525.Az

"Təhsil ekspertlərinin həmin tədbirlərə cəlb olunması müsbət haldır"


 

"Təhsil ekspertlərinin həmin tədbirlərə cəlb olunması müsbət haldır"<b style="color:red"></b>

"XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyi 2005-ci ildən Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Elə həmin ildən də fəaliyyətə başlayan Birliyin yaradılmasında əsas məqsəd Azərbaycan təhsilinin inkişafına dəstək vermək olub.

Təhsilin inkişafı ölkədə əhalinin rifahının yaxşılaşması, həmçinin fərdin həyatının daha yüksək səviyyədə qurulması üçün zəmin yaradır. Bunu əsas tutan Təhsil Mərkəzi tərəfindən bugünədək təhsilin prioritet istiqamətləri üzrə 15-ə yaxın layihə həyata keçirilib.

"XXI Əsr" Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev deyir ki, Birliyin təqdim etdiyi layihələr bir çox donor təşkilatlar tərəfindən bəyənilib və maliyyələşdirilib: "Sözügedən layihələr çərçivəsində orta və ali məktəblər üçün böyük əhəmiyyət kəsb edən vəsaitlər hazırlanıb. Vəsaitlər pulsuz olaraq məktəblərə verilib. Hazırda onların bir qismindən orta məktəblərdə istifadə edilir: "Layihələr çərçivəsində mərkəz tərəfindən "Yeni tədris texnologiyalarının tezaurusu", "Təhsilin keyfiyyətinin qiymətləndirilməsi üçün ictimai ekspertiza mexanizmlərinin yaradılması", "Müəllimlərin peşəkar kompetensiyalarının artırılmasına dəstək", "Boloniya bələdçisi" adlı vəsaitlər hazırlanıb. Mən hesab edirəm ki, bu kitablar orta və ali məktəblər üçün əhəmiyyətli vəsaitlərdir".

E.Əliyevin sözlərinə görə, bu gün həm orta, həm də ali təhsil ocaqlarında kitaba maraq çox aşağı səviyyədədir: "Biz sözügedən kitabları hazırladıq və onların təqdimatını da keçirdik. Ancaq kitabların əldə edilməsi ilə bağlı bizə müraciətlər edilmədi. Hətta kitabların pulsuz olsa da, biz məcbur olub özümüz kitabları təhsil müəssisələrinə göndəririk. "Boloniya bələdcisi" kitabı ali məktəblər üçün önəmli bir vəsait hesab oluna bilər. Ancaq bu kitaba da çox az maraq göstərildi. Bu gün təhsil və elm sahəsində yazılan kitablara maraq demək olar ki, yox səviyyəsindədir. Şagird, tələbə və müəllimin kitaba olan marağını artırmaq üçün aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir".

E.Əliyev bildirib ki, son vaxtlar ölkədə təhsil üzrə QHT-lərə və ekspertlərin rəylərinə, təhsil prosesində iştirakına geniş yer verilir. Təhsil Nazirliyi rəhbərliyi tərəfindən təhsil üzrə ekspertlərin komissiyalarda, tədbirlərdə iştirakına şərait yaradılır: "İstər təhsil üzrə QHT-lərin, istərsə də təhsil ekspertlərinin təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə cəlb olunması müsbət haldır. Təhsil elə bir sahədir ki, burada bir və iki nəfərin fikri ilə qərar qəbul etmək olmaz. Burada vətəndaş cəmiyyətinin rolu istisna olunmamamlıdır. Bu baxımdan prezident İlham Əliyev tərəfindən imzalanan "İctimai iştirakçılıq" haqqında qanun çox böyük əhəmiyyət kəsb edir. Artıq QHT sektorunun nümayəndələri dövlət qurumlarında yaradılan "İctimai Şuralara" cəlb olunur. Mən bir ekspert kimi bunu yüksək qiymətləndirirəm".

Ekspert vurğulayıb ki, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiya"sı təhsilin keyfiyyətinin artırılmasına və təhsilin modernləşməsinə xidmət edir: "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"nda təhsil sisteminin bütün pillələrinin yeniləşməsi ilə bağlı mərhələlərlə həyata keçiriləcək tədbirlər sistemi əksini tapıb. Hazırda başlıca vəzifə bütün fəaliyyətimizi nəzərdə tutulmuş tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsinə yönəltməkdən ibarətdir. Düşünürəm ki, bu istiqamətdə müzakirələr, disputlar təşkil olunmalıdır. Artıq müəyyən istiqamətlər üzrə işlərə başlanılıb və bu davam etdirilməlidir".

E.Əliyev hesab edir ki, ali təhsil müəssisələrində təhsil üzrə QHT-lərin fəaliyyətindən, ekspertlərin fikir və təkliflərindən bəhrələnilməlidir: "Təhsil üzrə ekspertlər mövcud problemə başqa rakursdan baxır, qiymətləndirir. Bizim məsələyə baxışımız fərqlidir. Məsələyə mütəxəssis olaraq yanaşma və problemi daha dəqiq görüb düzgün həlli yolunu müəyyən etmək ekspertlərin üzərinə düşür. Bu yolla ali təhsildə inkişafa nail olmaq mümkündür". E.Əliyev qeyd edib ki, bu gün gənclərin ekspert institutuna cəlb olunması vacib məsələlərdən biridir. Gənclər təhsil sahəsində öz fikirlərini, təkliflərini bildirməlidirlər: "Artıq təhsil ixtisas xarakteri daşıyır və gənclər bu ixtisasa yiyələnirlər. Gənclər çox geniş spektrli biliklərə yiyələnməli və ekspert kimi yetişməlidirlər ki, onların sözü, fikirləri də eşidilsin".

S.QARAYEVA

 





29.06.2016    çap et  çap et