525.Az

Azərbaycan: Turistlərin cazibə mərkəzi


 

“Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti”

Azərbaycan: Turistlərin cazibə mərkəzi<b style="color:red"></b>

10 yaşını qeyd edən “Yol” jurnalı səyahətsevərlər üçün ən gözəl bələdçidir

Hələ orta məktəbin aşağı siniflərində oxuyanda bizi ciddi “narahat” edən məsələlərdən biri də dünyanın siyasi xəritəsində ölkəmizi tapa bilməməyimiz idi. Xəritəni az qala qarış-qarış “gəzib” qartala bənzəyən dövləti - Azərbaycanı axtarırdıq. Xəzər dənizini, Bakını tapıb ətrafında hey dövrə vururduq. Artıq yuxarı siniflərdə xəritələrin miqyasını, Azərbaycanın kiçik dövlətlərdən olmasını öyrəndik. Amma onu da öyrəndik ki, təbiət bu kiçik dövlətə qarşı nə qədər səxavətli imiş. Ölkəmizin tarixini, coğrafiyasını, təbiətini kitablardan, dərsliklərdən oxuyub, dərinliklərinə getdikcə təəccübdən gözümüz dörd oldu bəzən. Dünyanın 11 iqlimindən 9-u Azərbaycanda varmış. Yerin üstü bir cür zəngindir, altı ayrı cür. Hələ təzadlı tarix, bu tarix boyu müxtəlif dinlərin, mədəniyyətlərin bir-birini əvəz etməsi. Zamanla yaşadıqca, ölkədən kənara, müxtəlif şəhərlərə səyahət etdikcə müqayisə imkanlarımız da yarandı. Və bəlkə də məhz müqayisələr nəticəsində vətənimizin nə qədər maraqlı, fərqli olduğunu dərk etdik.

...Belə qeyri-adi təbiətə, iqlimə, tarixə, mədəniyyətə malik dövlətin turistlərin də diqqət mərkəzində olması, vaxt keçdikcə turist ölkəsinə çevrilməsi təbiidir. Uzun illər Azərbaycanın özünü, əsrarəngiz təbiətini, tarixini, mədəniyyətini dünyaya çatdırmaq, təqdim etmək yolunda maneələr olub. Əvvəlcə Sovetlər Birliyinin içərisində sadəcə böyük dövlətin tərkibi kimi özünü göstərmək imkanı, daha doğrusu imkansızlığı... Müstəqilliyə çatar-çatmaz ölkənin başının üstünü alan bəlalar, Qarabağ müharibəsi, itkilər. Amma çox çəkmədi ki, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, iqtisadiyyatının inkişaf etməsi, dünyada nüfuzlu bir ölkəyə çevrilməsi bütün sahələrə öz müsbət təsirini göstərdi. Həmçinin də turizm sahəsində artıq ikimininci illərin əvvəllərindən ciddi irəliləyişlər müşahidə olunmağa başladı.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ölkə turizminin tərəqqisi yolunda böyük hadisə idi. Prezident İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ilə isə bu sahədə görünməmiş nailiyyətlər əldə olundu. Həmçinin 2011-ci ilin Turizm ili elan olunması da bu yolda uğurlu işlərdən biri hesab edilir. Xüsusən son bir neçə ildə turizmin inkişafı üçün görülən işlər, tikilən obyektlər, keçirilən sərgilər, tədbirlər, turistik bölgələrin dünyaya orijinal təqdimatı öz effektini verir. Eyni zamanda gənclərin bu sahəyə marağının artması da xüsusi diqqətəlayiq məqamdır.

2005-ci ildə yaradılmış gənc təhsil ocağı - Azərbaycan Turizm İnstitutu (ATİ) bu gün abituriyentlərin ən çox maraq göstərdiyi ali məktəblərdən biridir. İl ildən burda təhsil alan, müvəffəqiyyətlə bitirən gənclərin sayı artır. Bu da turizm sahəsində peşəkar və təcrübəli (ATİ-ni bitirən tələbələr xaricdə təcrübə keçirlər) kadrların çoxalması deməkdir. Beləliklə əgər ölkədə yeni turizm obyektləri tikilirsə, xarici vətəndaşların bura maraq göstərməsi üçün, diqqət mərkəzində olması üçün müxtəlif işlər görülürsə, həmçinin bu sahədə çalışacaq peşəkar kadrlar da hazırlanır. Amma bu məqamda bütün rəsmi məlumatlar, statistika ilə yanaşı təbiətin millətimizə bəxş etdiyi qonaqpərvərliyi də xüsusi qeyd etmək yerinə düşər. Bir il öncə I Avropa Olimpiya Oyunlarına ev sahibliyi edən Bakı gələn qonaqları ən çox bununla təəccübləndirmişdi. Daha doğrusu “çoxşaxəli”, “çoxsaylı” heyrət və heyranlıqlardan birinin də səbəbi qonaqpərvərliyimizdi. O zaman elə təkrarsız, bənzərsiz Bakı bulvarında gəzmək bəs idi ki, turistlərin şəhərimizə, ölkəmizə, adət-ənənələrimizə, mədəniyyətimizə, mətbəximizə marağını, yerli əhali ilə necə ünsiyyət qurmağa çalışmasını görəsən.

Olimpiya Oyunlarından və ümumiyyətlə bu hadisənin paytaxtda yaratdığı ab-havadan ardıcıl esselər yazdığım üçün bir neçə turistlə, idmançıların azarkeşləri ilə söhbətlər etmişdim. Bakının simasında Şərq koloriti ilə Qərb müasirliyinin qovuşması, qədimliklə çağdaşlığın vəhdəti, insanlarımızın gülərüz, mehriban, qonaqpərvər olması, yeməklərimizin dadı, bütün bunlar turistlərin ən çox vurğuladığı məsələlər idi. Bu mənada müxtəlif mədəni tədbirlər, həmçinin ev sahibliyi etdiyimiz idman yarışları ölkəyə turist marağının artmasına kömək edir. Belə ki, hər il təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı, 2012-ci ildə Bakıda Avrovizion musiqi müsabiqəsinin keçirilməsi, ötən il baş tutan I Avropa Olimpiya Oyunları, nəhayət bu il nüfuzlu Formula 1 yarışı və sadalamaqla bitməyən neçə-neçə belə tədbirlər, oyunlar ölkəmizin dünyaya tanıdılması istiqamətində son dərəcə mühüm yer tutur. Dünya mətbuatının diqqət mərkəzində olmaq, telekanalların iri planlarında görünmək heç şübhəsiz ki, öz effektini verir. Lakin bununla belə Azərbaycan turizminin inkişafında, daha doğrusu gəzməli-görməli yerlərin təbliğatında əsas güc, vəzifə yerli mətbuatın üzərinə düşür. Çünki bir qayda olaraq necə təqdim edilmək az önəmli deyil. Təqdimat-təbliğat isə mətbuatın, yəni sözün, söz adamlarının vəzifəsidir.

Bu sahədə uğurlu mətbu orqanlardan biri kimi azerbaijan.travel.az portalını misal göstərmək olar. Bir neçə dildə fəaliyyət göstərən saytda Azərbaycanı öyrənmək istəyən, bura səyahət etmək arzulayan insan üçün hər cür məlumat var. Və bu cür əhatəli informasiya hər bir turistin ürəyincə olar. Lakin onu da vurğulamalıyam ki, çağdaş zamanda sadəcə informasiya yetərli deyil, reklamın daha fərqli, üstün növlərinə ehtiyac duyulur.

Bu günlərdə 10 yaşını qeyd edən “Yol” jurnalı səyahətsevərlər üçün ən gözəl bələdçidir. Həmçinin artıq vurğuladığım fərqli, istedadlı təqdimat jurnalın əsas konsepsiyası hesab oluna bilər. On il bir dərgi üçün az vaxt deyil və jurnalın istənilən sayını vərəqləyəndə səhifələrdən gözə çarpan səviyyə, zövq oxucunu təsirləndirməyə bilməz. Peşəkar şəkildə təsvir edilən yerlərə baxdıqca insanda ilk yaranan arzu bu məkanları canlı-canlı görmək, qarış-qarış gəzmək olur. Jurnalın konsepsiyasında bəyənilən cəhətlərdən biri də çoxtərəfliliyidir. Burada müasir, Avropa standartlarına uyğun turizm obyektləri də, qədim tarixi abidələr də, zamanın “yaratdığı” təbiət möcüzələri də oxucuya, turistə təqdim olunur.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafında, xarici turistlərin ölkəmizə cəlb olunmasında əfsanələrin, rəvayətlərin rolunu dəfələrlə öz çıxışlarında vurğulayır. Tarixi abidələrimizə, qədim məkanlarımıza aid əfsanələrin uydurulmasının mühümlüyünü söyləyir. Axı bir az dərinə gedəndə doğrudan da bu əfsanələri, rəvayətləri yaradan xalqdı və bu gün qoşulan, ayrı-ayrı insanlar tərəfindən uydurulan bu cür nümunələr zamanla yenə də xalqın malına çevriləcək. Bu mənada da “Yol” jurnalının xidmətləri danılmazdır. Jurnalın kağız variantından savayı saytı da fəaliyyət göstərir. Bu saytda kiçik bir “gəzinti” kifayətdir ki, müxtəlif müəlliflərin qədim məkanlara aid maraqlı yol qeydlərindən, peşəkar fotoqrafların qeyri-adi fotolarından zövq alasan. Nazirin söylədiyi kimi, bu məkanlara aid müxtəlif təsirli əhvalat, rəvayətlər də dərgidə yer alır. Həm Azərbaycan, həm də xarici ölkə turistik bölgələri barədə materiallar maraqla oxunur. Jurnalın ölkəmizlə bağlı yazılarını ardıcıl oxuduqca düşündüm ki, bunları ümumi bir ad altında birləşdirmək olar: Bilinməyən Azərbaycan. Çünki həqiqətən nəinki xarici turistin, hətta bizim özümüzün də bilmədiyimiz, dərinlərinə varmadığımız məqamlar burada açılır, göstərilir. Məsələn, Xaraba-Gilan, Qrız kəndi, Qədim Qəbələ haqqında yazıları oxuduqca, bu yerlərdən çəkilmiş fotoları seyr etdikcə adama elə gəlir ki, söhbət hansısa eqzotik, kəşf olunmamış uzaq bir ölkədən gedir. Və bu zənginliklə, dərinliklə, vətəninə aid gözəlliklərlə qürur duyursan. Qürurdan danışanda “Yol”un bir üstünlüyünü də vurğulamaq yerinə düşər. Dərgi təkcə məkanları, gəzməli yerləri, tarixi abidələri təqdim etməklə kifayətlənmir. “Ömür yolu” adlı bölümdə Azərbaycanın mədəniyyət xəzinəsini zənginləşdirən tarixi şəxsiyyətlər haqqında ardıcıl yazılar-esselər oxucuya təqdim olunur. Doğrudan da axı Azərbaycan təkcə məkan deyil, həm də Niyazidir, Lütfəli Abdullayevdir, Güllü Mustafayevadır, Yusif Səfərovdur və bu rubrikada haqqında yazılar yer alan neçə-neçə başqa sənətkardır. Azərbaycana həm də bu cür sənətkarların, belə mədəniyyətin, tarixin varlığına görə maraq göstərilməlidir. Və heç şübhəsiz, istedadlı qələm adamı Raya Abbasovanın bu qeyri-adi, dərindən dərin esseləri oxucunu, turisti maraqlandırır.

Turizmin inkişafından danışanda mütəxəssislər, bu sahənin biliciləri xarici ölkə təcrübələrindən öyrənməyin mühümlüyünü dəfələrlə vurğulayırlar. Ən azından son on ildə böyük bir turist ölkəsinə çevrilmiş qardaş ölkə, Türkiyə təcrübəsindən bir çox şeyləri əxz etmək olar. Bu mənada da “Yol” mütəxəssislər üçün əhəmiyyətlidir. Dərgidə yer alan xarici ölkələrin turistik bölgələrinə aid yazılar xeyli maraq doğurur, həm də peşəkar məlumat verir.

Beləliklə, bu gün ölkəmizin həyatında baş verən intibah, çiçəklənmə bütün sahələrə olduğu kimi turizmə də müsbət təsirini göstərir. “Yol” dərgisi kimi peşəkar, fərqli mətbuat orqanı isə bu sahəni daha dərindən anlamağımıza kömək edir.

Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

 





18.06.2016    çap et  çap et