525.Az

"Multikulturalizm və kitab" mövzusunda konfrans keçirilib


 

"MULTİKULTURALİZM" JURNALININ İLK SAYI TƏQDİM OLUNDU

"Multikulturalizm və kitab" mövzusunda konfrans keçirilib <b style="color:red"></b>

Dünən Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "Multikulturalizm və kitab" mövzusunda konfrans və ilk nəşri çapdan çıxmış "Multikulturalizm" jurnalının təqdimat mərasimi keçirilib.

Tədbiri açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov multikulturalizmin Azərbaycanın ənənəvi siyasətinin çox yaxşı modeli olduğunu, ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələrinin harmonik inkişaf etdiyini bildirib.

Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, "Multikulturalizm" ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət Kərimova və başqaları  çıxışlarında Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, multikulturalizmin Azərbaycan mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyiblər.

Konfransın ikinci hissəsində məruzələr dinlənilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu İnformasiya təminatı sektorunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı, Bilik Fondunun əməkdaşı Reyhan Yusifqızı, Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Milli Kitabxananın şöbə müdiri Adil Abdullayeva, F.Köçərli adına Uşaq kitabxanasının direktor müavini Zahirə Dadaşova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşı  Əliyusif Məmmədov, Hərbi akademiyanın dosenti, filologiya elmləri namizədi Münəvvər Məmmədova, Polis Akademiyasının müəllimi Rahim Məcnunov, AMEA-nın Mərkəzi Kitabxanasının biblioqrafı Sevil Əliyeva və başqaları müxtəlif mövzularda çıxışlar ediblər.

Sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Azərbaycanda multikulturalizm" elektron məlumat bazası təqdim edilib.

Sonda tədbir iştirakçıları "Multikulturalizm Azərbaycanın həyat tərzidir" adlı kitab sərgisi ilə tanış olublar.

 





24.06.2016    çap et  çap et