyər səmimiyyətdir. Çünki səmimiyyət insana məxsus ən ülvi, ən nəcib hissdir. O sənətin müqavimətini artırır, sənətin milli müəyyənliyinə və bəşəri nüfuzuna təminat verir. Səmimiyyət heç vaxt tükənməyən sərvətdir, sənətin əbədiyyətinin sirri səmimiyyətdədir. Dünya realizminin korifeyi O.Balzak yazırdı ki, “krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri  halda, sənətkarlar əsrlər boyu insanlar üzərində hökmranlıq ediblər”. Ruh kimi, səmimiyyətə də zor göstərmək, qalib gəlmək mümkün deyil. Sənətin də cövhərini bu iki sözlə görünməyən ali qüdrət təşkil edir.

Sənətkarı şəxsiyyət zirvəsinə qaldıran amillərdən biri də onun səmimiyyətidir. İstedadlı sənətkarın yaratdığı hər bir sənət əsəri hüdudsuzdur, çünki əsl sənət daxili gözəlliyin, yəni görünməyən aləminin, dəruni hiss və duyğularının, sevinc və kədərinin fəlsəfi-estetik tərənnümüdür. Vaxtilə sufilərin, hürufilərin dedikləri kimi: Sənət görünəni deyil, görünməyəni göstərən möcüzədir. Sənət fəhm edilənin bədii vasitələrlə əyaniləşməsidir.

 





11.06.2016    çap et  çap et