525.Az

Haqq savaşında ölümsüzlük qazanan qəhrəman artilleriyaçı


 

Vətəni qibləgah edən şəhidlər

Haqq savaşında ölümsüzlük qazanan qəhrəman artilleriyaçı <b style="color:red"></b>

Bu ilin 2-5 aprelindəki döyüşlərdə həlak olan zabitimiz İnqilab Quliyevin Gəncədəki ata ocağının qapısını döydük.

Atası açdı qapını. Cümə axşamı olduğundan evdəkilərin qəbir üstünə, ziyarətə getdiklərini bildirdi. Onlar gəlincə şəhidin atası Çingiz Quliyevlə söhbət etdim. Bildim ki, Çingiz müəllim tarixçidir. Kəlbəcərdə və Beyləqanda tarix müəllimi işləyib. 3 qız, 2 oğul atasıdır. 4 il bundan əvvəl 30 yaşında bir oğlu vəfat edib. İnqilab Tərtərdə doğulub, 8 illik məktəbi Beyləqanda bitirəndən sonra Naxçıvanski adına hərbi litseydə, hərbi təhsilini davam etdirib, pillə-pillə qalxaraq, hər zaman özünə, ailəsinə və Vətəninə şərəf gətirib. Artilleriya komandiri idi. Apreldə  Tərtər istiqamətində döyüşlərə girmişdi. Elə həmin günlərdə də Çingiz müəllimin anası vəfat edib. Çingiz müəllim Beyləqana anasını dəfn etməyə gedəndə yolda eşidib ki, ermənilərlə döyüş başlayıb. 

- Anamı dəfn edəndən sonra, İnqilab zəng vurub dedi ki, ata, orada qohum-əqrəbanı başa sal ki, mən buraları qoyub gələ bilmərəm, düşmənin başını əzmək üçün fürsət yaranıb...

Eşik qapısı açılır. Məzar ziyarətindən gələnlər - İnqilabın anası Sədaqət xanım, bacıları Lamiyə, Fidan və həyat yoldaşı Lalə içəri girirlər. Telefonla Çingiz müəllim onlara mənim gəldiyimi xəbər verdiyindən, kim olduğumu da soruşmadılar. Əksinə mən soruşdum İnqilabın anasından:

- Sədaqət xanım, nə dediniz oğlunuza? Nə soruşdunuz soyuq baş daşından?

Gözlərinin yaşı qurumayan ana:

- Hansı birindən soruşum, iki oğlum qara torpağın altındadır... Gedib deyirəm ki, ay etibarsızlar, biz sizin çiyinlərinizdə torpaq altına getməliydik.Siz bizi ziyarət etməliydiniz, amma... Ata-ana üçün bundan da böyük dərd olmaz ki...

Ana xatırlayır ki, İnqilab nümunəvi övlad olub:

- Dərslərini yaxşı oxuyurdu. 8-ci sinifdən sonra hərbçiliyi seçdi. Həmişə üzümüzü ağ elədi. Anayam, o, artilleriyaçıydı deyə, ürəyim bir az arxayın idi ki, döyüşdə öndə olmaz,  düşmən gülləsi balamı tutmaz. Deyir, sən saydığını say, gör fələk nə sayır. O qanlı aprel günlərində qaynanam rəhmətə getdi. Beyləqana gedirdim. Tərtərdəki qızım zəng vurub dedi ki, müharibə başladı. İnqilab düşmənlə təmas xəttində, Tərtərdə xidmət edirdi. Qızımın qaldığı ev də ora yaxın ərazidədir. Geri qayıtdım ki, gedim balama yaxın olum, çayını-çörəyini verim, nəfəsim onu qorusun. Qaynanamın dəfnində olmadım, amma qohumlar da etiraz etmədilər, vəziyyətimi anlayırdılar. Tərtərdəki qardaşımın, ordakı qızımın evinə getdim. Ordan döyüş xətti görünürdü. İnqilab zəng vurmuşdu ki, Qaradağlıdayam, arada evə gələcəm. İnqilab gəldi. Görüşdük, tez çay-çörək hazırladıq, amma yeyə bilmirdi, döyüş dostlarını fikirləşirdi. Sonra dedi, neçə gündür yatmırıq, bir az dincəlim, gedəcəm. Getmək vaxtı gələndə, yuxudan ayıltmaq istəmədim. Elə şirin yatmışdı ki... Gedib üzündən öpdüm, sifətinə tumar çəkdim, sığalladım. Oyada bilmədim. Qardaşım dedi belə olmaz, oyat , durub getsin. Allah məni öldürsün, balamı öpə-öpə yuxudan oyatdım ki, dur get güllələrin, bombaların altına... Maşının arxasına su, siqaret, kabab, gücümüz çatan nə var idisə, doldurub, oğlumu yola saldıq. Qardaşım aparıb onu ötürdü. Qayıdıb gələndə dedi ki, İnqilab o qədər tədarükdən özünə ikicə qutu siqaret götürdü, yeməyə barmağını da uzatmadı. Hamısını əsgərlərə payladı. Səhərisi gün zəng vurub demişdi ki, ana, gözün aydın, ermənilərin toplarının hamısını məhv etdik. Elə sevincli idi... Axşam saat 6-nın yarısı zəng vuranda , artıq telefonuna zəng çatmırdı...

Söhbətə şəhidimizin atası qoşulur:

- Oğlum döyüş meydanında əsl qəhrəman kimi vuruşub, düşmənə göz açmağa imkan verməyib. Bunu mənə dəfndə iştirak edən hərbçi dostları dedilər... Anamı dəfn edəndən bir gün sonra gəlinin atası zəng edib, bizi təcili Gəncəyə çağırdı. Və oğlumun tabutunu gətirdilər... O gün-bu gün, bu balaca Hüseyni ovuda bilmirik. İnqilabın dəfnindən bir neçə gün sonra nənəsi ona atasının şəhid olduğunu söylədi. İnanın ki, uşaq, nənəsinin boynunu qucaqlayıb içini çəkə-çəkə hönkürtüylə necə ağladısa, ürəyimizi ikinci dəfə dağladı. Bir neçə gün bundan əvvəl aparmışam parkda gəzməyə, birdən parkın o biri tərəfində, yolda atasının maşınına bənzər maşın gördü. Maşından çox xoşu gəlirdi. Dayanıb maşına diqqətlə baxdı, baxdı... Heç barışmaq istəmir atasının yoxluğu ilə. Dayanır o giriş qapısının qabağında, öz-özünə danışır...

Sonra ailə albomunu gətirdi 23 yaşlı Lalə - çiçəyi burnunda gəlin. İndi İnqilabın iki oğlunu böyüdür o. Şəkillərdə gördüyüm İnqilab Quliyevin də əzəməti, gözəlliyi, vüqarı göz qamaşdırır. Əyninə geyindiyi hərbi libas ona şahanəlik verir. Paltar dolabındakı hərbi geyimlərinə baxdım. Paltolarının uzunluğu Lalənin boyundan da uca idi. Bayaq Çingiz müəllim deyirdi ki, bunlar bir-birini cüt göyərçin kimi sevirdilər. Çox ülvi məhəbbətləri var imiş. İnqilab 1983-cü il aprel ayının 13-də doğulmuşdu. 2011-ci il noyabrın 5-də Lalə ilə toyları olmuşdu. 2016-ci il aprelin 4-də ermənilərin atdığı mərmidən qopan qəlpə onu həyatdan apardı. Lakin qələbəmizə inanırdı. Aprelin 3-də gəlib anası ilə görüşəndə böyük ruh yüksəkliyi ilə ayrılmışdı.

Ortancıl bacısı Ahu Tərtərdə idi. Ata-anasını bu günlərdə tək qoymayan Lamiyə və Fidan bacıları da danişdilar . Dedlər ki, qardaşları onların vüqar, fəxarət yeridir. İndi onu heç nə əvəz etmir. İnqilabın yoxluğu ilə barışa bilmirlər. Hər birinin çiynində böyük qardaş haqqı var. Çünki hər birinin əziyyətini çəkib. Fidan dedi ki, Gəncədə əməliyyat olunub, İnqilabın verdiyi qan sayəsində həyata qayıdıb.    Ölümündən sonra Gəncə öz qəhrəmanını - İnqilab Quliyevi layiqincə qarşılayıb və vətən torpağına əmanət edib. Azərbaycan Prezidenti onun qəhrəmanlığını yüksək qiymətləndirib, İnqilab Quliyevin "İgidliyə görə" medalı böyük oğlu, 4 yaşlı Hüseynin sinəsinə taxılıb. Bugünlərdə isə şəhid İnqilab Quliyevin ailəsinə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən dördotaqlı mənzil verilib, mənzilin açarları da şəhidin oğlu Hüseynə təqdim edilib.

Şəhidin atası Çingiz Quliyev Prezident İlham Əliyevə, ölkənin birinci xanımı Mehriban Əliyevaya onun ailəsinə göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirib.

 





29.06.2016    çap et  çap et