525.Az

Peterburq görüşü: İlham Əliyevin qətiyyətli mövqeyi və ermənilərin siyasi riyakarlığı


 

Peterburq görüşü: <b style="color:red">İlham Əliyevin qətiyyətli mövqeyi və ermənilərin siyasi riyakarlığı</b>

Rusiyanın Sankt-Peterburq şəhərində Prezident Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü təşkil edilib.

Müzakirələrin yekun hissəsinə ATƏT-in Minsk qrupunun həmsədrləri də qatılıb. Bu məqam onu göstərir ki, Rusiya rəhbəri problemin həllində Moskvanın əsas söz sahibi ola biləcəyinə işarə edib. Həmsədrlər yalnız qəbul olunan qərarları dəstəkləyə bilərlər. Görüşdən sonra verilən bəyanatlarda müəyyən məsələlər üzrə ortaq nəticəyə gəlindiyi ifadə olunub. Maraqlıdır ki, bir sıra rusiyalı ekspert bu görüşdə V.Putinin öz siyasi nüfuzunu ortaya qoyduğunu düşünürlər. "Kommersant" qəzeti bununla bağlı fikirləri dərc edib. Hər bir halda, doğrudan da, həmin müzakirələrdə maraqlı məqamlar yer alıb. Azərbaycan Prezidenti öz müstəqil və qətiyyətli mövqeyini bir daha nümayiş etdirib. Serj Sarkisyan isə ənənəvi xahişçi, havadarlarından yardım diləyən rolunu oynayıb.

Sarkisyanın uğursuzluğu: erməni liderin Piter fiaskosu

Prezidentlərin Sankt-Peterburq görüşü baş tutdu. Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan dövlət başçısı İlham Əliyevlə Ermənistan rəhbəri Serj Sarkisyan üz-üzə müzakirələr apara bildilər. Onların nəticələri haqqında artıq bir sıra fərqli analizlər aparılır. Ekspertlərin bu hadisəyə aşırı maraq göstərməsi başa düşüləndir. Çünki Vyanada olan görüşdən sonra tərəflərin Rusiyada danışıqları hansısa yeni məqamlardan xəbər verir.

Analitiklər hesab edirlər ki, bununla Kreml Cənubi Qafqazdakı münaqişələrin taleyinin ondan asılı olduğunu nümayiş etdirir (bax: məs., Путин сказал "стоп" / "Росбалт.ru", 21 iyun 2016). Bu səbəbdəndir ki, diplomatlar Sankt-Peterburq görüşünü Minsk qrupunun fəaliyyətini "tamamlayan iş" kimi qiymətləndirirlər. O cümlədən prezidentlər müzakirələrin yekunlarına dair yaydıqları bəyanatda "ATƏT-in Minsk qrupunun işini tamamlayacaq bu formatda görüşləri davam etdirmək barədə razılığa gəliblər" (bax: Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü olub / AZƏRTAC, 20 iyun 2016).

Konkretliklərə gəldikdə isə, Ermənistan tərəfi tamamilə çaşqınlıq içindədir. Erməni ekspertlər faktiki olaraq Sankt-Peterburq görüşündə S.Sarkisyanın miskin vəziyyətə düşdüyünü vurğulayırlar. Özü də erməni liderin acizliyi iki mənada göstərilir. Birincisi, S.Sarkisyan Rusiyada səfərdə olarkən İrəvanda dövlət çevrilişinə hazırlıq görən terrorçular həbs edilib (bax: Саргсян наносит упреждающий удар / "Kavkazplus.com", 20 iyun 2016). "Daşnaksütyun" partiyasının üzvü, Livan terrorçusu Jirayr Səfilyan və tərəfdarları S.Sarkisyanı satqınlıqda, "Arsaxı türklərə verməkdə" suçlayıblar. Deməli, Ermənistanda ölkə rəhbərinin yeritdiyi siyasəti qəbul etməyənlər çoxluq təşkil edir. Onlar yalnız terrorçulardan ibarət deyillər, sıralarında siyasətçilər də vardır. Bu o deməkdir ki, erməni cəmiyyəti Dağlıq Qarabağ məsələsində İrəvanın münaqişənin həlli üçün addım atmağa məcbur olduğunu hiss edir və buna etirazını bildirir.

İkincisi, bir sıra erməni analitik bunun əlamətlərinin Sankt-Peterburq görüşündə özünü göstərdiyini yazır. Məsələn, İqor Muradyan qeyd edir ki, S.Sarkisyan V.Putindən "münaqişəni tənzimləməyi xahiş etdi", "İlham Əliyev isə torpaqların qaytarılması tələbini irəli sürdü" (bax: Игорь Мурадян. Что затеяли в Ленинграде / "Lragir.am", 21 iyun 2016). Özü də V.Putin S.Sarkisyana "kömək edərik" cavabını verdikdən sonra təhqiredici gülümsəyib. İlham Əliyevlə isə çox ciddi fikir mübadiləsi aparılıb.

Bu fərqlərə görə ekspertlər hesab edirlər ki, Rusiya tərəfi Ermənistanı müstəqil dövlət kimi deyil, öz forpostu olaraq görməkdə davam edir və Azərbaycanla regionun ciddi dövləti kimi müzakirələr aparır. Təsadüfi deyil ki, Vladimir Putinlə İlham Əliyev görüşdə qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi də aparıblar. S.Sarkisyanla isə heç bir müzakirə olmayıb. Putin-Sarkisyan danışığından sonra onların verdikləri bəyanatın mətnindən bu, aydın hiss olunur (bax: Президент Серж Саргсян в Санкт-Петербурге встретился с Президентом РФ Владимиром Путиным / "President.am", 20 iyun 2016).

Dəyişməz mövqe: İlham Əliyev tələb edir!

Əslində, prezidentlərin görüşündən sonra yayılan birgə bəyanatdan yuxarıda vurğulanan məqamları görmək mümkündür. Orada deyilir ki, tərəflər münaqişənin dinc yolla həlli üçün çalışacaqlar və nizamlamada inkişafa şərait yaradan bir sıra məsələlərdə qarşılıqlı anlaşma əldə edilib. Bunun üçün uyğun atmosferin yaradılması, o cümlədən münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması haqqında razılığa gəlinib. Azərbaycan tərəfi bütövlükdə görüşü konstruktiv adlandırıb.

Bəyanatın məzmunundan da aydın olur ki, sülh müzakirələrinin gedişində anlaşma istiqamətində addım atılıb. Bu kontekstdə münaqişənin tənzimlənməsində Azərbaycanın uzun illərdir davamlı şəkildə irəli sürdüyü mərhələli həll variantının əsas prinsip kimi götürülməsini qeyd edə bilərik. Bundan əlavə, Azərbaycanı qane edən şərtlər daxilində danışıqların davam etdirilməsi və vəziyyət üzərində nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bakı təbii ki, cəbhə xəttində obyektiv nəzarətin olmasında maraqlıdır. Çünki onda erməni təxribatları açıq bilinəcək. İrəvanın illərdir dünya ictimaiyyətini aldatdığı məlum olacaq.

Bununla yanaşı, onu vurğulayaq ki, yuxarıda qeyd olunan məqam Azərbaycanın öz torpaqlarını azad etmək hüququndan məhrum olması anlamına gələ bilməz. Azərbaycan Prezidenti Sankt-Peterburqda birbaşa bəyan edib: "Əlbəttə, bugünkü əsas diskussiyanın mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. ...Münaqişə uzanıb. Rusiyanın və ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin bəyan etdiyi kimi, status-kvo qəbuledilməzdir. Biz bu bəyanatı tamamilə dəstəkləyirik. Lakin status-kvonun dəyişməsi üçün 20 ildən artıq müddətdə Azərbaycanın işğal altında olan ərazisinin işğaldan azad edilməsi başlanmalıdır..." (bax: Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşü / AZƏRTAC, 20 iyun 2016).

Bu fikirlərdən aydın görünür ki, Azərbaycan Prezidenti səmərəli vasitəçilik edən hər kəsə qarşı kifayət qədər diqqətlidir. Onunla əməkdaşlığa hazırdır. Ancaq mühüm bir məqam vardır. Ölkə rəhbəri görüşdən bir neçə gün əvvəl ifadə edib ki, "əgər kimsə fikirləşirsə ki, biz sonrakı 20 il üçün də mənasız danışıqlar aparacağıq, çox ciddi səhv edir" (bax: Итоги переговоров: Азербайджан и Россия загнали Саргсяна в угол / "Day.az", 20 iyun 2016). Deməli, Bakı bütün hallarda torpaqların azad edilməsi prinsipindən geri çəkilməyəcək. Əslində, bunu Ermənistan tərəfi də yaxşı bilir. Azərbaycan Ordusunun cəbhəyə yaxın bölgələrdə hərbi təlimlərindən təşvişə düşən Ermənistan havadarlarına yalvarır ki, hərbi toqquşmalara imkan verməsinlər.

Bütün bunların əsasında prezidentlərin Sankt-Peterburq görüşünün yekunları haqqında ümumiləşdirmələr apara bilərik. Hər şeydən əvvəl, Azərbaycan rəhbəri qətiyyətli mövqeyini ortaya qoyub. Bunu açıq deməsə də, Rusiya Prezidenti də qəbul edib. Moskva Azərbaycanın istənilən vasitə ilə ərazi bütövlüyünü bərpa edəcəyini bilir. Digər tərəfdən, Serj Sarkisyan tam əmin oldu ki, rəsmi Bakı torpaq məsələsində İrəvana güzəştə getməyəcək. Görüşlərin hansı ölkədə keçirilməsindən asılı olmayaraq, Azərbaycan rəhbərliyi öz haqlı tələbini edəcək. Bu mənada münaqişənin ədalətli həllindən başqa çıxış yolu yoxdur. İndi ermənilərin havadarları münaqişəni dondurmağa çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz. Atəşkəsin ömrü torpaqların işğaldan azad edilməsi müddəti ilə ölçülür. Bu baş verməsə, Azərbaycan başqa vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Məhz buna görədir ki, Peterburqda S.Sarkisyan əsas olaraq atəşkəsə nəzarət və hərbi əməliyyatların olmamasından danışıb. Ermənilər bununla status-kvonu qeyri-müəyyən müddətə qədər uzatmaq fikrindədirlər. İlham Əliyev isə açıq bəyan edib ki, daha 20 il nəticəsiz danışıqlar aparmayacaq. Yəni Azərbaycan rəhbəri erməni tərəfinin siyasi-diplomatik hiyləsini çox yaxşı anladığını və bunun qarşısını almaqda qərarlılığını bildirib.

Beləliklə, Peterburq görüşünün qalibi birmənalı olaraq İlham Əliyevdir. Azərbaycan dövlət başçısı həm Rusiya ilə iqtisadiyyat və enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək, ümumiyyətlə, iki ölkə arasında ticarət dövriyyəsini artırmaqla bağlı Vladimir Putinlə fikir birliyinə nail olub, həm də Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakının iradəsini bir daha ortaya qoyub. Bunun fonunda isə S.Sarkisyan adəti üzrə V.Putindən kömək diləyib.

Newtimes.az

 





30.06.2016    çap et  çap et