525.Az

"Multikulturalizmin Azərbaycan modeli bütün dünyaya örnək ola bilər"


 

"Multikulturalizmin Azərbaycan modeli bütün dünyaya örnək ola bilər"<b style="color:red"></b>

İyunun 29-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu, Diasporla İş üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə “Terror multikulturalizmə qarşı” layihəsi çərçivəsində təşkil olunan “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda birinci beynəlxalq dəyirmi masanın iştirakçıları və xarici qonaqlar Solmaz Rüstəmova-Tohidinin bələdçiliyi ilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən 525.az-a verilən xəbərə görə, qonaqlara məlumat verilib ki, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211 kənd yerlə-yeksan edilib, əhali üzərində yaş, cins və milli məsubiyyətə məhəl qoymadan qətliam həyata keçirilib. Erməni terroruna azərbaycanlılarla yanaşı, Azərbaycan ərazisində yaşayan xalqlar- ləzgilər, tatlar, yəhudilər, kürdlər, almanlar, ruslar, gürcülər, hətta ermənilər də məruz qalıblar.

Dəyirmi masanın xarici məruzəçiləri -ABŞ-ın Tennesi Texnologiyalar Universitetinin sosiologiya və siyasi elmlər fakültəsinin professoru Maykl Günter, Rusiyadan tarix elmləri üzrə fəlsəfə doktoru, siyasi analitik Oleq Kuznetsov, fransalı mütəxəssis Cefri Jan Yves Ernest (İv Benard), Özbəkistandan tarixçi Şöhrət Salamov və hüquqşünas Məmmədrza Allahverdiyev erməni terrorçuları tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilən terror qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Xarici qonaqlar terroru bəşəriyyətin məhvinə qarşı yönələn fəaliyyət kimi səciyyələndiriblər, erməni terrorunu qətiyyətlə pisləyən bəyanatlarla çıxış ediblər.

Maykl Günter Solmaz Rüstəmova-Tohidinin azərbaycanlıların soyqırımı ilə bağlı təqdim etdiyi tarixi sənədlərlə tanış olduqdan sonra bu acı faktlardan təsirləndiyini, dəhşətə gəldiyini deyib: “Terroru şiddətlə qınayırıq. Qubada azərbaycanlıların və bu ərazidə yaşayan bir çox xalqların nümayəndələrinin erməni terrorçuları tərəfindən acımasız şəkildə qətlə yetirilməsi ilə bağlı tarixi sənədlər vasitəsilə tanış olduqdan sonra “Terror multikulturalizmə qarşı” layihəsinin nə qədər əhəmiyyətli olduğu bir daha öz təsdiqini tapır. Düşünürəm ki, erməni terroruna inanmayanlar, yaxud da bu barədə bilib susanlar, eləcə də ermənilər özləri gəlib bu Memorial Kompleksini ziyarət etməlidirlər, burada törədilən dəhşətləri öz gözləri ilə görməlidirlər”.

Maykl Günter Qubadakı, ümumiyyətlə Azərbaycandakı multikultural mühiti təqdir etdiyini, multikulturalizmin Azərbaycan modelinin bütün dünyaya örnək ola biləcəyini qeyd edib.

İv Benard bildirib ki, Quba Soyqırımı Memorial Kompleksində gördüyü mənzərə qarşısında dəhşət hissi keçirib:

“Mən burada erməni terrorçuları tərəfindən törədilən dəhşətlərin şahidi oldum. Fransaya qayıtdıqdan sonra, erməni terrorçularının Azərbaycanda, Türkiyədə və dünyanın bir sıra ölkələrində törətdikləri terror aktları haqqında sənədlərlə tanış olaraq faktları toplayacağam, erməni terroru ilə bağlı 3-cü kitabımı yazıb nəşr etdirəcəyəm”.

İv Benard Azərbaycanda multikultural və tolerant dəyərlərin yaşadılmasına heyran olduğunu, indiyədək dünyanın heç bir yerində şahidi olmadığı- sünni və şiələrin eyni məsciddə namaz qılmasını xoş heyrət hissi ilə qarşıladığını söyləyib.

Qonaqlara müxtəlif illərdə Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Qubada həyata keçirilən soyqırımlar haqqında yazılmış nəşrlər hədiyyə edilib.

 





29.06.2016    çap et  çap et