525.Az

Əbülfəs Qarayev Nyu-Yorkda görüşlər keçirdi - Fotolar


 

Əbülfəs Qarayev Nyu-Yorkda görüşlər keçirdi - <b style="color:red">Fotolar</b>

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bugünlərdə Nyu-York şəhərində səfərdədir.
 

Səfər çərçivəsində nazirlə BMT Baş Assambleyasının prezidenti Mogens Lykketoft arasında görüş keçirilib.

Görüşdə Azərbaycan ilə BMT arasında, xüsusilə BMT Baş Assambleyası arasında əməkdaşlıq məsələsi geniş müzakirə olunub.

Əbülfəs Qarayev BMT Baş Assambleyanın prezidenti cənab Lykketofta Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, hazırda Azərbaycan ilə BMT arasında ən yüksək münasibətlərin olduğunu ifadə edib, 2016-cı ilin 25-27 aprel tarixində keçirilmiş BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçdiyini, 147 ölkədən 3000-dən çox iştirakçının qatıldığı Forumda müzakirə olunan mövzuların dünyanı və xüsusilə BMT-ni narahat edən məsələlərin ətrafında olduğunu diqqətə çatdırıb.

BMT Baş Assambleyasının prezidenti cənab Lykketoft Azərbaycanın BMT-nin etibarlı tərəfdaşı olduğunu təsdiqləyərək, bu tərəfdaşlıqla məmnun olduğunu ifadə edib.

Daha sonra Əbülfəs Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları, həmçinin doğma torpaqlarından qovulmuş məcburi köçkün və qaçqınların vəziyyəti barədə məlumat verdi və bu barədə BMT Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra olunmamasının ciddi narahatçılıq doğurduğunu bildirib.

Yekunda nazir Əbülfəs Qarayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Bakı Prosesi barədə məlumat verərək cənab Lykkettoftu 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Əbülfəs Qarayev BMT İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark tərəfindən də qəbul edilib. Görüşdə UNDP ilə Azərbaycan arasında əməkdaşlıq, xüsusilə mədəniyyət və turizm sahəsində davamlı inkişafın dəstəklənməsi perspektivləri müzakirə olunub. Nazir turizm menecmenti, turizm informasiya mərkəzlərinin açılması məqsədi ilə Bakıdakı UNDP ofisi ilə sıx əməkdaşlıq edildiyini bildirib.

H.Klark cari ilin aprel ayında Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə keçməsi münasibəti ilə naziri təbrik edərək Forumda müzakirə olunmuş məsələlərin BMT-nin qəbul etdiyi Davamlı İnkişaf Gündəliyinə uyğun olduğunu deyib.

H.Klark həmçinin 2014-cü ildə Azərbaycana səfər etdiyini, ölkə rəhbərliyi tərəfindən qəbul edildiyini xatırladaraq Azərbaycanın müasir inkişafının onda xoş təəssürat yaratdığını bildirib.

Əbülfəs Qarayev səmimi qəbula görə bir daha təşəkkürünü bildirərək UNDP ilə birgə turizm vasitəsi ilə davamlı inkişafa nail olmaq istiqamətində xüsusi ilə də 2017-ci ilin BMT tərəfindən elan edilmiş "Davamlı Turizm Beynalxalq ili" çərçivəsində birgə layihələrin keçirilməsində maraqların olduğunu qeyd edib. Həmçinin nazir BMT rəsmisinin diqqətinə çatdırdı ki, Ermənistanın Azərbaycan torpaqlarının işğal altında saxlaması və bu münaqişə ölkəmizin eləcə də regionunun inkişafı və təhlükəsizliyi üçün ciddi maneədir.

Yekunda nazir Əbülfəs Qarayev H.Klarkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Ə.Qarayev Nyu-York şəhərinə səfəri çərçivəsində BMT İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini və siyasət və proqram dəstəyi bürosunun direktoru, Magdy Martinez Soliman ilə də görüş keçirib.

Görüşdə Azərbaycanda ölkə rəhbərliyinin bilavasitə təşəbbüsü ilə həyata keçirilən islahatlar, xüsusi ilə turizm sahəsinin milli iqtisadiyyatın diversifikasiyasında rolu, habelə ölkəmiz ilə UNDP arasında mövcud olan ənənəvi sıx əməkdaşlığın perspektivləri müzakirə edilib.

Cənab Soliman 2014-cü ildə Azərbaycanda səfərdə olarkən keçirdiyi görüşlər və Bakının ziyarət etdiyi tarixi məkanların onda dərin, xoş təəssürat yaratdığını qeyd edərək əməkdaşlıq inkişafı üçün geniş imkanlar olduğunu bildirib.

Əbülfəs Qarayev BMT tərəfindən 2017-ci ili Davamlı Turizm Beynəlxalq ili elan edildiyini bir daha xatırladaraq xüsusilə bu il çərçivəsində UNDP, UNWTO və Azərbaycan arasında birgə fəaliyyət planının həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Yekunda nazir Əbülfəs Qarayev cənab Solimanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi ilə 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

 





30.06.2016    çap et  çap et