525.Az

Almaniya nə istəyir?


 

Almaniya nə istəyir?<b style="color:red"></b>

Kölnün məşhur kilsəsi Domun arxa meydanında almanca bildirilər dağıdırdıq.
 
Əlimdəki bildiriyə tərs-tərs baxan 50 yaşlarındakı bir alman qadını: “Yalanlarınızla Qorbaçovu bizim gözümüzdən salammazsınız!” dedi və sürətlə yanımızdan uzaqlaşdı. Arxasından qaçmaq, onunla danışmaq istədim, yanımdakı arkadaş qolumdan tutdu və irəlidə bizə baxan alman polisini göstərdi. Olay çıxa bilər, mitinqimiz təxirə salınardı, bu səbəbdən qadının arxasınca getməkdən imtina etdim.

Tarix 3 fevral 1990-cı il. Azərbaycandakı 20 Yanvar qətliamının üzərindən sadəcə, 14 gün keçmişdi. Yüzlərlə insanın ölümünə səbəb olan bu dəhşəti Avropada yaşayan türklər olaraq etiraz etmək istəmiş və gərəkli izinləri də qısa zamanda almışdıq. Havanın soyuq və qarlı olmasına rəğmən Kölnə əllərində türk və Azərbaycan bayraqlarıyla gələn yüzlərlə insan Dom Kilsəsinin arxasındakı meydanda Sovetlər Birliyi və Qorbaçova etiraz edirdi. Etirazçıların əllərində ağzından qanlar axan Qorbaçovun şəkilləri vardı. Ayrıca Bakıdakı faciədən bəhs edən on min almanca bildiri nəşr etdirmiş və yanımızdan keçən almanlara dağıdırdıq. Mitinq üç saat çəkdi və tam beş min insan atdıqları almanca, türkcə şüarlarla Kölnü silkələdilər. Məmnunduq. Ən azından uzaqdakı qardaşlarımızın acılarını bir mitinqlə dünyaya çatdırmışdıq.

Ertəsi gün maraq və həyəcanla qəzet satan dükana qaçdım. Almaniyada ən çox satılan qəzetlərdən “Bild” qəzeti başda olmaqla bütün qəzetlərə baxdım, heç birində bizim mitinq xəbəri yox idi. Bəlkə sabah yazarlar təsəllisiylə ertəsi gün dükana təkrar getdim, xəbər yenə yoxdu. Alman mediası beş min türkün Kölnün ən böyük meydanında bayraq sallamasını, şüar atmasını duymamış, görməmişdi. Duysa belə xəbər dəyəri olaraq görməmiş və yayınlamamışdı. Ayrıca mitinq alman radiosu WDRin binasının qarşısında təşkil olunmuşdu. Xəbər radiodan da səsləndirilməmişdi. Halbuki üç saat boyunca o binanın önündə insanlar “Lənət olsun Qorbaçova!” deyə bağırmışdılar.

Məyusluqla evə dönərkən ağlıma bildiriyə etiraz edən alman qadını gəldi. “Qorbaçovu bizim gözümüzdən salammazsınız” sözü əslində önəmli bir etiraz idi, amma o an başa düşməmişdim. Bunu sadəcə, mən deyil, 20 Yanvar faciəsinin ardından qurduğumuz “Azərbaycan Dayanışma Komitəsi”nin digər üzvləri də başa düşməmişdi. Halbuki bizim mitinqdən bir az əvvəl - üç ay öncə 9 noyabr 1989-cu ildə Almaniyanı ikiyə bölən o qorxunc utanc divarını Qorbaçov yıxmış və bir xalqın qırx illik həsrətinə son vermişdi. Qorbaçov o dönəmdə Almaniyada bir pop ulduzundan daha populyar idi və alman xalqının gözündə alman siyasətçilərindən daha sevimli idi. Bizlər gənc, həyəcanlı insanlardıq, amma insan psixologiyası, xalqlar, münasibətlər və lobbi fəaliyyəti mövzusunda heç bir bilgimiz və təcrübəmiz yoxdu. Bu səbəbdən bayraq sallamaq və şüar bağırmaq bizlərə xeyir yerinə zərər gətirmişdi.

O mitinqdən tam 26 il sonra ölkəsində dörd milyona yaxın türk yaşayan Almaniya türkləri erməni soyqırımı törətməkdə ittiham edən bir qərar qanununu alman parlamentinə gətirdi. Almaniyada illər öncə qurulmuş və minlərlə üzvü olan sivil toplum quruluşları eynilə bizim 26 il öncə etdiyimiz səhvi təkrar edərək, olayı etiraz etmək üçün əllərində bayraqlarla Berlinə, Parlamentin qarşısına toplandılar. Saatlarla almanca, türkcə şüarlar atdılar, bayraq göstərdilər. Evlərinə döndüklərində o “möhtəşəm” mitinqdən şəkilləri, videoları sosial mediada dalbadal yayınlanmağa başladı. Hər kəs bu qədər etirazın qarşılıqsız qalmayacağını düşünürdü. Ertəsi gün alman parlamenti toplandı. Hər partiyadan bir vəzifələndirilmiş sözcü əlindən gəldiyi qədər Türkiyəni və türkləri ittiham etdi. Olayı alman televiziyaları canlı verirdi. İçlərində türkləri müdafiə edəcək bir millət vəkili belə yoxdu. Hər halda o böyük qalabalığı, o qırmızı bayraqları, o gur səslə atılmış şüarları heç kimsə duymamışdı. “Soyqırım” təklifi səsverməyə qoyuldu və bir əleyhinə səslə qəbul edildi. Əleyhinə səs verən isə o parlamentdə oturan türk kökənli millət vəkili deyil, bir alman xanımı idi.

Bütün bu olayları təbii ki, səssizcə izləmədim. Almaniyanın bu mövzuda yazan qəzetlərinə və siyasətçilərinə almanca məktublar yazdım. Məktublardan biri bu olayı alman məclisinə gətirən Cem Özdəmirdi. Ona yazdığım məktub belə idi:

Fesapşı, hörmətli Özdəmir!

Düşüncə tərziniz və yaşam mədəniyyətiniz olaraq bir alman olduğunuzu bilirəm. Amma bir reportajınızda atalarınızın çərkəz olduğunu söylədiyiniz üçün sizi çərkəzcə salamlamaq istədim. Çərkəz deyincə hey ağlıma çərkəz şairi Baqrat Şinkuba gəlir... Və onun ürək yandıran şeiri:

Rüzgar vurub bizləri yurdumuzdan atınca
Qaradəniz duzlanmış göz yaşlarımızla...

Qaradənizin duzu və rüzgarı nə sürgünlər, nə ölümlər gördü... Yüz minlərcə çərkəz bir anda rus ordularının önündə Qaradənizin o çılğın dalğalarının içində qeyb oldular... Körpələr, qadınlar və bəmbəyaz saqqallı yaşlılar inim-inim inlədi və göylərə fəryadlarını əmanət buraxdılar... Yerlər də, göylər də “ana” fəryadlarıyla doldu. O qorxunc sürgün və ölüm illərindən tam 65 il sonra yaşlı bir çərkəz gürcü tarixçisi Simon Canaşiaya çərkəzlərin Qaradəniz boyunca nə halda olduqlarını belə təsvir etmişdi: “Dəniz kənarında yeddi il boyunca atılmış insan sümükləri vardı. Qarğalar kişi saqqallarından və qadın saçlarından yuvalarını qurardılar. Dəniz yeddi il boyunca qarpız kimi insan kəllələrini atırdı. Mənim orada gördüklərimi düşmənimin belə görməsini istəməzdim”.

Ən pozitiv tarixçilərə görə altı yüz mindən çox çərkəz yox edilmiş və geri qalanları da özlərini Osmanlı torpaqlarına atmışdılar. Anadolunun şəfqətli qucağına atılan hər çərkəz o torpaqları öpür və göz yaşlarıyla silirdi. O dönəmin yoxsul türkləri, adıgeyli, şapsığlı qardaşlarına evlərini, süfrələrini açır, onların dərdlərini, kədərlərini paylaşırdılar.

O sürgün və ölüm illərinin üzərindən 70-80 il sonra bu kəs krımlılar bir gecədə qatarlara doldurulub Sibirin qorxunc çöllərinə atıldılar və minlərcəsi yolda və getdikləri yerdə öldü.

Əlbəttə siz alman olduğunuz üçün bütün bu acı dolu hadisələr sizə nağıl kimi gəlir. Çünki Qərb məntiqinə görə neçə min, neçə milyon müsəlman ölsə onlar qırıma, soyqırıma uğramış sayılmazlar. Amm mövzu xristianlar olunca min il öncə bir adam belə ölmüşsə, onların hesabı 21-ci yüzildə mütləq görülər.

Daha bu yüzildəki Krım sürgünü, İraq soyqırımı, Suriyada bir xalqın kütləvi yox edilişi əsla Qərbin gündəmində olmadı.

Sizi bir qərbli olaraq bu üzdən əsla günahlandırmıram. Çünki tək dünyagörüşü, ikili standart, ön mühakimə siz nə etsəniz də edin, qərblinin ruhunda var.

Qərb hesab soruşmada da nə yazıq ki, adil deyildir. Erməni məsələsində də adil bir şəkildə hesab soruşsaydı, inanın, heç kimsənin etirazı olmazdı. Amma onlar erməniləri də öz düşüncə və siyasi hesablarına qurban etməkdən bir dəqiqə belə çəkinmədilər. Fransa Türkiyə ilə gərginlik yaşadığında o anda erməni məsələsini parlamentə gətirir, rus təyyarəsi düşürülüncə rusların ilk işi erməni qovluğunu rəflərdən endirmək olur, almanlar Ərdoğana atəş püskürüncə həmin an ağıllarına bizim biçarə qonşumuz ermənilərin acıları ağıllarına gəlir.

Ah, ana, ah! Qaradənizin dalğalarında hələ də çərkəz qanının köpüyü var. Amma səni duyan kim? Adıgeylərdən bir siyasətçi Berlində o fəryadları deyil, Qərb siyasətinin arzularından qaynaqlanan bir inadın arxasında...Ah, ana, ah!

Amma Qərb sadəcə çərkəzlərəmi kar və kor? Xeyr! Şərqi Anadoludakı türklərin ermənilər tərəfindən yox edilmələri də Qərbin vecinə deyil. Çünki məqsəd iki qonşu xalqı barışdırmaq, yaralarını sarmaq, keçmişin kinlərini unutdurmaq, bir-birilərinin yaralarını üfləyib sığallatmaq deyil. Məqsəd - Türkiyəni davamlı basqı altında tuta bilmək üçün hər zaman kinləri qaşımaq, yüz il öncəsinin olaylarını göz önünə gətirərək iki xalqı yenidən bir-biriylə savaşdırmaqdır.

Ğuse Özdemir!

Sizin partiyanıza bir neçə dəfə səs vermiş olmağım səbəbiylə çərkəzcə sizə “ğuse Özdemir”, yəni “yoldaş Özdemir” deməyim də hər halda bir məhzur yoxdur. Siz bəlkə də humanist duyğularla yola çıxmısınız. Sizin insani duyğularınızı anlamağa çalışıram. Hətta daha 25 il öncə ermənilər tərəfindən yurdları işğal edilən və evlərindən qovulan, minlərlə öldürülən azərbaycanlılar haqqında alman məclisində və ya mətbuatda bir cümlə sərf etmiş olsaydınız sizin səmimiyyətinizə də inanacaqdım. Amma nə yazıq ki, 100 il öncəsində olmuş bir olay və əsla məhkəmə qərarlarıyla isbatlanmamış bir məsələ haqqında bu qədər həyəcanla çalışarkən, azərbaycanlılar mövzusunda bir kəlmənizi belə duymadıq. Onlar insan deyilmi, hörmətli Özdemir?

Amma Qərbin kinləri yenidən xortlatma səyləri mövzusunda yenə də sizə səsimi duyurmağa çalışdım. Oxuyarsınız, oxumazsınız, o sizin işinizdir. Amma Qərbin bu ikiüzlü, ədalətsiz, məcburi sırıdılan erməni siyasəti səbəbiylə 80 milyon türkü öldürsəniz də bu məsələdə əsla güzəştə gedilməyəcəyini sizə söyləyim. Bu düşüncə, fanatik, irqçi insanların düşüncəsi deyil. Bu düşüncə sosialistindən liberalına, dindarından milliyyətçisinə bütün türklərin düşüncəsidir. Çünki Qərb üzüm yemək, yəni yaraları sarmaq istəməməkdədir. Qərb bağbanı döymək arzusundadır və biz türklər bunu çox yaxşı bilməkdəyik.

Məktubu Özdemirin internet səhifəsinə həm almanca, həm də türkcə göndərmişdim. Katibi məktubu aldığı haqqında mənə yazdı. Sonra da məclisdəki nitqində həm Balkan türklərinin sürgünündən, həm də öz ataları olan çərkəzlərin öldürülməsindən bircə cümlə ilə də olsa bəhs etdi.

İki məktub da alman parlamentinin sədri Lammert və Baş nazir Merkelə yazdım. O məktublar da belə idi:

Hörmətli Lammert!

Almaniyada yaşayan bir türk olaraq Türkiyə ilə Almaniya arasındakı son gəlişmələrdən olduqca rahatsız olduğumu sizə bildirmək istədim.

Alman parlamentində gərəksiz bir şəkildə gündəmə gətirilən “erməni soyqırımı” məsələsi sadəcə Türkiyə ilə Almaniya arasındakı münasibətləri zədələmədi. Burada yaşayan milyonlarla türk kökənli insanların da duyğularını incitdi. Həm bu duyğusal incimənin səbəblərini sizə qısaca izah etmək, həm də bu ölkədəki sosial barışın bu yolla pozulmaq istənildiyi mövzuda qorxularım olduğunu sizə çatdırmaq istəyirəm.

Hörmətli Lammert!

Sizin də bildiyiniz kimi, alman parlamenti bir məhkəmə deyildir və mübahisə olunan bir mövzu üzərində qərar vermək, bir insanın mühakimə olunmadan ölümə məhkum edilməsi deməkdir. Bu səbəbdən bu qərarı böyük hüquqşünaslar və Heiddiger, Geothe kimi dahilər yetişdirən bir toplumun təmsilçilərinə əsla yaraşdırammadım.

Bizə görə erməni məsələsi bir yəhudi soyqırımı məsələsi kimi deyil. Çünki günümüzdə heç bir alman, mənim babam bir yəhudi tərəfindən öldürüldü iddiasında deyil. Halbuki Şərqi Anadoluda milyonlarla türkün babaları da eynilə ermənilərin yaşadıqları acıları yaşadılar və acılar içində öldülər. Məsələn, mənim babam Hacı Əhmədin dörd qardaşı ermənilər tərəfindən o dönəmdə öldürüldü və sadəcə babam İrana qaçaraq həyatını qurtara bildi. Bizim kənddən xilas olan cəmi 10 adam idi. Qalanlar ya məscidlərə doldurulub yandırıldılar, ya da quyulara dolduruldular. Şərqi Anadoluda təsbit edilən ölü müsəlman sayı 532 mindir.

Alman parlamentində müsəlmanların ölümündən heç bəhs edilməməsi, sadəcə xristian azlıqların gündəmə gətirilməsi türk toplumu tərəfindən ədalətsiz bilinməkdədir.

Erməni məsələsinin görməzdən gəlindiyi, unutdurulmaq istənildiyi də böyük bir yalandır. Daha 1915-ci ildə Osmanlı dövləti bu mövzunun incələnməsi üçün məhkəmələr qurmuş, 1673 əməkdaşını məhkəməyə cəlb etmiş, 67 adamı edamla, gerisini də həbs cəzalarıyla cəzalandırmışdır. Yenə ingilis məhkəməsi 1921-ci ildə Malta adasına əsir olaraq götürdüyü Osmanlının o dönəmdəki məsul işçilərini məhkəmədə ittiham etmiş və sübut olmadığı açıqlamasıyla da sərbəst buraxmışdır.

Təcili hazırlanan və qəbul edilən bu qanunun müzakirəsi Almaniyada yaşayan türk kökənli ailələrin evində yoğun şəkildə aparılmaqdadır. Bu mübahisələr şübhəsiz uşaqlar və gənclər üzərində böyük təsir buraxmaqdadır. Sabah bu qanun ilə bu mövzular dərs kitablarına girdiyində və məktəblərdə gənclər və müəllimlər arasında mübahisələrə səbəb olduğunda, barış ortamı pozulduğunda bunun məsuliyyəti kimdə olacaq?

Təbii ki, parlamentdə fəaliyyət göstərən millət vəkillərinə yönəldilən təhdidlər, təhqirlər əsla qəbul edilməz. Demokratik hüquq dövləti olan Almaniyada hər kəs fikrini açıqca bildirir və gələcəkdə də bildirməlidir. Amma yüz illik bir problemi qaşımaq, yenidən kinləri, nifrətləri ortaya çıxartmaq, gənclərimiz arasında gərginlik yaratmaq da bir parlamentin və millət vəkilinin vəzifəsi olmamalıdır.

Biz və ya mən normal bir vətəndaş olaraq, bütün savaşların, ölümlərin ən alçaqca cinayət olduğunu düşünürük. Bir körpənin ölümü dünyanın ən böyük acısıdır. Amma 1915 il öncəsi (Məsələn, 1864 çərkəz sürgünü, Qızıldərili soyqırımı, Hiroşima) və sonrası Krım sürgünü, Əlcəzair qətliamı, Xocalı, İraq və

Suriya qətliamı kimi mövzuları gündəmə almadan sadəcə “Ən qədim xristian xalqıdır” düşüncəsiylə erməni məsələsini gündəmə gətirmək ədalətli bir durum deyil.

Sizə səmimi bir şəkildə duyğularımı yazdım.

 





17.06.2016    çap et  çap et