525.Az

"UNEC İctimai Nəzarət Şurası" üzvləri valideynlərlə görüşüb


 

"UNEC İctimai Nəzarət Şurası" üzvləri valideynlərlə görüşüb<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasında "UNEC İctimai Nəzarət Şurası" üzvləri sözügedən universitetdə təhsil alan tələbələrin valideynləri ilə görüşüb.

Görüşdən öncə Şura üzvləri valideynlərlə birgə semestr imtahanlarının gedişini izləyib. İmtahanda Kommersiya fakültəsi, İqtisadiyyat və sənaye fakültəsi, Texnologiya və dizayn, müxtəlif fakültələr üzrə ümumilikdə 150-ə yaxın tələbə iştirak edib. Təqdim olunan 50 sualı cavablandırmaq üçün tələbələrə 1 saat 20 dəqiqə vaxt verilib. 1 və 4 kurs tələbələrinin iştirak etdiyi imtahana hər qrup üzrə 1məsul şəxs, 1 nəzarətçi, 1 tütor və 1 dekan müavini nəzarət edib. Tələbələrin işini asanlaşdırmaq üçün imtahanın sualları öncədən universitetin saytında yerləşdirilib. İmtahanda yalnız 25 faiz davamiyyəti olmayan tələbələrin iştirakına icazə verilməyib.

Sonra "UNEC İctimai Nəzarət Şurası" üzvləri valideynlərin şikayət və təkliflərini, onları narahat edən sualları cavablandırıblar.

Valideynlər imtahan zamanı tələbələrə təqdim edilən 700 sualın bir qədər azaldılmasını təklif ediblər. Onlar bildiriblər ki, 700 sualın cavabını yadda saxlamaq tələbələr üçün bir qədər çətindir. Suallar 200 endirilsə və cavablar tələbələrə öncədən verilməsə daha yaxşı olar. Valideynlərin fikrincə, sualların cavablarını tələbələr özləri fikirləşib tapmalıdır. Cavabları əzbərləmək yerinə tələbələr özləri suallara cavab axtarmalı, üzərlərində daha ciddi işləməlidirlər. Bir müddət sonra əzbərlədikləri yaddan çıxacaq, ancaq özləri tapdıqları cavablar yaddaşlarında həmişəlik qalacaq.

Valideynlərə cavab olaraq bildirilib ki, tələbə dərsi semestr ərzində mənimsəyir. Semestr başa çatandan sonra biliyini imtahanda nümayiş etdirir. Semestr boyu aktiv olan, verilən tapşırıqları yerinə yetirən tələbə bu 700 sualın cavabını bildiyi üçün əzbərləməyə də ehtiyac qalmır.

Valideynlər universitetdəki müəllim tələbə münasibətindən razı qaldıqlarını bildiriblər. Onlar vurğulayıblar ki, UNEC-də övladlarına verilən biliyin səviyyəsi onları qane edir. Oxumaq, bilik əldə etmək istəyən hər bir tələbə üçün universitetdə lazımi şərait yaradılıb. Müəllim tələbə münasibəti isə çox yaxşıdır. İmtahanlar zamanı da tələbələrə biliklərini nümayiş etdirmələri üçün bütün şərait yaradılır. Biliyi, savadı olan, imtahanlara yaxşı hazırlaşan hər bir tələbənin biliyi düzgün qiymətləndirilir.

Görüşdən məmnun qaldığını deyən valideyn Nailə Heydərovanın sözlərinə görə, qızı Seyifutat Heydərova universitetin Texnologiya dizayn fakültəsində təhsil alır. 1-ci kurs tələbəsi olan Seyifutat hər zaman dərslərin keçirilmə səviyyəsindən razı qaldığını bildirir: "Mən universitetin rektoru, professor Ədalət Muradova universitetdə tələbələrin yüksək səviyyədə təhsil alması üçün yaratdığı şəraitə görə öz minnətdarlığımı bildirirəm. Mənim övladım yaxşı oxuyan, imtahanlara yaxşı, ciddi şəkildə hazırlaşan tələbələrdən biridir. Obyektiv keçən imtahanlar zamanı da onun biliyi düzgün qiymətləndirili".

Valideynlər universitetdəki tədrisin keyfiyyətindən razı olduqlarını bildirdilər: "UNEC-dəki tədrisin keyfiyyətindən çox razıyıq. İqtisadi informatika və mikro iqtisadiyyat fənlərini tədris edən müəllimlər sözün əsl mənasında gələcəyin savadlı,peşəkar mütəxəssislərini yetişdirirlər. İmtahanlar şəffaf keçir, qiymətləndirmə düzgün aparılır". Valideynlərdən biri imtahanların yazılı formada keçirilməsinin tərəfdarı olduğunu vurğuladı: "İmtahanda test üsulundan istifadə göz yaddaşını artırır və şəffaflığı təmin edir. Ancaq yazılı imtahan tələbənin biliyini artırır. Bu səbəbdən də bəzi imtahanların yazılı formada keçirilməsi daha məqsədəuyğundur".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov deyir ki, bu gün universitetdə təhsil islahatları uğurla həyata keçirilir. Avropa məkanında olan innovativ yeniliklərin UNEC-də tətbiqi çox yüksək səviyyədədir: "Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində elektron təhsil sistemi tətbiq edilir. Bu şəffaflıq deməkdir. Universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflıq təmin olunur. Tələbə rahat, sərbəst şəkildə imtahan verir. Semestr boyu öyrəndiklərini imtahan zamanı nümayiş etdirən tələbənin biliyi lazımi səviyyədə qiymətləndirilir.

Bütün bunları nəzərə alaraq bir çox valideynlər kimi mən də, çox istərdim ki, övladım gələcəkdə məhz UNEC-də təhsil alsın". M.Əhmədovun sözlərinə görə, rektor, professor Ədalət Muradovun apardığı uğurlu təhsil islahatlarının nəticəsidir ki, UNEC-də təhsil almaq istəyən tələbələrin sayı xeyli artıb: "Professor Ədalət Muradov bir rektor kimi universitetdə tələbələrin standartlara uyğun səviyyədə təhsil alması üçün bütün şərait yaradıb. Ən önəmlisi biliyin qiymətləndirilməsində şəffaflıq təmin olunur. Bu doğrudan da təqdirəlayiq bir haldır".

Görüşün sonunda Şura üzvləri valideynlərin təkliflərini rektor, professor Ədalət Muradovun diqqətinə çatdıracaqlarını bildiriblər.

S.QARAYEVA

 





16.06.2016    çap et  çap et