525.Az

Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub


 

Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub <b style="color:red"></b>

Bolqarıstanın Kotel şəhərində "Xalçaların yolu" adlı festival keçirilib. Festival Kotel Şəhər İcra Hakimiyyəti və "Trakiyalıların yolu" Fondu tərəfindən təşkil edilib.

Tədbirdə Kotel şəhərinin icra hakimi Kosta Karanaşev, qubernator Tatyana Petkova, Bolqarıstan Xalq Məclisinin GERB partiyasından üzvləri, Bolqarıstanın müxtəlif dövlət qurumlarının, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin, KİV-lərin, QHT-lərin nümayəndələri iştirak ediblər.

Festivalda Azərbaycanın Bolqarıstandakı səfirliyi iştirak edərək Bakı və Quba xalçaçılıq məktəblərinin müxtəlif nümunələrini nümayiş etdirib.

Tədbirdə çıxış edən K.Karanaşev bu il ilk dəfə keçirilən bu festivalın tamaşaçıların böyük marağına səbəb olduğunu, bunu nəzərə alaraq festivalın hər il keçirilməsinin qərara alındığını bildirib. O, festivalda nümayiş olunan xalçaların müxtəlif ölkələrin mədəniyyətini və tarixini əks etdirdiyini söyləyib.

Festivalın təşkilatçılarından olan "Trakiyalıların yolu" Fondunun sədri Diana Kasmetska bu kimi tədbirlərin müxtəlif xalqları, mədəniyyətləri bir araya gətirdiyini, mədəni mübadilə üçün şərait yaratdığını deyib. O, festivalda Azərbaycan, İran, Macarıstan, Meksika, Bolqarıstan xalçalarının nümayiş olunduğunu diqqətə çatdırıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyinin əməkdaşı Elmar Ağasıyev ölkəmizin xalça istehsalına görə dünyada özünəməxsusluğu ilə seçilməsindən, xalçaların insanların inanclarını, dünyagörüşlərini əks etdirməklə yanaşı, həm də məişətdə dekorativ əşya kimi istifadə olunmasından söz açıb. Azərbaycan xalçaları barədə məlumat verən səfirliyin əməkdaşı ornamentlərinə, toxunma üsullarına və mövzularına görə Azərbaycan xalçalarının Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinə bölündüyünü söyləyib. Azərbaycan xalçalarının çoxlu sayda bəzək kompozisiyalarına görə fərqləndiyini bildirən diplomat onların sayının 600-dən çox olduğunu və bu naxışların dəyərli miras kimi nəsildən-nəslə ötürüldüyünü bildirib. O, Azərbaycan xalçalarının fərqləndirici xüsusiyyətinə diqqət çəkərək xalçaçılıqda bitki, heyvan, antropomorf və həndəsi motivlərə geniş yer verildiyini qeyd edib. Diplomat Azərbaycan xalçaçılıq sənətinin nümunələrinin Avropa, ABŞ və Rusiyanın muzeylərində nümayiş olunduğunu deyib. Səfirliyin əməkdaşı Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Azərbaycan xalçaçılıq məktəblərinin nümunələri ilə tanış olublar. Azərbaycan xalçaları iştirakçılarda böyük maraq doğurub.

Festival boyu Bolqarıstan milli rəqslərindən ibarət konsert təşkil olunub və ölkənin milli mətbəxinin nümunələri nümayiş etdirilib.

 





29.06.2016    çap et  çap et