525.Az

Türkologiya elminin böyük ismi: Fridrix Vilhelm Radloff


 

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay onun xatirəsinə həsr edilmişdi

Türkologiya elminin böyük ismi: <b style="color:red">Fridrix Vilhelm Radloff </b>

XX əsr nəhəng kəşfləri, elmi-texniki tərəqqinin inkişafı baxımından əvvəlki yüzilliklərdən keyfiyyətcə fərqlənir.

Bu dövr həm də türkologiya, şərqşünaslıq, regionşünaslıq, folklor, mifologiya, tarix, ədəbiyyat, dilçilik sahəsindəki fundamental araşdırmaları ilə yaddaşlarda qalıb. Bu araşdırmaların əhatəsi təkcə ölçüyəgəlməz coğrafi sərhədlərinə görə deyil, həm də  elmi dərinliyinə görə seçilirdi. XIX əsr Avropasında Türk xalqlarının folklor və  etnoqrafiyasının öyrənilməsində iki böyük türkoloji məktəbin - Krakov türkoloji mərkəzinin və Macarıstan dilçilik məktəbinin nümayəndələrinin bu sahədəki misilsiz işləri bütün Avropanın diqqətini cəlb etmişdi. Maarifçilik dövrü kimi xarakterizə olunan bu dövrdə Azərbaycanın Avropaya, Qərbə çıxışı üçün müəyyən imkanlar yarandı. Avropa alim və səyyahlarının qədim türklərin minilliklər boyu məskunlaşdığı ərazilərdə, o cümlədən, Azərbaycanda olmaları, folklor, tarix, dilçilik və etnoqrafiya sahəsində gördükləri işləri hər cür təqdirəlayiq idi.

Polyak şərqşünası A.Xodzko Azərbaycan qəhrəmanlıq eposu "Koroğlu"nu toplayıb nəşr etdirməklə bütün Avropanı heyrətə saldı. Macar alimlərinin ondan az əhəmiyyətli olmayan türkologiya sahəsindəki kəşfləri bütün Qərb dünyasını hərəkətə gətirdi.Humanitar sahədəki bu kəşflərin önündə Macar dilçilik məktəbinin dünya şöhrətli alimləri Armin Vamberi (1832-1913), Jozef Budeniz, akademik Daniel Szilaği, Antal Regulu, Pal Xunlafluy, Bernard Minkacsi, Sandor Köröce Cşoma,  Jozef  Papay, İqnac Kunoş,  Dül Messaroş  Balkanlarda, Türkiyə və Misirdə, Sibir, Altay, Tibet, Çində (uyğurlarda), Orta Asiya və Qazaxıstanda, Türkmənistan və  Özbəkistanda, Əfqanistan və İranda, Volqaboyunda böyük çətinliklərlə dil və folklor materialları toplayır, onları diqqətlə öyrənir və Avropada nəşr etdirirdilər. Bu vaxt onlar həm də tarixin ən dərin qatlarında  yatmış türk soykökünü, türk xalqları ilə uzaq keçmişlərdə qalmış genetik qohumluğunu axtarırdılar.

Başqa bir avropalı alim V.Radlov (Fridrix Vilhelm Radloff) özünün möhtəşəm missiyasını - Türk xalqlarının folklor və etnoqrafiyasının, eposunun, xalq şeiri nümunələrinin, dialekt və şivələrinin toplanıb nəşr edilməsi və öyrənilməsi sahəsindəki əzəmətli və əvəzolunmaz missiyasını yerinə yetirirdi. Az bir müddət ərzində Avropa alimlərinin tanınmış nümayəndələrinin yekdil rəyi ilə o, türkologiyanın Allahı ünvanına layiq görüldü.

Bu böyük insanın xidmətlərinə layiqincə qiymət verənlərdən biri də Azərbaycan xalqının ziyalıları oldu. Ölümündən cəmisi səkkiz il sonra türk dünyasının təfəkkür mərkəzi olan Bakıda onun şərəfinə ilk Türkoloji Qurultay keçirildi.

Kim idi V.Radlov? Bu insanın xidmətlərini, genişmiqyaslı işini lazımı səviyyədə öyrənib təbliğ edə bilmişikmi?

Məhz bu məqsədlə onun haqqında yığcam məlumat verməklə oxucularımızı onunla bir daha tanış edirik.

Fridrix Vilhelm Radloff 5 yanvar 1837-ci ildə Prussiya krallığının Brandenburq əyalətinin Berlin şəhərində, şəhər polis komissarının ailəsində anadan olmuşdu. Ailənin yeganə övladı idi. Gimnaziyanı qurtardıqdan sonra 1854-cü ildə Berlin Universitetinin Fəlsəfə fakultəsinə daxil olmuş, əvvəlcə teologiya ilə, sonra tarixi-müqayisəli dilçiliklə maraqlanmış, F.Boppun mühazirələrini dinləmişdi. İki semestr Qall universitetində A.F.Pottun mühazirələrini dinləmiş, şərqşünaslıqla maraqlanmış Ritterin tələbəsi olmuş, X.Şteyntal və V.Şottun dərslərini dinləmişdi. Bu vaxtdan onda Ural, Altay dillərinə maraq oyanmış, ora getmək üçün rus dilini öyrənməyə başlamışdı.

1858-ci ilin may ayının 20-də Radlov Yen Universitetində "Dinin Asiya Xalqlarına təsiri" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək fəlsəfə doktoru dərəcəsi alıb. Peterburqda o diplomat P.K.Meyendrofla görüşür, sonuncu ona Barnaul Dağ məktəbində alman və latın dilləri üzrə müəllimlik etməyi tövsiyə edir. O, 11 may 1859-cu ildə Rusiyaya sədaqət andı içərək hələ Almaniyada ikən nişanlandığı Paulina Avqustina Fromm adlı qızı da özü ilə oraya aparır. Bu vaxtdan etibarən o adını dəyişib Vasili Vasilyeviç Radlov adlanmağa başlayır.

1860-1861-ci illərdə Radlov Altayda türk dilini öyrənməyə başlayır, xeyli dil və folklor materialı toplayır. Bu illərdə onun 5 övladı dünyaya gəlir. Beş il müddətində  o, Altay və orta Asiyada zəngin material yığıb Peterburqa qayıdır, ezamiyyəsinin vaxtının uzadılması üçün icazə alır. Bundan sonra o altayların teleut və şorların, tuvinlərin, qazax və qırğızların, abakan tatarları və  xakasların folklor və dil materiallarını toplayır. 1866-cı ildən onun on cildlik "Türk tayfalarının xalq ədəbiyyatı nümunələri" adlı məşhur əsərinin I cildi nəşr olunur. Daha sonra 1868-ci ilə onun II, 1870-ci ildə III cildi nəşr olunur. 1896-cı ilədək həmin çoxcildliyin daha 4 cildi nəşr olunur. Bu nəşrlər o dövr üçün misli görünməmiş elmi-ədəbi yenilik idi.

1870-ci ildə o, qazaxların "Aqbala" folklor nümunəsini toplayıb nəşr etdirir. Bunlarla kifayətlənməyən Radlov 1863-1869-cu illərdə altay, Barabin-Qırğız çöllərində,  Orta Asiyanın müxtəlif ərazilərində  150-dən çox kurqanda arxeoloji qazıntı aparmış, Altay və Qərbi Sibir türklərinin folklor, etnoqrafiyası, müqayisəli dilçiliyi üzrə qiymətli materiallar toplayıb, universal türkoloq və arxeoloq kimi elmi nüfuz sahibi olmuşdu.

1871-ci ildə Peterburqa qayıdarkən Kazanda dayanan Radlov gözlənimədən Rusiyanın təhsil naziri D.A. Tolstoydan həmin dairənin təhsili üzrə inspektor vəzifəsinə təklif alır. Aradakı kiçik fasilədən istifadə edərək Berlinə, valideynləri ilə görüşmək üçün gedir. 1872-ci ildən Kazan təhsil dairəsində xidməti işinə başlayan Radlov 1884-cü ilədək bu vəzifədə işləyir.

Bu ildə Kazan universitetinin professoru N.İ.İlminski İmperator Akademiyasında onun üçün nəzərdə tutulmuş akademik yerinə Radlovun namizədliyini irəli sürür. 1884-cü il noyabrın 7-də İmperator Akademiyasının akademiki seçilir. Tezliklə o, Asiya muzeyinin direktoru vəzifəsinə təyinat alır. 1890-cı ilədək həmin vəzifədə işləyir.

1886-cı ildə Radlov Krıma gedir, 1887-ci ildə Litva və Volına gedib karaimlərin dilini tədqiq edir. Məhz Radlovun təşəbbüsü və rəhbərliyi altındə Monqolustana ekspedisiya təşkil olunur. Onun və Danimarka alimi Tomsonun iştirakı ilə Orxon yazılarının, tonyukuk abidəsinin şirfləri - yazıları oxunur, 1893-cü ildə bu barədə elmi ictimaiyyətə məlumat verilir. Bir ildən sonra o daha 40 orxon abidəsinin tərcüməsini nəşr etdirir.

1898-ci ildə Radlov D.A.Klemen-Sevin rəhbərliyi altında uyğur ekspedisiyasını təşkil edərək qədim uyğur abidələrinin yazısını oxuyur, bu barədə xeyli elmi material nəşr etdirir.

1894-cü ildə akademik L.İ.Şrenk vəfat edir. İmperiya Akademiyasının prezidenti  Böyük  Knyaz  Konstantin  Kostantinoviçin rəhbərliyi ilə keçirilən iclasda V.Radlov Arxeologiya və Etnoqrafiya Muzeyinin direktoru seçilir. O, ətrafına B.F.Adler, L.Y.Şternberq, S.M. Şirokoqorov kimi dünya şöhrətli mütəxəssisləri toplayır. Peterburqun 200 illik yubileyi ilə bağlı muzeyə I Böyük Pyotrun adı verilir. Radlovun xahişi ilə çar II Nikolay muzeyə gəlib onun zəngin eksponatları ilə tanış olur.Radlov Muzeyin nəşr orqanını təsis edir. Ölümünə qədər Radlov Muzeyin inkişafına xüsusi diqqət yetirmiş, mənalı ömrünü bu işə həsr etmişdi.

Böyük alim 1918-ci il may ayının 12-də  vəfat edir. O, Smolensk qəbiristanlığının lüterant hissəsində dəfn olunur. Etnoqraf Şirokoqorov onun haqqındakı nekroloqda yazırdı: "Rusiya elmi özünün ən parlaq nümayəndəsini itirdi".

1918-ci il  mayın 20-də Akademiyanın fövqəladə iclasında qərar qəbul olunur ki, hər il yanvarın 5-də Muzeyin illik hesabatı keçirilsin. Lakin bu və ya digər qərarlar yerinə yetirilməmiş qalır. Çox çəkmir ki, yeni qurulan sovetlər hakimiyyəti V.Radlovu "burjua ziyalısı" kimi qiymətləndirir. Bütün bunlara baxmayaraq 1926-cı ildə keçirilən I Türkoloji Qurultay ona və İ.Qaspiraliya həsr edilir. Qurultayda qaldırılan məsələlər nəinki Azərbaycan elmində, ümumiyyətlə, dünya humanitar düşüncə tarixində misli görünməmiş bir hadisə olmaqla türkologiya sahəsində əldə edilmiş uğurlara yekun vuraraq onun inkişafı üçün yeni bir eranın təməlini qoyur. Lakin sonrakı illərdə qurultayın   iştirakçıları amansız repressiya və təqiblərlə üzləşirlər.

Bütün təqiblərə, təzyiqlərə, repressiyalara baxmayaraq Bakı türkoğlu təfəkkür mərkəzi kimi xatirələrə, yaddaşlara həkk olunur. Bu gün bu şəhər öz tarixi missiyasını çox ləyaqətlə yerinə yetirir.

Nərgiz ƏLİYEVA
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi əməkdaşı

 





29.06.2016    çap et  çap et