525.Az

Yeni nəşrin işığı


 

“MULTİKULTURALİZM” JURNALININ İLK SAYI HAQQINDA QEYDLƏR

Yeni nəşrin işığı<b style="color:red"></b>

Oxuculara tamamilə fərqli yeni bir jurnal təqdim olunur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yaradıcılıq Fondu birlikdə yeni olan “Multikulturalizm” jurnalını oxuculara təqdim etdilər. Bu jurnal bütövlükdə Azərbaycanda yaşayan hər bir kəsin jurnalı olacaq.

Məlumdur ki, Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Artıq sərəncama uyğun olaraq tədbirlər planı hazırlanıb və bu planın tərkib hissəsi olaraq yeni jurnal hazırlanıb və ilk nömrəsi oxuculara təqdim olunub. Jurnalın çox nüfuzlu redaksiya heyəti və beynəlxalq  redaksiya şurası var. Beynəlxalq redaksiya şurasının 14 ölkədən üzvünün olması təqdirəlayiqdir.

Bu jurnal milli və dini mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının jurnalıdır.

Akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi”, AMEA-nın prezidenti akademik Akif  Əlizadənin “Dəqiq ideoloji məqsəd - multikurturalizm”, akademik Kamal Abdullayevin “Portuqaliyadan İndoneziyayadək”, Mübariz Qurbanlının “Azərbaycan multikulturalizm modeli dünya səviyyəsində  ən mükəmməl örnək kimi qəbul olunur”  və s. adlı məqalələr jurnalın uğurlu gələcəyindən xəbər verir.

Yeni jurnal ölkəmizdə yaşayan hər bir xalqın, etnik qrupun yeni mətbuat orqanıdır. Burada müxtəlif  millətlərə və etnik qruplara aid şair və yazıçıların şeirlərinin və əsərlərinin Azərbaycan dilində və ya yazarın öz ana dilində verilməsi əslində mətbuatımızda yeni hadisədir. Jurnalın birinci nömrəsində dağ yəhudilərinin dilində və ləzgi dilində şeirlərin verilməsi fikrimizin təsdiqidir.

Jurnalda regionlarımızın yazarlarının ayrı-ayrı regionlar üzrə qruplaşdırılaraq verilməsi ideyası da uğurlu tapıntıdır.

Birinci nömrədə “Şimal bölgəsinin rəngi” bölməsi çox uğurlu tərtib olunub.

Jurnalda “Sönməyən ulduzlar” rubrikası onun maraqlılığını təmin edəcək rubrikalardan biridir.

Ramilə Qurbanlının birinci nömrədə verdiyi “Sənətkar simasındakı həyat əzabı” yazısı çox səmimi və peşəkarlıqla yazılıb. Yeddi səhifəlik yazıda böyük sənətkar ömrünün sevinci, kədəri, yaşam tərzi, yaradıcılıq uğurları, cəmiyyətimizdə mövcud olan və getdikcə dərinləşən neqativ halların nə qədər arzuolunmaz olduğu çılpaqlığı ilə təsvir olunub.

Jurnal bu rubrikanın uğurlu davamını təmin etməlidir.  Jurnal ilk uğurlu addımını atdı.  Hər bir oxucu bu jurnalın uzun ömürlü, maraqlı olması üçün öz əlindən gələni əsirgəməməlidir.

Jurnal aşağıdakıları da  nəzərə alsa məqsədəuyğun olar.

1. Qədim sivilizasiyalar, mədəniyyətlər,onların oxşar və fərqli cəhətləri.

2. Qlobal mədəniyyətin formalaşmasında müstəsna rolu olan “dünyanın vətəndaşları” haqqında maraqlı məlumatlar.

3. Azərbaycanda yaşayan xalqların, etnik qrupların mədəniyyətləri, adətləri və ənənələri haqqında silsilə məlumatlar.

4. Azərbaycanda yaşayan xalqların, etnik qrupların “mətbəx özəlliklərinin təqdimatı.

5. Azərbaycan multikulturalizmini dünyanın ayrı-ayrı ölkələrində təbliğ edən xarici ölkələrin nüfuzlu insanları haqqında silsilə materiallar.

Jurnalda görkəmli şəxsiyyətlərin müsahibəsi rubrikasının da olması fikrimcə jurnalın uğurlarını artıra bilər.

Jurnalda verilən materialların əsasən danışıq dilinə uyğun verilməsi onu sadə oxucuya sevdirir və oxucu oxuduqca oxumaq istəyir. Çalışır ki jurnalı “bir nəfəsə” oxusun. Bununla belə yaxşı olardı ki, elmi məlumatlarla zəngin olan yazılar “Köhnə dünyanın kəşfi” və “Azərbaycanda qədim alban tayfalarının izləri” məqalələrində olduğu kimi istinadlarla verilsin. Eyni zamanda çalışmaq lazımdır ki, yeni yaradılmış jurnal Azərbaycan Prezidenti yanında Ali Attestasiya  Komissiyasının istinad olunan jurnalları siyahısına daxil edilsin.  Çünki jurnalda tarix, etnoqrafiya, dilçilik, ədəbiyyat, arxiologiya, coğrafiya, mədəniyyət, incəsənət  və s. haqqında geniş elmi araşdırmaların nəticələri, elmi şərhlər verilməsi nəzərdə tutulur.

Jurnalın missiyası dostluğu, vətən sevgisini, insanpərvərliyi, milliliyi qoruyub saxlamaqla dünyəviliyi təbliğ etmək, tolerantlığın qədim köklərə bağlı olduğunu və qloballaşan dünyada rahat yaşamın  ən vacib tələblərindən biri olduğunu göstərməkdir. Dünyada sülh və əmin-amanlıq tolerantlıq olmadan mümkün deyil.
Burada tolerantlıq kiçik mənada - ayrı-ayrı insan münasibətlərində nəzərdə tutulmur. Bir ölkə daxilində xalqların və etnik qrupların, region daxilində qonşu ölkələrin və dünya miqyasında ən böyük dövlətlərdən tutmuş ən xırda dövlətlərə qədər bütün münasibətlərdə tolerantlıq nəzərdə tutulur. Əslində bu yol dünyanın xilası yoludur, böyük müharibələrin qarşısının alınması yoludur, mədəniyyətlərin bir-birini qoruması, bir-birini zənginləşdirməsi yolu, gözəl “dünya mədəniyyətləri çələngi” yaratmaq yoludur. Bu yolda Azərbaycan dünyaya örnək ola bilən bir ölkədir. Bizim ölkəmizin belə örnək kimi təbliğatçı olmasında yeni yaradılmış “Multikulturalizm” jurnalının çox böyük rolu ola bilər.

Vaqif ABBASOV
akademik

 





25.06.2016    çap et  çap et