525.Az

Azərbaycan-Britaniya Məzunları Birliyi məktəblilərlə “Təhsil üçün əl-ələ” - Fotolar


 

ZİYA QAFARLI: “XARİCDƏ TƏHSİL ALMAQ İSTƏYƏN GƏNCLƏRLƏ DAVAMLI ƏLAQƏ SAXLAYIRIQ”

Azərbaycan-Britaniya Məzunları Birliyi məktəblilərlə “Təhsil üçün əl-ələ” - <b style="color:red">Fotolar</b>

Azərbaycan-Britaniya Məzunları Birliyinin sədr müavini Ziya Qafarlı ilə “Təhsil üçün əl-ələ” layihəsi barədə söhbətləşdik. Birlik 2005-ci ildə yaradılıb.

2014-cü ildə Mançestr Universitetindən Kompüter mühəndisliyi üzrə məzun olan Z. Qafarlı, hazırda SOCAR-da ixtisası üzrə işləyir. Birliyin hər il yenilənən idarə heyətinin sıralarına Z.Qafarlı təşkilatın ötən ilin dekabrında keçirilən seçkiləri zamanı qoşulub. Təşkilatın əsas məqsədi Britaniyada təhsil almış gəncləri bir məkana toplamaq, onların birliyini, daimi əlaqələrini təşkil etməkdir:

- Biz Britaniyada şahidi olduğumuz irəliləyişləri ölkəmizdə də tətbiq etmək istəyirik. 2005-ci ildən xeyli layihələr həyata keçirilib və bunlar da öz effektini verir. Şəxsi təcrübəmdən danışsam, təşkilatın fəaliyyətində iştirakımdan sonra xeyli sayda insanla tanış oldum. Kompüter mühəndisliyi üzrə yenilikləri öyrənmək və bu sahədə Azərbaycanda fəaliyyət göstərən digər insanlarla tanış olmaq mənə müsbət təsir göstərir.

“Təhsil üçün əl-ələ” VIII Qrant müsabiqəsinin qalibidir

- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu hər il Qrant müsabiqələri keçirir. Bizim birlik - AUKAA da həmin müsabiqələrdə iştirak edir. Hazırda Gənclər Fondunun növbəti müsabiqəsi keçirilir. Müsabiqəyə qoşulmaq üçün təşkilat olaraq yeni bir layihə fikirləşdik. Bu, “Təhsil üçün əl-ələ”dir. Biz bu layihə ilə Qrant müsabiqəsinin qalibi olduq. Mayın əvvəlindən etibarən layihənin iclasına başlamışıq. “Təhsil üçün əl-ələ” bir neçə mərhələdən ibarətdir. İlk olaraq rayonlardan on kənd məktəbi seçdik. Bunlar Zaqatala, Balakən, Şamaxı, Gədəbəy, Siyəzən, Lerik, Yardımlı, Salyan, Ağdam və Bərdədir. Həmin məktəblərin doqquz- onuncu sinif şagirdləri ilə görüşmək, onlarla söhbət etmək, universitet təhsili və fərqli ixtisaslar, həmçinin xaricdə təhsil imkanları haqda məlumatlar verməklə bakalavra hazırlaşan gəncləri bilgiləndirməyə çalışdıq. Birinci məqsədimiz bu barədə seminarlar keçirmək idi. Biz hesab edirik ki, bölgələrimizdə də kifayət qədər savadlı və potensial gənclərimiz var. Lakin doqquz-onuncu sinif şagirdlərinin ixtisas seçimləri başda olmaqla hər zaman bu və ya digər çətinlikləri olur. İstədik ki, universitet həyatlarında daha uğurlu olmaları üçün onlarla öz təcrübələrimizi bölüşək. Buna müəyyən mənada nail olduğumuzu düşünürəm. İkinci mərhələdə isə seminarlar keçirdiyimiz rayon məktəblərinin hər birindən üç məktəbli olmaqla otuz gənci Bakıya dəvət etməyi planlaşdırırıq.  Avqustda beş günlük yay düşərgəmiz olacaq. Onu da qeyd edim ki, şagirdlərin seçimində gender balansını qorumağa çalışırıq. Düşərgədə təhsil, özünüinkişaf və bu kimi mövzularda təlimlər keçiriləcək. Bundan əlavə universitet turları təşkil edəcəyik. Planımızda Qafqaz Universiteti, Milli Aviasiya Akademiyası, Xəzər Universiteti, İqtisadiyyat Universiteti və ADA var. Bu universitetlərə gəzintilər təşkil olunacaq. Düşünürük ki, universitetlərlə tanışlıq şagirdlərimizin ixtisas seçimləri və gələcək uğurları üçün çox vacibdir.

Yüksək bal toplayan şagirdlərin məlumatlılıq səviyyəsi...

-Biz on məktəbi seçərkən əsas iki kriteriyanı nəzərə aldıq. Birinci TQDK-nın hesabatlarına baxdıq. Qəbul imtahanında ortalama balı 200-250 arası olan rayonları müəyyənləşdirdik, çünki seçəcəyimiz məktəblərin şagirdlərinin universitetə daxil olmaq üçün kifayət qədər savadlarının olmasını istəyirdik. İkincisi universitetə qəbul prosesində qızların oğlanlara nisbətən az olduğu məktəbləri seçdik. Yəni, bəzi bölgələrimizdə bu cür problemlər hələ də qalmaqdadır. Qızların da universitet təhsili üçün motivasiyaya ehtiyacları var. Bunu da bildirim ki, ziyarət etdiyimiz məktəblər ölkəmizin ən uğurlu məktəblərindəndir və şagirdlər kifayət qədər təhsillidir. Ancaq bununla bərabər orta məktəbi bitirdikdən sonra təhsilə necə davam edəcəkləri barədə məlumatları azdır. Bu boşluğu doldurmağa çalışdıq. İlk ziyarət etdiyimiz məktəblər Zaqatala və Balakən məktəbləri oldu. Zaqatalada 1 və 5 saylı məktəblərdə istər müəllimlər, istər şagirdlər, istərsə də valideynlərlə tanışlıq zamanı onların bizimlə görüşdən razılığını, məmnunluğunu bariz şəkildə gördük. Həmin məktəblərdə 600 baldan yuxarı nəticələri olan şagirdlər də var idi. Ancaq buna baxmayaraq onlar xaricdə təhsillə bağlı heç düşünmürdülər. Yaxud da gələcəklərini, nə olacaqlarını hələ müəyyənləşdirməyən məktəblilərlə tanış olduq. Bu anlamda onlara yardımçı ola bildiyimizə əminəm.

Məktəblilərdə özünəinam hissi...

-Məktəblilərlə tanışlıq zamanı bunu görürük ki, onların ilk növbədə özlərinə inamı zəifdir. Bunlar, mühit və imkanların azlığı ilə əlaqəli ola bilər. Onlara yay düşərgəsinə seçim üçün imtahan testləri paylayarkən şəxsi düşüncələrini, psixologiyalarını öyrənməyə çalışırdıq. “Gələcək həyatınızda müvəffəqiyyət qazanmaq üçün nələr edəcəksiniz?” sualına bir-birindən maraqlı cavablar verilmişdi. Həqiqətən də, şagirdlərimiz olduqca zəngin və bacarıqlıdır. Ancaq əksəriyyəti necə çalışacaqlarını, əllərində hansı imkanların olduğunu, nəyə malik olduqlarını bilmirlər.

Kənd məktəblilərinin internet imkanları...

-Sual yarana bilər ki, biz niyə Bakı və ya digər böyük şəhərlərdəki məktəbləri yox, məhz kənd məktəblərini seçmişik. Bakı və digər böyük şəhərlərdəki şagirdlərin məncə kifayət qədər məlumatları var.  Ancaq bizim xüsusi olaraq seçdiklərimiz ucqar kənd məktəbləridir. Onların heç də hamısında internet imkanı yoxdur. Bəzi məktəblərdə kompyuterlər olsa da, şagirdlərin onlardan istifadə imkanları məhduddur. Bu səbəbdən biz rayon məktəblərini seçdik. Bu, o demək deyil ki, onlar Bakıdakı şagirdlərdən savad və təhsil anlamında geridədirlər. Xeyr. Savad və bacarıqları eynidir, hətta bəlkə daha yuxarıdır. Sadəcə, məlumatları azdır və bu yuxarıda saydığım obyektiv səbəblərdəndir. Düşərgənin sonunda final tədbirimiz olacaq. Tədbirə həmin otuz nəfər şagirdi, dövlət rəsmilərimizi, Britaniya səfirliyi və British Councilun nümayəndələrini, həmçinin bu il Britaniyaya təhsil üçün gedəcək gənclərimizi dəvət edəcəyik. Xarici universitetə qəbul olmuş gənclərimizi görüş əsnasında məlumatlandıracaq, onları qiyabi da olsa Britaniya ilə tanış edəcəyik. AUKAA xaricdə təhsil almaq istəyən gənclərlə davamlı əlaqə saxlayır. Həm təqaüd proqramları, həm təhsil alacaqları universitetlər, xüsusilə, Böyük Britaniyadakı universitetlər haqda məlumatlandırma yolu ilə əlimizdən gələn köməyi göstəririk.

Yeni layihələr nəzərdə tutulur

- “Təhsil üçün əl-ələ” dən sonra da yeni layihələrimiz olacaq. Növbədə ictimaiyyətə açıq olmayan, ancaq üzvlərimizin şəbəkələşməsi üçün həyata keçirəcəyimiz tədbirlər planımız, görüşlərimiz  nəzərdə tutulub. Bunlar adətən əyləncəli, qeyri-rəsmi tədbirlərdir. Bundan əlavə Qrant müsabiqələrinə təqdim edəcəyimiz sosial layihələrimiz üzərində işləyirik.

Müşfiq ŞÜKÜRLÜ

 





29.06.2016    çap et  çap et