525.Az

Amerikalı Yepiskopun Azərbaycan təəssüratları


 

Amerikalı Yepiskopun Azərbaycan təəssüratları<b style="color:red"></b>

2016-cı ilin may ayının 4-5-də Bakı Slavyan Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasına həsr edilmiş “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda iştirak üçün ölkəmizə səfər edən ABŞ-ın Los Anceles şəhərinin “Centro Cristiano Bet-El” kilsəsinin Yepiskopu Juan Carlos Mendez ölkəsinə qayıtdıqdan sonra Azərbaycan haqqında minnətdarlıq və sevgi dolu təəssüratlarını ifadə edib.

Yepiskop səfər çərçivəsində Azərbaycanda şahidi olduğu multikultural mühit, dövlət-din münasibətləri, dinlərarası dialoq, xalqımızın qonaqpərvərliyi haqqında fikirlərini Azərbaycan Respublikasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinə ünvanladığı məktubunda qeyd edib.

Yaşadığı Kaliforniya ştatında böyük nüfuz sahibi, 40-a yaxın Protestant kilsəsinin qurucusu Yepiskop C.Mendez Azərbaycana olan xoş münasibətinə görə burada yaşayan ermənilər və onların tərəfdarları tərəfindən təqiblərə məruz qalır. Xocalı faciəsinə həsr olunmuş Los-Angelesdə tədbirdə çıxış etdikdən sonra ermənilərin Yepiskopa qarşı münasibəti daha da kəskinləşmişdir.

Yepiskop C.Mendes məktubda təəssüratlarını belə ifadə edib: “Sizə məni Azərbaycanda keçirilən konfransa dəvət etdiyinizə görə səmimi təşəkkürümü bildirirəm. Keçirdiyiniz konfrans və səfər çox dəyərli idi və mənim üçün yeni perspektivlər açdı. 30 ilə yaxındır ki, mən dinlərarası münasibətlər üzərində işləyirəm və ortaq dəyərlərin tapılması üzərində vaxtımı sərf etmişəm. Azərbaycanda olduğum müddətdə müxtəlif dini icmaların birgəyaşayışı və ümumi dəyərləri paylaşmasının şahidi oldum. Xristian, İslam və Yəhudi dini icmalarının arasında aktiv mübadilə mənə çox xoş təsir bağışladı. 

Başqa vurğulamaq istədiyim məqam isə problemlərin rahat şəkildə ortaya qoyulması və həll olunması idi. Dövlət rəsmiləri qarşıya çıxan məsələlərə düzgün addımlar ataraq yanaşırlar. Universitet tələbələri və müəllimlər multikulturalizm və dinlərarası münasibətlərə həssas mövqe nümayiş etdirirlər.

Mən Azərbaycanda şahid olduğum birgəyaşam modelindən çox razı qaldım və ümid edirəm ki, səfərim müddətində gördüyüm uğurlu prinsiplər və strategiya müvəffəqiyyətlə davam etdiriləcək.

Mən sizə dünyanı daha da gözəl məkana çevirmək üçün davam edən cəhdlərinizdə Tanrının yardım etməsini arzulayıram”.

 





27.06.2016    çap et  çap et