525.Az

Mədəni və bioloji müxtəlifliyin ahəngdar vəhdətindən doğan Azərbaycan palitrası


 

Mədəni və bioloji müxtəlifliyin ahəngdar vəhdətindən doğan Azərbaycan palitrası<b style="color:red"></b>

Rasim ABDULLA
AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun dissertantı

Vətənimiz Azərbaycan müxtəlif etnik və dini qrupların tarixən dözümlülük və mehriban şəraitdə yaşadığı çoxmillətli və çoxdinli bir ölkədir. Uzun əsrlər boyu etnik və dini azlıqlara mənsub olan xalqlar ölkədə etnik çoxluq təşkil edən azərbaycanlı türklərlə sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Təəssüf ki, yaxın keçmişdə siyasi oyunlar səbəbi ilə Ermənistanla Azərbaycan arasında meydana çıxmış münaqişə, bəziləri tərəfindən milli və dini münaqişə kimi qələmə verilir. Hətta bəziləri daha da irəli gedərək, azərbaycanlıları dözümsüzlükdə ittiham edir, Dağlıq Qarabağ münaqişəsinin yeni alovlandığı dövrdə milliyətcə erməni olan sakinlərə qarşı sərt davranıldığını iddia edirlər. Qeyd edilən iddiaların boş uydurma olduğu xalqımızın hər bir nümayəndəsinə gün kimi aydındır. Bu barədə çox deyilib, konkret faktlara əsaslanan ətraflı yazılar yazılıb. Amma bu iddiaların puç olduğunu sübut etmək üçün məsələyə bir qədər fərqli yöndən yanaşmaq istərdim.

Məsələ burasındadır ki, Azərbaycanda keçmişdən bu günə kimi birgə yaşayan bir çox millət və din nümayəndələri bu məmləkətin mədəni müxtəlifliyinin zəngin palitrasını təşkil etmişdir. Buradakı mədəni müxtəliflik ənənələrini şərtləndirən amillər və onun əsl səbəblərini çeşidli yönlərdən izah etmək olar. Qeyd edilən ənənələrin ictimai, psixoloji, tarixi əsasları indiyə kimi geniş araşdırılmışdır. Ancaq  bu məqalədə mən ölkəmizdəki mədəni müxtəlifliyi şərtləndirən təbii amillərin rolundan bəhs etmək istərdim. Bir qədər qəribə görünsə də, Azərbaycanda təşəkkül tapan mədəni müxtəlifliklə, burada hökm sürən bioloji müxtəlifliyin qarşılıqlı münasibətini elmi dəlillərə istinadən araşdırmağa çalışacağam.

Mədəni müxtəlifliklə biomüxtəliflik. Şübhə yox ki, bunlar müxtəlif məfhumlar və tamamı ilə ayrı-ayrı elm sahələrinin tədqiqat predmetidir. Biomüxtəliflik sırf təbiət elmlərinin predmeti olduğu halda,  mədəni müxtəliflik humanitar elm sahəsinə aiddir. Ancaq gəlin görək bunlar bir-biri ilə nə dərəcədə əlaqəlidir, biri digərinə hansı təsir gücünə malikdir və ümumiyyətlə belə bir təsir mövcuddurmu?

Müasir elm bu məsələni kifayət qədər dərindən araşdırmayıb, bunun səbəbi isə bəlkə də təbii mühitin insan psixologiyasına və xüsusiyyətinə göstərdiyi təsirin, bəzi mürtəce ideologiyalar tərəfindən səhv və şişirdilmiş formada təqdim olunması idi.

Bununla belə qeyd olunmalıdır ki, tarix boyu, insanla təbiət arasında olan üzvi bağlılıq, diqqətləri təbii faktorların sosial həyatda oynadığı inkar olunmaz rola çəkmişdir. Hələ qədim dövrlərdən başlayaraq əksər görkəmli alim və filosoflar təbii şəraitin və coğrafi məkanın insan cəmiyyətinin inkişafına, onun xüsusiyyət və mənəviyyatına təsiri haqqında bir çox fikirlər söyləmişdir.   Ənənəvi olaraq “tarixin atası” adlandırılan Yunan tarixçisi Herodot, “tibbin atası” adlandırılan və tibb elminin banisi sayılan Hippokrat, eləcə də Demokrit, Aristotel, Polibi və Strabon kimi qədim yunan filosof, tarixçi və coğrafiya alimləri coğrafi mühit, onun iqlim, torpaq, landşaft, flora və fauna kimi ayrı-ayrı komponentlərinin cəmiyyət və xalqların taleyindəki həlledici roldan bəhs etmişlər.

Orta əsrlərdə yaşamış böyük islam tarixçisi və filosofu İbn Xəldun (1332-1406), təbii və coğrafi amillərin sivilizasiyalara təsiri ilə bağlı mükəmməl nəzəriyyə irəli sürmüşdür. O, özünün məşhur “Müqəddimə” əsərinin “Mülayim və sərt iqlimlər, havanın insanların  (dərisinin) rənginə və bir çox başqa hallarına təsiri” adlı fəslində Yer kürəsini 7 iqlim qurşağına bölür-onlardan şimala yaxın olanlar sərt soyuq, cənub və ona yaxın olanlar qızmar isti, şimal və cənub arasında yerləşənlər isə mülayim iqlimlərə malik olduğunu bildirir. İbn Xəldun burada qeyd edir ki, həddən artıq soyuq və ya isti olan bölgələr sivilizasiyanın inkişaf üçün əlverişli deyil, amma mülayim iqlimə malik bölgələrdə isə elm, sənətkarlıq və maddi mədəniyyət formalaşır, oranın sakinləri də daha fiziki, əqli və əxlaqi baxımdan daha mükəmməl olur.

İbn Xəldunun fikirləri sonradan oxşar şəkildə fransız filosoflar Jan Boden (1530-1596), Şarl Lui Monteskyö (1689-1755) və Oqüst Kont (1798-1857) tərəfindən irəli sürülmüşdür. Həmçinin, coğrafi amilin və təbii mühitin bəşər tarixinə və sivilizasiyasına təsiri barədə İbn Xəldunun dedikləri, ingilis tarixçiləri Henri Tomas Bokl (1821-1862), Arnold Toynbi (1889—1975) və sair Avropa alimlərinin ideyalarına güclü təsir göstərmişdir.

Yuxarıda qeyd edilən fikirləri ehtiva edən və müasir dövrdə coğrafi determinizm adı ilə tanınan konsepsiyanın yaradıcısı fransız mütəfəkkiri Jan Boden (1530-1596) hesab edilir. Onun ideyalarına görə təbii faktorlar arasında ən əsas rolu bu və ya digər ölkənin iqlimi oynayır. Bu mütəfəkkir  də İbn Xəldun kimi başlıca olaraq üç iqlim bölgəsini fərqləndirir: cənub, mülayim və şimal. Bodenin fikrinə görə, sivilizasiyanı inkişaf etdirmək mülayim bölgələrin sakinlərinə başqalarından daha artıq müyəssər olur.

Coğrafi determinizm ideyasını daha sonra başqa bir fransalı alim Şarl Lui Monteskyö da inkişaf etdirmişdir. 1748-ci ildə nəşr olunmuş “Qanunların ruhu haqqında” adlı əsas əsərində Monteskyö cəmiyyətin həyatına coğrafi mühit faktorlarının təsiri barədə nəzəriyyə işləyib hazırlamışdı. “İqlimin gücü dünyada ən birinci gücdür”-deyən Monteskyö iddia edirdi ki, iqlim şəraiti insanın individual xüsusiyyətlərini, xarakterini və təmayülünü, onun bədən quruluşunu müəyyən edir.

XIX əsrdən başlayaraq İohan Herder, Aleksandr Humbolt, İmmanuel Kant, Georq Vilhelm Fridrix Hegel və sair alman alimləri də təbii şəraitin ictimai-siyasi inkişafa təsirini araşdırmışlar.

İohan Herderin fikrinə görə, sivilizasiyanın inkişafı daxili və xarici faktorların təsirləri ilə baş verir. O, xarici faktorlara fiziki təbiəti, əsasən də onun iqlim, torpaq və coğrafi mövqe kimi ünsürlərini aid edirdi.

İmmanuel Kant coğrafiya mühazirəsində fiziki mühitin “mənəvi coğrafiya”-ya (milli xüsusiyyətə), siyasi coğrafiyaya, “ticarət coğrafiyası”-na (iqtisadiyyatına) və “ilahiyyat coğrafiyası”-na (dinlərin ərazi bölgüsünə) təsiri haqqında fikir söyləmişdir.

Hegel də özünün “Fəlsəfə tarixi” əsərində coğrafi mövqeyin əhəmiyyətinə və hər hansı xalqın istehsal ruhunda təbiət amilinin buraxdığı izə diqqəti cəlb etmişdir.

Yuxarıda qeyd olunan mütəfəkkirlərlə yanaşı, sadalamadığımız bir çox digər alimlər də təbii faktorların cəmiyyət həyatının müxtəlif sahələrinə təsiri ilə bağlı çoxlu fikirlər söyləmişlər. Burada xüsusilə vurğulamaq istərdim ki, əksər alimlər təbiət, iqlim və mədəni şəraitlə bağlı zahiri fərqliliklərə baxmayaraq, bəşəriyyətin eyni xarakterə malik olduğunu vurğulamışlar. Mənə belə gəlir ki, bu amillərin insan və xalqların həyatına və xarakterinə təsirini mütləqləşdirməyin doğru olmadığı kimi, onu tam inkar etmək də düzgün olmaz. İqlim və təbii şəraitin  təsiri ilə bağlı fikirlərdə müəyyən həqiqətin olduğunu, Azərbaycanın timsalında da görmək mümkündür.  Belə ki, bu ölkənin biomüxtəlifliyi ilə mədəni müxtəlifliyini müqayisə etsək, burada maraqlı uyğunluqların olmasını aşkar etmək olar. Bunu təsdiq etmək üçün ölkənin təbii və ictimai mühiti arasında bəzi paralellər aparaq.

Məlum olduğu kimi, Azərbaycan Respublikası nadir coğrafi mövqeyinə və müxtəlif iqlim qurşaqlarının mövcudluğuna görə zəngin biomüxtəlifliyə malik ölkədir. Belə ki, 1956-cı ildə məşhur iqlimşünas B.Alisovun (1891-1972)  hazırladığı iqlim növlərinin təsnifatına əsasən, hava kütlələrinin coğrafi tiplərinə və atmosfer sirkulyasiyasının xüsusiyyətinə görə 13 iqlim qurşağı ayrılır. Bu təsnifata istinad etsək, qeyd edilən  13 iqlim qurşağından 9-u Azərbaycan ərazisində müşahidə olunur.

 Mütəxəssislərin fikrinə görə, ölkə ərazisinin coğrafi mövqeyi, relyefin mürəkkəbliyi, Xəzər dənizinin yaxınlığı, il ərzində yer səthinə düşən günəş radiasiyasının bolluğu, müxtəlif mənşəli hava kütlələrinin təsiri altında olması və s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur.

Azərbaycan Respublikasının təbii şəraiti haqqında olan elmi mənbələrdə göstərilir ki, onun ərazisində qeyd edilən iqlim zonaları üzrə 4500-dən çox çiçəkli, ali sortlu bitki növü qeydə alınmışdır. Nisbətən böyük olmayan respublikanın ərazisində dünyada rast gəlinən bütün bitki tiplərinin demək olar ki, hamısı yayılmışdır. Növlərin ümumi sayına görə, Azərbaycanın florası regionun başqa ölkələrinə nisbətən xeyli zəngindir. Mütəxəssislər bildirir ki, Azərbaycan Respublikasında floranın zəngin və bitki örtüyünün rəngarəng olması, onun fiziki-coğrafi və təbii-tarixi şəraitinin müxtəlifliyi və həmçinin uzaq floristik sahələrin təsiri altında formalaşmış mürəkkəb tarixi ilə əlaqədardır.

Mənbələrdə həmçinin göstərilir ki, Azərbaycan Respublikası ərazisində təbii şəraitin müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də çox rəngarəngdir. Respublika ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Bioloji növ müxtəlifliyi və heyvanlar aləminin də çox rəngarəng olmasının əsas səbəbi kimi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin olması göstərilir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata, qədim şərq səyyahlarının yazılarında rast gəlmək olar. Memarlıq abidələri, qədim qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri dövrümüzə qədər gəlib çatmışdır.

İndi isə gəlin baxaq, yuxarıda sadaladığımız coğrafi və təbii mühit şəraitinin təsiri məsələsi, Azərbaycan xalqının həyatı və şəraitində öz əksini nə dərəcədə tapıb? Məlum olduğu kimi, Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına və sivilizasiyanın ən qədim mərkəzlərindən biri olmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot, Polibi, Strabon, Ptolomey və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, təbiəti,  yaşayış məntəqələri, burada məskunlaşmış müxtəlif tayfalar və s. haqqında məlumatlar vermişlər. Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində burada yaşayan müxtəlif dilli və ləhcəli 26 alban tayfası barədə məlumat verir.

Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş bu qədim etnoslar, Qafqaz regionunda yaranmış qədim mədəni mühitin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin ictimai-mədəni həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Azərbaycan xalqı tarix boyu qonaqpərvərliyi və tolerantlığından dolayı, müxtəlif millət, din və mədəniyyət nümayəndələrinə qucaq açaraq, onlara öz qoynunda yer vermişdir.

Məsələn, Babil hökmdarı II Navuxodonosorun (e.ə. 586-cı il) Yerusəlimi (indiki Qüds) zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapmışlar. İndi dağ yəhudiləri kimi tanınan bu xalq artıq 2500 ilə yaxındır ki, Azərbaycan ərazisində mehriban münasibət şəraitində yaşayaraq öz dini və milli adət-ənənələrini indiyə qədər qoruyub saxlayıblar.

(Ardı var)

 





23.02.2013    çap et  çap et