525.Az

50-si olan məktəb


 

50-si olan məktəb<b style="color:red"></b>

YORĞUN ÇİYİNLƏR 

Hər dəfə çantasını çiynində daşıya bilməyən şagirdləri görəndə ağlıma qəribə bir fikir gəlir. Düşünürəm ki, onlar kitab-dəftərlə yanaşı, özləri ilə rəqəmlər də  daşıyırlar. Axı, aldığımız ikilər, üçlər, beşlər, vurub topladığımız minlər, milyonlar illərlə çanta - sinif arasında var-gəl etməklə qollarımızı taqətdən salır.

Canım neçə illərdir rəqəm yükündən azad olsa da, əvəzində məktəb xatirələrim yaxamdan əl çəkmir. Səbəbini dəqiq bilirəm: mən dünyaya gələndə anam göbəyimin qırıntısını parçaya büküb, işlədiyi məktəbin həyətinə, daha dəqiq, stadionun kənarına basdırıb (yəqin idmana sonsuz həvəsim burdan qaynaqlanır). Belə çıxır ki, dünyayla məni ilk bağlayan telin kökü məhz məktəbdədir?! 

KİTAB DAŞIYANLAR  

Anam məktəbin kitabxana müdiri olduğundan bizi də işinə cəlb etmişdi. Köməkçisi Nüşabə fiziki qüsurlu idi deyə, anam ona heç yüngül iş də tapşırmırdı. Ona görə də kitab daşımaq işi qardaşlarım əsgər gedəndən sonra bacımla mənim üzərimə düşdü. Səmimi deyim ki, kitab adı gələn kimi heç də burnumuzu sallayıb, mıs-mırığımızı tökmürdük. Əksinə işə əyləncə kimi  baxırdıq. Bacımla sürücü Qəhrəman kişinin qara ZİL-inin kuzovuna qalxıb daşıdığımız yüzlərlə, minlərlə məktəb dərsliklərini səliqə ilə düzəndən sonra ən sevdiyimiz anı - avtomobilin işə düşməsini gözləyirdik. Bu məqamda təbii ki, anamın bizi yerə düşürtmək cəhdləri boşa çıxardı. Heç Qəhrəman kişi də bir söz deməzdi. Eləcə dəsmalla başının tərini silərdi. O, maşının taxta qapısını bağlayanda bacımla sevindiyimizdən kitabların üstündə atılıb düşər, yol boyu hamıya əl eləyərdik. ZİL-lə məktəbin darvazasından içəri daxil olanda isə özümü paradda addımlayan qalib əsgər kimi hiss edərdim. Axı, məktəb həyətində avtomobil girişinə icazə verilmirdi. Yox, yalnız bir istisna vardı. Məktəbin “zavsoxu” Balaş müəllim firuzəyi rəngli köhnə Qaz 21-ni həyətin bir küncündə saxlayardı. Həmin o avtomobil sanki məktəbin simvolu idi.

...Kitabları ZİL-dən azad edəndən sonra kitabxanada onları damğalamaq prosesinə start verilərdi. Bu iş daha çox bacımın nəzarətində olsa da, mən israr edər, möhürü onun əlindən almaq üçün min oyundan çıxardım.  

DƏRSƏ GEDƏN BİR UŞAQ... 

Getdiyim uşaq bağçası ilə məktəbin arasını göbəyimin basdırıldığı həmin o stadion kəsirdi. Günortadan sonra baxçanın pəncərəsindən anamın otağına baxar, onun tez gəlib məni dörd divardan xilas etməsini gözləyərdim. Hətta neçə dəfə məktəbə getmək üçün baxçadan qaçmaq istəsəm də bütün cəhdlərim boşa çıxmışdı. Nədənsə, məktəbə- anamın kitablarla dolu otağına can atırdım. Çünki özümdən ağır, qalın kitabların içində eşələnməkdən, qələmlə şəkilli kitabları məhv etməkdən zövq alırdım.

Amma qəribədir ki, birinci sinifdə oxuyanda əlifba kitabını əzbər bildiyimdən dərslər mənə cansıxıcı gəldi. Odur ki, yenidən bağçaya qayıdıb, həyətində oynamaq istədim. Bir gün çantamı kitabxanaya qoyub, baxçaya yollandım. Gözətçiyə heç bir söz demədən yelləncəkdə oturub xeyli yelləndim. Daha sonra qumluğa yaxınlaşmaq istəyəndə küçüyün qəfil hücumuna məruz qaldım. Demə, küçükdə şir gücü varmış?! O, çiynimə tullanıb, dərimi qopartmaqla məni ömürlük “xoşbəxt” etdi. Suyum süzülə-süzülə anamın yanına qayıtdım və bir daha o bağçaya ayaq atmadım...  

OKTYABR UŞAQLARI 

Məktəbə gedən il (1988) meydanlarda “Azadlıq! Azadlıq!” nidalarının kəsilmədiyi zamana təsadüf edirdi. Hamı kimi Məlahət müəlliməm də “canüstə” olan Sovet İttifaqının son nəfəsinin nə vaxt dayanacağını gözləyirdi. Amma bununla belə o, məktəb proqramına uyğun olaraq bizi oktyabryata keçirdi. Sinif yoldaşlarımla bərabər mən də ağ önlüyümə qırmızı oktyabryat nişanı taxdım. Nişanı ürəyimin üstündə xeyli müddət gəzdirsəm də, əslində onu heç sevmirdim. Çünki uşaq vaxtı saçlarım qıvrım olduğundan nəinki bacım, hətta bəzi qonşularımız mənə “Leninin uşaqlığı” deyib lağa qoyurdular. Odur ki, nişanın üzərindəki kiçik Valodyanı görəndə elə bilirdim yenidən söyülürəm.

Artıq ikinci sinifdə oxuyanda nişanı önlüyümün üzərinə deyil, iç tərəfinə taxmağa başladım. Amma oktyabryat nişanını sevməməyimin səbəbi yalnız körpə Lenin deyildi. Əslində... 

PİONER SEVDASI  

Əslində pioner olmaq, boynuma qırmızı qalstuk taxmaq istəyirdim. Çünki anam pioner qalstukumu Almaniyadan aldığına görə o digərlərindən keyfiyyətinə və rənginə görə daha fərqlənirdi. Bacımın qalstukuna həsəd aparmaqdan bezmişdim. Tez böyümək, qalstukumu məktəbin “gözünə” soxmaq istəyirdim. Deyim ki, hələ birinci sinifdə oxuyandan qalstuku bağlamaq qaydasını da öyrənmişdim.

Amma pioner qalstukuna rəsmən qovuşanda 1991-ci ilin may ayı - dərs ilinin son günləri idi. Yadımdadır, sinfimizin önündəki dəhlizdə rus bölməsinin yuxarı sinif şagirdləri qalstuku boynumuza taxmaqla bizi pionerə keçirtdilər. İbtidai sinif müəlliməm nəinki bayram keçirtmədi, heç “Pioner andı”nı belə öyrətmədi.  

ƏLVİDA, QALSTUK! 

Meydan hadisələrindən xəbərim olsa da, valideynlərimin həyəcanına şərik çıxsam da, qəribədir ki, pioner qalstukumdan imtina etməyi ağlıma gətirmirdim. Odur ki, sentyabrın 1-i güzgü önündə ağ köynəyimin boynunu qaldırıb qalstukumu səliqə ilə boynuma bağladım. Yol boyu al qırmızı neylon parçaya baxıb sevincimi gizlədə bilmirdim.

Məktəbin həyətində sinfimizin sırasını tapıb uşaqlarla görüşdüm. Məndən başqa heç kim qalstuk taxmamışdı. Ətrafa nəzər yetirəndə gözümə qırmızı rəng görünmədi. Bununla belə narahat olmadım. Amma sinif nümayəndəmiz gələn kimi salamlaşmadan ilk sözü bu oldu:

- Sən niyə qasltuk vurmusan? Tez onu çıxart! Xəbərin yoxdur? Biz müstəqil olmuşuq e!

Dilim topuq vurmasa da bir söz deyə bilmədim. Eləcə məktəbin həyətində qalstuku boynumdan çıxarıb səliqə ilə çantama qoydum.

Azərbaycan həqiqətən də müstəqilliyinə qovuşdu, amma 49 gündən sonra. Hər gün  bir şəhid xəbəri eşidirdik. 

QƏFİL ÖLÜM...  

Hər gün ölüm xəbərini səhərlər köhnə qonşumuz Qumru xala, axşamlar isə AZTV-dən Şəmistan Əlizamanlı elan edirdi. Qulağım yalnız məktəbdə sakit olurdı. Lakin 1992-ci ilin martın 11-də birinci dərsdə eşitdiyimiz xəbər bütün sinif yoldaşlarımın ürəyini parçaladı. Sinif yoldaşım Lamiyə ailəsi ilə birgə avtoqəzaya düşmüşdü, anası, qardaşı və özü həlak olmuşdu.

Həmin günü demək olar ki, dərs keçə bilmədik. Çünki bir neçə müəlliməm xəbərdən huşunu itirmişdi. Ağlaya-ağlaya gözümün önünə martın 7-də onunla olan son anım gəldi. Lamiyə nəğmə dərsində lövhənin qarşısına çıxıb, kədərlə “Ana məhəbbəti” mahnısını oxudu:

Ana məhəbbəti gör nəyə bənzər,
Ana mənimdir ki, üstümdə əsər... 

Mən bu mahnını nə əvvəl eşitdim, nə də sonra.  

NYUTONUN QANUNU 

Fizika laboratoriyasına ayaq basanda heç məktəbdə oxumurdum. Anamın ən yaxın rəfiqəsi Roza (biz ona ana deyə müraciət edirik) məktəbimizin fizika laboratoriyasında çalışırdı. Hər dəfə otağına gedəndə rəngli qutuları eşərdim. Bu, sanki ritual idi: “Paskalın şarı”na, “Nyutonun borusu”na, müxtəlif kompaslara, maqnitlərə baxandan sonra keçib ananın yanında oturardım. Amma yuxarı sinfə keçəndə cihazlara olan marağım ikinci plana keçdi. Böyük zəngdə on dəqiqəyə ancaq qarnımı doydurmaqla məşğul olardum. Ana təmiz çay dəsmalını masanın üzərinə sərib, ora isti çörək, qaynanmış yumurta, şor, yağ düzərdi. Sonra gedib plitkanın kənarında kolbada qaynatdığı suyu gətirib çay süzərdi. Kolbada qaynanmış su bilirsiz, necə dadlı olur?!

Yəqin fizika laboratoriyasına bu qədər bağlılığımdandır ki, Nyutonun 3-cü qanununu hələ də unutmamışam: “Təsir əks təsirə bərabərdir”. 

50 YAŞINDA BİR MƏKTƏB

İllərdir beynimdə yapışıb qalan bütün bu acılı-şirinli anlar Şirvan şəhərindəki Elçin İmanov adına 10 №-li orta məktəbdə baş verib. Anam Züleyxa təqaüdə çıxandan sonra daha o məktəbə ayaq basmıram. Bacım Zülfiyyə isə məktəbdə ibtidai sinif müəlliməsidir. O, məktəblə məni bağlayan telləri qırılmağa qoymur. 

İndi 10№-li məktəb 50 yaşın içindədir. Yarım əsrdir ki, şagirdlər kimi o da ikiləri, beşləri, hətta xatirələri “çiynində daşıyır”. Doğma məktəbimə güc arzulayıram!

P.S. Məktəbdən söz düşəndə anam rəhmətlik qardaşım Mehmanın birinci sinifdəki sərgüzəştlərindən danışardı:

-Mehman, dərsdən neçə aldın?

- Az qala, beş alacaqdım. Leninin birini demək yadımdan çıxdı.

-Mehman, hara qaçırsan?

- Pefetə gedirəm, pefetə... Kojik almağa...

Bakı. 12 iyun, 2016

 





20.06.2016    çap et  çap et