525.Az

Fədakar ictimai-siyasi xadim Fərəməz Mahmudbəyov haqqında qeydlər


 

Fədakar ictimai-siyasi xadim Fərəməz Mahmudbəyov haqqında qeydlər<b style="color:red"></b>

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dövlətçilik tarixində muxtariyyət statusu olduqca mühüm və aktual məsələdir.

Naxçıvanlılar 1918-1924-cü illərdə də öz qəhrəmanlıqları ilə sübut etdilər ki, onlar vətənə, azərbaycançılıq yoluna sadiqdirlər.

Torpaqlarımıza göz dikən erməni daşnaklarına və onların havadarlarına qarşı mərdliklə döyüşən naxçıvanlılar Mehridən Sürməliyə (indiki İqdır) qədər ərazini yağılardan qoruyur və hər qarış torpaq uğrunda canlarını qurban verməkdən belə, çəkinmirdilər. Tarixi sənədlərdən və canlı şahidlərin yazdıqlarından məlum olur ki, erməni daşnaklarının çoxlu qırğınlar törətdiyi yerlərdən  biri də İrəvan quberniyasının Vedibasar mahalı olmuşdur. Əvvəlcə tarixi sənədlərdən bəzi faktları xatırlayaq: "Naxçıvan diyarı üçün böyük əhəmiyyət kəsb edən Araz-Türk Demokratik Respublikasının yaranması oldu. Respublikanın paytaxtı Naxçıvan şəhəri oldu. Onun ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad, Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və sair bölgələr daxil idi".

1918-ci ilin yazından başlayaraq erməni daşnakları Şərur-Dərələyəz qəzasına  bitişik olan Vedibasar rayonuna aramsız hücumlara başlamışlar.

İlk gündən başlayaraq vedililər erməni daşnaklarına qarşı mərdliklə vuruşmuşlar. Həmin illərin canlı şahidi olan unudulmaz tarixçi-alim  Əli Əliyev yazırdı: "1918-ci ilin iyul ayında Aydoğmaz kəndi ilə Dəvəli və Şəfəqli kəndləri arasında 17 nəfər mauzerçi daşnak öldürülür. Öldürülənlərin qanı Vedi əhalisindən tələb olunur. Daşnaklar vedililərə ultimatum verir ki, hər öldürülən mauzerçiyə 17 min manat bac və hər bir öldürülənin əvəzində bir nəfər adam verilməlidir. Vedililər daşnak ultimatumunu rədd edirlər. Bundan hiddətlənən daşnak hakimlərindən Dro Arampaşa, Dəli Kazonun başçılığı altında Bek Primovun polku Vediyə basqın edir. Qəflətən basqını görən Abbasqulu bəy  yerli əhaliyə müraciət edərək belə deyir: "Hərgah biz qabağa çıxmasaq, bütün kənd məhv olacaq". Əhalinin hamısı ayağa qalxır. Vedi ətrafında bütün gün döyüş gedir. Dəyanətli komandir kimi Abbasqulu bəy Şadlinski özünün cəsarəti ilə kəndin döyüşçülərini ruhlandırır. Gecə Şadlinski qəti döyüşə girir. Təzyiqə davam gətirə bilməyən daşnak mauzerçiləri qaçır, döyüş meydanında bir neçə top, 8 pulemyot, çoxlu miqdarda silah, patron və sair hərbi sursat qalır".

Qeyd edək ki, bu rəsmi məlumatı "Kommunist" qəzeti də (rusca) 16 avqust 1970-ci il tarixli nömrəsində təsdiqləmişdi.

Tarixçi-alim daha sonra bu döyüşdə bütün vedililərin hünərlərini qeyd etməklə bərabər, xüsusilə fərqlənən  vətənpərvərlərin adlarını da çəkir: "Bu döyüşdə çoxlu adam qırılır. Dəstə başçılarından bir neçəsi öldürülür. Qeyd etmək lazımdır ki, bu vuruşlarla əlaqədar Vedi ətrafındakı kəndlərin - Çəmənkənd, Cığın dərəsi, Vedibasarın bütün əhalisi buraya toplaşmışdı. Abbasqulu bəy özünü rəşadətli sərkərdə kimi göstərirdi. Onun ətrafında Fərəməz Mahmudbəyov, Əli Eyvazov, İbrahim Fərzəliyev, Ələsgər Kərimov, Yetim Əlioğlu, Xəlil və sair vətənpərvərlər toplaşmışdı. Onların hər biri xalq cəbhəsinin əsl cəngavəri idi".

İrəvanda ağalıq edən ingilislər daşnakların məğlubiyyətindən narahat olurlar. Onların köməkliyi ilə daşnakların Vediyə ikinci hücumu başlayır. Vedi hər tərəfdən mühasirəyə alınır. İngilislər Naxçıvanda Araz-Türk Respublikasının ləğvinə nail olur ki, naxçıvanlılar Vedinin müdafiəsinə kömək edə bilməsinlər. Və bundan sonra Vedibasar mahalının sağ qalan əhalisi Şərurda və Naxçıvanda məskunlaşır. Amma yenə də vətənpərvərlər silahı yerə qoymur və Naxçıvanın, Şərur-Dərələyəzin, Culfanın, Ordubadın müdafiəsində yaxından iştirak edirlər.

28 iyul 1920-ci ildə Naxçıvanda bolşeviklərin iştirakı ilə Sovet hökuməti qurulur. Rəsmi olaraq Naxçıvan İnqilab Komitəsi yaradılır. Onun tərkibi aşağıdakı heyətdə idi: M.Bektaşov, Q.Səlimov, A.Kazımov, F.Mahmudbəyov və Q.Babayev.

Qeyd edək ki, bu illərdə siyasi proseslər tez-tez dəyişirdi. Naxçıvan 1921-ci ilin martından Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası adlandırılmışdı.

1919-1925-ci illərdə Naxçıvanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayan insanlardan biri də Fərəməz Mahmudbəyovdur. Lakin onun haqqında ensiklopedik nəşrlərdə məlumat yoxdur. Öz ömrünün gənclik illərini Naxçıvanın müdafiəsinə və inkişafına həsr edən Fərəməz Mahmudbəyov haqqında axtarışlar apardıq. Tapdığımız rəsmi məlumatları və onun fotoşəklini qəzetimizdə dərc etdirməyi özümüzə mənəvi borc bildik.

Fərəməz Əskərbəy oğlu Mahmudbəyov, təxminən, 1900-cü ildə Vedidə doğulmuşdur. Arxiv sənədlərində onun ata tərəfdən babasının adı Baxşəli bəy kimi qeyd edilmişdir.

Fərəməz Mahmudbəyov 1906-1912-ci illərdə Vedi ikisinifli məktəbini bitirmişdir. Sonralar İrəvan Müəllimlər Seminariyasında oxumuşdur. O, 1917-ci il martın 22-də İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. Amma yaşanan siyasi hadisələr onun müntəzəm olaraq müəllimlik etməsinə imkan verməmişdir. 1919-cu ildən etibarən Naxçıvanın, Şərurun və Ordubadın erməni daşnaklarından qorunmasında yaxından iştirak etmişdir.

1919-cu ildə Mir Hidayət Seyidovun vəfatından sonra Ordubadda müdafiə komitəsinə rəhbərlik etmiş və şəhərin erməni daşnaklarından müdafiə edilməsi uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur.        Naxçıvanda Sovet hökuməti qurulandan sonra bir müddət Naxçıvan İnqilab Komitəsinin üzvü olmuş, sonralar isə Şərur və Ordubad rayonlarının icraiyyə komitəsinin sədri vəzifələrində çalışmışdır. Naxçıvan diyarının təhqiqi üzrə xüsusi komissiyanın iclasının 6 nömrəli protokoluna (4 aprel 1925-ci il, Naxçıvan stansiyası) əsasən, məlum olur ki, Fərəməz Mahmudbəyov həmin ildə Naxçıvan diyarının xalq torpaq komissarı vəzifəsində fəaliyyət göstərirmiş.

Birbaşa M.C.Bağırovun və Əliheydər Qarayevin rəhbərliyi ilə keçirilən xüsusi iclasda qeyd olunur ki, Vedibasarın qubernatoru işləyən Fərəməz Mahmudbəyov antisovet təbliğatında təqsirkar bilinərək tutduğu vəzifədən azad edilmiş, həbs olunaraq Bakıya aparılmışdır.

Tarixçi-alim Əli Əliyevin yazdığına görə, 1937-ci ildə Nargin adasında digər silahdaşları ilə birlikdə güllələnmişdir.

Fərəməz Mahmudbəyovun İrəvan zadəganlarından olan Kazımbəyovun qızı Şövkət xanımla nikahından Şamil və Məryəm adlı övladları olmuşdur. Oğlu Şamil (5.12.1924, Naxçıvan - 20.05.1997, Bakı) Azərbaycanın görkəmli kinorejissoru idi. Qızı Məryəm 2 yanvar 1921-ci il tarixdə Naxçıvanda doğulmuşdur. Azərbaycanın görkəmli mikrobioloq-immunoloq alimi olmuşdur. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın müstəqilliyi və azadlığı uğrunda mübarizlərdən biri - Fərəməz Mahmudbəyovun həyat və fəaliyyətinin öyrənilməsi mənəvi borcumuzdur.

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

 





29.06.2016    çap et  çap et