525.Az

Bu dünyanın sevinci, fərəhi də var...


 

Bu dünyanın sevinci, fərəhi də var...<b style="color:red"></b>

Hacı MƏMMƏDOV
respublikanın əməkdar
incəsənət xadimi 

Tanınmış publisist Fazil Rəhmanzadənin 70 illiyinə

Milli mətbuatımızın son onilliklərdəki yaradıcılıq aləminin mənzərəsini səciyyələndirməli olsaq, bir sıra qələm sahiblərinin adlarını xatırlamadan da keçinə bilərik. Fəqət tam səmimiyyətlə bildirim ki, Fazil Rəhmanzadəsiz həmin aləmi təsəvvürə gətirmək mümkünsüzdür. Bu, elə zənn edirəm ki, sübuta ehtiyacı olmayan aksiomdur.

Onun anadan olmasının 70 illiyini qeyd etdiyimiz bu günlərdə bir daha yaradıcılıq yoluna ehtiram və hörmətlə xəyali nəzər saldıq. Yuxarıdakı fikrimizin dürüstlüyünə bir daha əmin olduq.

İndi jurnalist-publisistlər arasında şərti təsnifat bölgüsü aparsaq, Fazil Rəhmanzadə romantik-klassik yönümlü qələm sahibləri sırasında yer alar. O, hər bir iri həcmli əsərində yeni ideyaları ortaya qoymaqla ən çətin zirvələri belə fəth etmək və beləliklə də istəyinə nail olmaq əzmini cəsarətlə önə çəkir. Lap  təzəcə işıq üzü görmüş “Yol” tarixi-publisistik kitabını vərəqləmək kifayətdir. Millət, xalq, insanlarımızın taleyi, məmləkətimizin tarixi keçmişi ilə bağlı ən önəmli səhifələri birər-birər çözələyən müəllif çox ağrılı, düşündürücü məqamlara toxunur. Kimliyimiz, xoşbəxtliyimizlə eyni sırada faciələrimiz də açıqlanır. Bəzən “sapı” özümüzdən olan “baltalardan” da kəskin danışır. Deyərdim ki, Fazil müəllimin belələrinə qarşı üsyankar təbiəti ilə qarşılaşırıq. Xalqımızın başına min bir oyun açan, unudulmayacaq bəlalar gətirən erməni millətçilərinin, onların havadarlarının qəsbkarlıq və irticaçı xislətini danılmaz dəlillər, elmi-tarixi mənbələr və faktlarla açıqlayan müəllifin qəlb ağrısını, böyük təəssübkeşlik hissini hər sətirdə sezirik.

Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli ilə bağlı epizodlar necə təsirli, kövrəkdir. Vaxtı ilə barəsində qeyri-etik, nadanlığın, savadsızlığın, köntöylüyün ifadəsi olaraq fikirlər söyləyib dahi bəstəkarı təhqir edən ortabab kamançaçalan Saşa Oqanezaşvilinin (əslində Saşa Ohanezyandır), habelə özü də sonralar Stalin repressiyasının qurbanı olan Tağı Şahbazi Simurqun iç üzünü açıb bunları başqa bir rakursdan bizə tanıdan Fazil Rəhmanzadənin həmin qeydlərində böyük təəssübkeşliyinin əyani şahidi oluruq.

Fazil Rəhmanzadə “Yol”un birinci kitabında, habelə “Doqquza qədər say” kitabında başladığı həyati söhbətini təzə əsərində də məntiqi sonluqla başa çatdırır.

Publisistin örnək ola biləcək zəngin, çoxşaxəli yaradıcılığının, əldən-ələ gəzən kitablarının əsas gücü – dəyəri nədədir? Bu, çox geniş söhbətin, ayrıca bir təhqiqatın mövzusudur. Təsadüfi deyil ki, onun yaradıcılığı  ilə bağlı universitet tələbələrinin neçəsi diplom işi müdafiə edib və bunu da qanunauyğun saymaq gərəkdir.

İndi özümün fərdi fikirlərimi yığcam surətdə bildirməklə öncəki sualı cavablandırmağa çalışacağam. İlk növbədə mətbuatın enişli-yoxuşlu, çətin yollarında cəsarətlə öz cığırını açmaq əzmkarlığı, mövzunun təfsirində ənənəviçilikdən uzaq bənzərsiz təsvir vasitələrini önə çəkməsi diqqətdən yayınmır. Fazil müəllimin əsərlərindəki forma yeniliyi, əlvanlığı ruh oxşayır. Bir çox halda sanki bizim günlərə qədər qalın örtüklər altında qalıb illər uzunu tədqiqatçıların, sənətşünasların gözündən yayınmış faktların, mənbələrin aşkarlanıb üzə çıxarılmasında, bunların doğru-düzgün, dəqiq elmi-nəzəri məntiqi deyimlə təfsirində, hər hansı tarixi məqamın gerçəkləşdirilməsində həqiqət və vicdan meyarının sübutunda da Fazil Rəhmanzadə qələminin qüdrəti heyrət doğurur. Onun son bir neçə kitabında erməni məkrini açıqlayıb ifşa edən silsilə qeydlərini həyəcansız oxumaq mümkün deyil.

Onun bu və digər qüdrətli yaradıcı sənət xadiminin həyat mövqeyinin tam müəyyənləşdirilib qiymətləndirilməsi məsələsində eyforiyaya uymadan, fikirlərini səmimi çatdırmaq bacarığı, dil gözəlliyi, böyük təxəyyül məhsulu olan cümlələrinin şirinliyi və axıcılığı xüsusi təqdirəlayiqdir. “Erməni məkri”, “Erməni xəstəliyi” və s. başlıqlar altında kitablarında rastlaşdığımız qeydləri bu baxımdan çox səciyyəvidir.

Bu sadalananların sırasına Fazil Rəhmanzadənin yaradıcılığına xas olan yüksək peşəkarlıq xüsusiyyəti, hərtərəfli savadı, geniş bilik dairəsi, dünyagörüşü, jurnalist çevikliyi, sərvaxtlığı və mütəfəkkirliyi də əlavə edilməlidir. Fazil müəllim beyni ilə yazır, ürəyi ilə yazdıqlarına nəzarət edir. Beyin və ürəyin sintezi ilə ərsəyə gələn əsərləri məhz buna görə də misilsiz məna daşıyır. “Kirpi” jurnalının keçmiş baş redaktoru, tanınmış yazıçı, mərhum Seyfəddin Dağlının hələ 30 il öncə Fazil barədə dediyi cümləni xatırlayıram: “...sprinter yarışındakı kimi onunla birlikdə uzun yaradıcılıq marafonunda “rəqabət aparanların” çoxu tablamayaraq yarı yolda qaldı. Fazil isə gərgin matçı qalibiyyətlə başa vuran güclü idmançı timsalındadır”...

Yadımdadır, ötən əsrin 80-ci illərinin ortalarında Fazil Rəhmanzadənin “Nəğmə dolu könül” kitabı “İşıq” nəşriyyatında iki dəfə, özü də o dövrə görə çox böyük tirajlarla buraxıldı. Xalq artisti Zeynəb Xanlarovanın həyat və yaradıcılıqının məqamlarını səciyyələndirən “Nəğmə dolu könül” o qədər şöhrət tapdı ki, müəllifə dünyanın bir sıra məmləkətlərindən – Türkiyədən, İraqdan, İrandan, Misirdən, Almaniyadan, İordaniyadan, Orta Asiya respublikalarından çoxsaylı məktublar gəldi. Bu, bir qələm əhli kimi yalnız Fazil Rəhmanzadənin yox, eyni zamanda Azərbaycan publisistikasının uğurunun göstəricisi idi.

Fəqət mühüm bir amili qeyd etməyə bilmərəm. Müəllifin şöhrətli yaradıcı sənət adamları barədə bundan sonra da irihəcmli, silsilə kitabları da nəşr olunaraq eyni müvəffəqiyyətlə ürəkləri fəth etdi. Bir vacib məsələnin də üzərindən sükutla keçmək olmaz. Dünyaca tanınan, sevilən dahi yaradıcı adamlar barədə yazmağın öz çətinliyi var: axı, belələri barədə sənətsevərlər lazımi biliklərə malikdirlər. Odur ki, bu məşhurlar barəsində qələmə sarılıb sadəcə nəsə yazmaq yox, sözün böyük mənasında onların sənət zirvəsinə layiq misilsiz bədii yaradıcılıq nümunəsini ortaya qoymaq gərəkdir. Sadəcə oxucu həmin kitablardan nəsə öyrənməli, ona təkrarsız bədii təsir qüvvəsi aşılanmalıdır. Fazil müəllimin istər Tahir Salahov, Müslüm Maqomayev barədə, istərsə də digər məşhurlarımız haqqında kitabları bu keyfiyyətlərinə görə sevilə-sevilə oxunmuşdur. Təsadüfi deyil ki, “Böyük yaşantının naxışları” (Tahir Salahov barədə) “Humay” Beynəlxalq mükafatına, Müslüm Maqomayev haqqında “Sən olmasaydın...” kitabı isə Azərbaycan Mətbuat Şurasının Diplomuna layiq görülüb.

Tanınmış publisistin “Doqquza qədər say...” kitabı da ictimaiyyətin ciddi marağına səbəb oldu. Publisistikamızın ən son nailiyyətlərinin təcəssümünə çevrilən həmin kitab qısa zaman kəsiyində müəllifinə böyük uğur gətirdi. Həmin əsərdən parçalar ayrı-ayrılıqda bir sıra xarici ölkələrin mətbuatında dərc olundu.

Lap öndə Fazil Rəhmanzadənin kitablarındakı forma gözəlliyini, müəllifin mövzunun başlanğıcına orijinal yanaşma tərzini xatırlamışdıq. Təbii ki, bu baxımdan həmin kitabların hamısının təfsirindən danışmaq indi imkan xaricindədir. Yalnız onu nəzərə çatdıraq ki, bu tərz – essenin, mənsur şeirin, nəsr dilindəki şirinliyin sintezi olaraq oxuculara çatdırılır. Fazil Rəhmanzadə yaradıcılığından danışarkən heç şübhəsiz, vaxtı ilə mətbuatda işıq üzü görərkən əlbəəl gəzən, oxucuların intizarla gözləyib, məhəbbətlə qarşıladıqları “Jurnalistin cib dəftərindən” silsilə yazılarını xatırlamamaq olmaz. Sonralar həmin rubrika ilə çıxan kitabları da müəllifini oxucular arasında çox şöhrətləndirdi. Müxtəlif mükafatlara layiq görülmüş həmin kitablar müəllifin yuxusuz gecələrinin, narahat günlərinin, yorulmadan arayıb-axtarmaq həvəsinin bariz nümunəsidir. Qeydlərinin elə başlıqlarına nəzər salanda çox şey bəlli olur: “Hacı Qara” Tehran səhnəsində”, “M.T.Sidqi xarici mətbuatda”, “Şeyda Əzizin naməlum şeirləri”, “Şah İsmayıl”ın müəllifi”, Cəfər Cabbarlının üçüncü “Yumruq” şeiri”, “İlk azərbaycanlı xoreoqraf”, “Mərdi-Xəsis” Məşhəddə”, “Mirzə Şəfinin sərgiləri” operettası”, “Səidrza Əlizadə kimdir?”, “Buxoroyi-şərif”in redaktoru” və s.

Həmin qeydlər hər birimizə çox mətləbi aşkarlayır. Yazıları minnətdarlıqla oxuyursan. Düşünürsən ki, nə yaxşı Fazil müəllim çox çətin yol tutub, üzücü, yorucu axtarışlardan bezikmədən, usanmadan fədakarlıqla, inamla, səbrlə istədiyinə nail olub, mədəniyyət, incəsənət, ədəbiyyat salnaməmizin, ümumən tariximizin açılmamış səhifələrinə can verib, çox dəyərli mənbələrə, faktlara qanuni sahiblik hüququmuzu bərpa edib.

Fazil Rəhmanzadənin özünəməxsus sənət zirvəsi var. Və o, həmin ucalığın fəthi yolunda çox əziyyətə qatlaşıb. Belə ki, onun müxtəlif tutumlu, səciyyəli yazılarının məzmununa varsaq, ilk növbədə təsirli kompozisiya qurmaq bacarığı önə çıxır. Bunlarda müəyyən şərtiliyin arxasında bir reallıq durur. Həyatın gerçəkliyini sənətkarlıq xüsusiyyəti ilə uyarlı vermək onun ağıllı təxəyyül qüdrətinə dəlalət edir. Bu mənada “Bədəlbəylilər” kitabı da diqqətəlayiqdir.

...Şəmsi Bədəlbəyli ad günü səhər evdən çıxıb piyada iş yerinə – Azərbaycan Teatr Xadimləri Birliyinə tərəf yollanır. Birdən o, xəyalən sanki ikiləşir, yolboyu bunlar bir-biriləri ilə söhbət aparırlar. Elə bu söhbət də görkəmli rejissorun “mən”ini, həyat və mənalı ömür yaşantısını ortaya qoyur. Məhz bu, Fazil Rəhmanzadə əsərlərinin forma gözəlliyinin ən dəyərli sübutudur.

Saysız-hesabsız, müxtəlif səciyyəli məqalələrə, resenziyalara, reportaj və oçerklərə, toplu kitablara “həyat vəsiqəsi” vermək asan məsələ deyil.

Nəzərə alsaq ki, ədəbi-bədii əsərlərdən fərqli sənədli publisistika insandan daha çox dözüm, səbr, fakt və rəqəmlərə istinad etmək, dəqiqlik, dürüstlük, tarixi-elmi mənbələrə obyektiv yanaşma tərzi tələb edir, onda bu iş prosesinin nə qədər ağır və çətin olduğunu təsəvvür etmək mümkündür. Bu mənada Fazil Rəhmanzadənin bir çox əsəri fundamental məna kəsb edir. Elə “Yol” kitablarının hər iki hissəsi buna bariz sübutdur.

Belə deyirlər ki, jurnalist hər zaman inci axtarışında olmalıdır. Fazilin öz həqiqəti, ustalığı ilə qələmə aldığı müxtəlif taleli insan obrazları – həqiqətdə də inci timsalındadır. Bəlkə də buna görə onun nəşr olunan hər bir kitabından sonra mətbuat xəzinəmiz sanki yeni estetik incilərlə zənginləşir.

İnsan ömrü də fəsillərə bənzəyir: yayı, qışı, yazı, payızı var. Xoşbəxt o adamdır ki, ömrünün bütün fəsillərini dolğun başa vurmaq zorunda olur. Bu sözləri vərəqlərə köçürərkən mən ilk növbədə “Qızıl qələm”, “Dan ulduzu”, “Humay”, “H.B.Zərdabi” mükafatları laureatı, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının filologiya doktoru, respublikanın əməkdar mədəniyyət işçisi Fazil Rəhmanzadənin yaradıcılıq həyatını küll halında xəyalımda canlandırıram və deyirəm: var olsun bu ömür yolu!

O, yenə də təzə kitablar üzərində ilhamla çalışmaqdadır. Günləri bağ evində keçir. Tez-tez “Bu dünyanın kədəri var, qəmi var” deyən qələm ustası bağ evində yaşamasının səbəbini geniş açıqlamasa da, bildirdi ki, şəhərdə mənzili olmadığına görə buraya sıxışıb. Məsələni daha araşdırmadım. Sadəcə ürəyimdə öz-özümə pıçıldadım: “Qəm yemə, dost! Bu dünyanın sevinci, fərəhi də vardır”.

 





22.02.2013    çap et  çap et