525.Az

Naxçıvandan Qafqaz Hərb Tarixi Muzeyinə uzanan cığırlar


 

Naxçıvandan Qafqaz Hərb Tarixi Muzeyinə uzanan cığırlar<b style="color:red"></b>

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru

XVIII əsrin ortalarından etibarən Naxçıvan üçün ciddi sınaqlar dövrü başlandı. Yeni Naxçıvan tarixi dövrünə qədər keçilən bütün yüzilliklərin siyasi sınaqlarına Naxçıvan mərdliklə sinə gərdi. Ötüb gedən bu yüzilliklərdə orijinal tarix səhifələri yarandı və doğma Azərbaycan tarixinin parlaq bir səhifəsinə çevrildi. Bəzi tədqiqatçılar cəhd göstərdilər ki, Naxçıvan tarixini Qafqaz tarixindən təcrid etsinlər. Amma tarix tarixdir və zamandan çox asılıdır. Zaman isə unutqanlığın qənimidir. Yəni hər bir tarixi dövr məsələni öz həqiqi reallığına gətirə bilir.

Diqqət yetirsək, bu gün əksər dünya ölkələrinin qafqazşünaslığında Naxçıvan xüsusi yer tutur. Buna əsas səbəb onun yerləşdiyi geosiyasi mövqe və yaşadığı tarixi hadisələrdir. Ona görə də Azərbaycan tarixinin unikal bir ensiklopediyası olan Naxçıvan tarixi bu gün də Rusiya, Türkiyə, İran, Gürcüstan, Yunanıstan, İngiltərə, Polşa qafqazşünaslığında xüsusi diqqət çəkməkdədir. Qeyd edək ki, erməni qafqazşünaslığında isə obyektiv sənədlər dəyişdirilərək hayların tarixi kimi yazılır və əsassız ərazi iddiaları irəli sürülür. Ancaq necə deyərlər, yel qranit qayadan heç nə apara bilməz.

Yuxarıda adlarını sadaladığımız ölkələrin arxivlərində Naxçıvan və onun hərb tarixi, həmçinin memarlığı ilə bağlı tarixi sənədlər saxlanmaqdadır.

Naxçıvan xanlığının bəzi rəmzləri bir vaxtlar Qafqazın baş şəhəri sayılan Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılıb və muzeyin salonlarında nümayiş etdirilib. XIX əsrin sonlarında yaradılmış bu zəngin hərbi muzey “Şöhrət Məbədi” adını da daşıyıb. Muzey haqqında bir az ətraflı söhbət açmaq yerinə düşər.

Qafqaz Hərb Tarixi Muzeyi Tiflisdə Qafqaz Hərbi Dairəsinin Qərargahının Hərbi tarix şöbəsinin nəzdində Qafqaz müharibələrinin tarixi ilə əlaqədar yaradılmışdır. Elə həmin ildə Qolovin prospektində (indiki Rustaveli) yeni muzey binasının tikilməsi qərara alınır. Muzey binası 1885-ci ildə tikilsə də, onun rəsmi açılışı 1907-ci ilin 11 fevralına təsadüf edir. Arxiv sənədlərindən məlum olur ki, muzey rəsmi olaraq 1906-cı ilin martından Qafqaz Hərbi Dairəsinin Qərargahının tabeçiliyinə verilib. Əvvəlki illərdə müxtəlif sərgilərin təşkil edildiyi muzey tamaşaçıların diqqətini elə də cəlb etmirmiş. 1905-ci ildə Rusiya çarı qraf İllarion İvanoviç Vorontsov-Daşkovu Qafqaza canişin təyin edir. O, işə başlayan kimi unudulmuş, necə deyərlər, sahibsiz qalmış muzeyin yenidən təşkilinə göstəriş verir. Məqamındaca tarixə səyahət edək.

Rusiya Qafqazdakı canişinlik idarəçiliyinə 1844-cü il noyabrın          27-dən başlayıb. Həmin ilə qədər Qafqazın baş sərdarları aşağıdakı hərbçilər olmuşlar: Sisiyanov (1803-1806), Qudoviç (1806-1809), Tormasov (1809-1811), Panuliç (1811-1812), Rtişşev (1812-1816), Yermolov (1818-1826), Paskeviç (1826-1831), Rozen (1831-1837), Qolovin (1837-1842), Neydqardt (1842-1844).

Rusiya çarı Qafqazda ilk dəfə canişinlik vəzifəsinə Mixail Semyonoviç Vorontsovu təyin  etmiş və ona külli-ixtiyar vermişdir. O, 1845-1854-cü illərdə  Qafqazda Rusiyanın müstəmləkəçilik siyasətini daha da dərinləşdirmişdir. Bu, həmin Vorontsovdur ki, ermənilərin Rusiya imperiyasında çox mötəbər vəzifələrə təyin olunması üçün bütün vasitələrdən istifadə etmişdir. Onu böyük rus şairi A.S.Puşkin Bessarabiyadan tanıyırdı və ona ithaf etdiyi bir həcv Vorontsovun tam xarakterini açır:

 

Yarımigid, yarımavam,

Üstəlik də yarımalçaq.

Lakin burda bir ümid var,

Alçaqlıqda tam olacaq.

 

Onu da deyək ki, Rusiyanın Qafqazdakı hərbi əməliyyatlarından ən uğursuzu lovğa Vorontsova məxsusdur: o, 1845-ci ildə Şeyx Şamillə döyüşlərdə (məşhur Darqo döyüşü) 4 general, 186 zabit və 4000 əsgər itirmişdi.

Sonralar Muravyov (1854-1856), Baryatinski (1856-1862) və Rusiya imperatorunun böyük qardaşı knyaz Mixail Romanov (1862-1882) Qafqaz canişini işləmişlər. Bunların içərisində Naxçıvana və naxçıvanlılara rəğbətlə yanaşan knyaz Romanov olmuşdur.

Rusiyanın mərkəzi şəhərlərində iğtişaşlar olmasın deyə, əksər hərbi hissələri şimala apardıqlarından çarın fərmanı ilə Qafqaz canişinliyi 1882-ci il fevralın 22-də ləğv edilir. XX əsrin əvvəllərində Qafqazda xalqların azadlıq mübarizəsi gücləndiyi üçün Rusiya çarı 26 fevral 1905-ci ildə yenidən canişinliyi bərpa edir və bu vəzifəyə Vorontsovun əmisi nəvəsi ermənipərəst İ.Vorontsov-Daşkovu təyin etmişdir. 1905-ci ildən 1915-ci ilədək Qafqaz canişini olan Vorontsov-Daşkova heç bir canişinə nəsib olmayan ixtiyar verilmişdi. O da bu fürsətdən istifadə edib Qafqazı erməniləşdirmək ideyasını harda gəldi tətbiq edirdi.

Sonuncu canişin Mixail Aleksandroviç Romanov olmuşdur (1916-1917). Qafqaz canişinliyi 9 mart 1917-ci ildə fəaliyyətini dayandırmışdır.

Qayıdaq mətləbimizə. Vorontsov-Daşkov Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyinin salonlarını zənginləşdirmək üçün Qafqazın hər yerindən, o cümlədən Azərbaycandan da müharibələr vaxtı rus ordusunun əldə etdiyi qənimətləri muzeyə toplamağı verdiyi əmrlərdə qərarlaşdırır. Naxçıvan xanlığının 1828-ci ilədək istifadə etdiyi bayraqları Tiflisə gətirtdirir. Hətta Moskva və Sankt-Peterburq muzeylərinə aparılan hərbi qənimətlər muzeydə nümayiş üçün Tiflisə qaytarılır. “Şöhrət Məbədi” adını daşıyan Qafqaz Hərb Tarixi Muzeyinin 1907-ci il fevralın 11-də təntənəli açılışı zamanı çəkilən foto­şəkil bu gün də Gürcüstan Milli Arxivində saxlanılır.

“Şöhrət Məbədi”nə ilk direktor görkəmli rus hərb tarixçisi, Qafqaz Ordusunun Baş Qərargahında Hərbi tarix şöbəsinin rəisi, “Qafqaz tarixinin Nestoru” ləqəbini daşıyan general-leytenant V.A.Potto (1836-1911) təyin olunur. V.A.Potto Qafqaz müharibələrinə aid yazdığı məşhur beşcildliyin müəllifidir (“Qafqaz müharibəsi ayrı-ayrı oçerklərdə, epizodlarda, əfsanə və bioqrafiyalarda”, Tiflis, 1885-1891). Onun əsərlərində Naxçıvan xanlığının tarixi ilə bağlı xeyli qiymətli məlumatlar vardır. Həmin tarixi faktlar 1826-1828-ci illərə aid bir sıra mübahisəli məsələləri aydınlaşdırmaq baxımından olduqca orijinal hesab oluna bilər.

“Şöhrət Məbədi”, əsasən, 3 salondan ibarət idi. Sağ salon, orta salon və sol salon. Demək olar ki, bu muzeydə Rusiyanın Qafqazda, İranda və Türkiyədə apardığı müharibələrdə iştirak edən hərbçilərə məxsus şəxsi əşyalar, döyüş səhnələrinin təsviri olan tablolar və əldə olunmuş qənimətlər nümayiş etdirilmişdir.

V.A.Pottonun vəfatından sonra onun köməkçisi, hərb tarixçisi Semyon Esadze 1912-ci ildə həmin muzeyə direktor təyin olunmuşdur. Məlumat üçün deyək ki, Boris və Semyon Esadze qardaşları hərb tarixçisi olmuşlar. Onların ikisi də zəngin hərbi yol keçmiş və Qafqaz Hərbi Dairəsinin Baş Qərargahında Hərbi tarix şöbəsində Pottonun köməkçiləri kimi fəaliyyət göstərmişlər. “Qafqaz Ordusu”, “Qars” və digər hərbi qəzetlərin redaktoru olan Boris Esadze 1914-cü ildə vəfat etmişdir. Digər qardaş Semyon isə 1917-ci ilədək Qafqaz Hərbi tarix şöbəsinin rəisi vəzifəsində fəaliyyət göstərmişdir. 1921-ci ilin avqustundan Gürcüstan Dövlət Arxivinin hərbi bölməsinin, 1923-cü ildən 1927-ci ilədək Hərb Tarixi Arxivin müdiri işləmişdir. Çoxlu elmi əsərləri vardır. 15 noyabr 1927-ci ildə vəfat etmişdir.

Esadzelərin Gürcüstan Milli Arxivində çox zəngin fondları mövcuddur. Onların yazdıqları əsərlərdə əks olunan Naxçıvan tarixi ilə bağlı sənədlər, epizodlar, Kəngərli süvarilərinin fəaliyyətləri haqqında məlumatlar aktuallığı ilə diqqəti cəlb edir.

Semyon Esadzenin yazdıqlarından bizə məlum olur ki, I Ehsan xanın süvarilərinə məxsus bayraq, Abbasabad qalasının dəmir açarı, 1830-cu ildən sonra Kəngərli süvarilərinin 300 nəfərlik dəstəsinə təqdim edilən bayraq, döyüş mənzərələrini əks etdirən tablolar və fotoşəkillər bu muzeydə saxlanılırmış. Bu haqda ilk dəfə o, 1907-ci ildə yazdığı “Qafqaz Hərb Tarixi Muzeyinin bələdçisi” adlı kitabında məlumat vermişdir.

1917-ci ildən sonra Naxçıvana məxsus dövlət rəmzlərinin haraya aparılması bizim əsas axtarış məqsədlərimizdən biridir.

Axtarışlar zamanı məlum oldu ki, inqilab ərəfəsində muzeyin əsas eksponatları Krasnodar-Stavropol-Moskva-Sankt-Peterburq istiqamətində Rusiyaya aparılmışdır. 1830-cu ildən sonrakı Kəngərli süvari dəstəsinin bayrağı sonralar Milli Azərbaycan Tarixi Muzeyinə verilmişdir. Amma 1828-ci ilədək Naxçıvan xanlığına məxsus bayraqların haraya aparılması hələlik məlum deyil. Bir məsələ var ki, Azərbaycan xanlıqları işğal edilən kimi bayraqlar Sankt-Peterburqun Petropavlovsk soboruna, yaxud Moskva Silah Palatasına aparılırmış. Bu haqda Esadze qardaşları yazmışlar. Bu istiqamətdə ciddi axtarışlarımız davam edir. Naxçıvanın canlı arxivi olan Matan xanım Nəsirbəyova öz atasından eşitdiklərini bizə danışardı. Onun dediyinə görə, I Kalbalı xanın dövründə Naxçıvan xanlığının bayrağının üzərində, yaxud haşiyəsində “Quran” ayələri və hətta İmam Əlinin ikiuclu qılıncının (Zülfüqarın) təsviri varmış. Hilal ayı və yaşıl ulduzu da bura əlavə edirdi. Bunlar çox maraqlı məsələlərdir və tariximizdir. Yəqin ki, axtarışlar bizi sevindirəcək.

“Şöhrət Məbədi”ndən qalan eksponatlar, əsasən, Tiflisdəki Gürcüstan Milli Tarix Muzeyində və Milli Arxivin nəzdində olan fotoarxivdə saxlanılır.

Bir neçə dəfə Canaşia adına Milli Tarix Muzeyində olsaq da, şəxsən fonddakı bayraqlara baxmağa icazə vermirlər. Rəsmi sənədlər olsa da, bir nəfərin (familiyası Axalkaçi) inadı ucbatından saxlanılan bayraqlara baxa bilməmişdik. Həmişə çalışmışıq ki, nəsə yeni bir məlumat öyrənə bilək. Fotoarxiv olduqca zəngindir. Burada Krım, Bəyazid müharibələrinə və 1914-1918-ci il Dünya müharibəsinə aid fotoşəkillər saxlanılır.

“Şöhrət Məbədi” bağlandıqdan sonra bolşeviklər həmin şəkilləri bağlı fondlarda saxlamışlar, məhv etməmişlər: yəqin ki, Rusiya tarixi olduğuna görə. Fotoşəkillərin çoxu adsızdır. Xüsusi tədqiqata ehtiyacı var. Biz tam süvari generalı Hüseyn xan Naxçıvanskiyə məxsus olan 3 ədəd fotoşəkil aşkarladıq. Onlardan birini ilk dəfə çap edirik.

Birinci cərgədə soldan dördüncü Hüseyn xan Naxçıvanskidir.

Qafqaz Hərb Tarixi Muzeyi ilə bağlı yazılanlar bizim diqqətimizdədir. Çünki bu muzeydəki qənimətlərin əksəriyyəti osmanlılara və azərbaycanlılara məxsus olmuşdur. Siyahılar qalmaqdadır. Bunlar hamısı bizim tariximizdir. O tariximizdir ki, yadellilər bu gün də bizdən onu gizlədirlər. Amma gizlədə bilmədikləri bir həqiqət var ki, o, bizim axtarışlarımıza işıq salır. O işıq Naxçıvanın igid süvarilərinin cəsurluğu, dönməzliyi və Naxçıvanın şahə qalxan döyüş atlarının kişnərtisidir. Bunu dəfələrlə Tiflis arxivlərindəki sənədlər üzərində işləyərkən və fotolara baxarkən apaydın duymuşam.

 





23.02.2013    çap et  çap et