525.Az

Xızıya press-tur təşkil edildi - Fotolar


 

Xızıya press-tur təşkil edildi - <b style="color:red">Fotolar</b>

Ölkəmizin turizm potensialının təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq bölgələrə media və info turlar təşkil edir.

Nazirlikdən 525.az-a verilən məlumata görə, növbəti belə press-tur iyunun 29-da Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Sağlamlıq və Terminal Turizmə Dəstək Assosiasiyasının təşkilatçılığı ilə Xızı rayonuna reallaşdı.

Press-turda ölkəmizdə fəaliyyət göstərən bir sıra media qurumları və turizm şirkətlərinin nümayəndələri iştirak edir.

Press-turun məqsədi ölkə ictimaiyyətini rayonda fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzində həyata keçirilən müalicə üsulları ilə tanış etməkdir.

Media və turizm şirkətlərinin nümayəndələri press-turun ilk günü Xızı rayonun Altıağac qəsəbəsində yerləşən "Cənnət bağı" hotelinin nəzdində fəaliyyət göstərən "Altay maralı" Sağlamlıq Mərkəzi ilə tanış oldular.

Məlumat verildi ki, 2015-ci ilin mayından fəaliyyət göstərən sanatoriya tipli sağlamlıq mərkəzidə Altaydan gətirlərək təsərrüfatı yaradılan maralların tam sümükləşməmiş buynuzlarından pant vannaları, mikroimalələri və maskaları hazırlanır. Burada, həmçinin fitoçəlləklərdə buxar prosedurları və digər xidmətlər həyata keçirilir. Altay maralının buynuzundan hazırlanan pant vannaları insan orqanizminə göstərdiyi bir sıra müsbət əlamətlərinə görə məşhurdur.

Belə ki, bu vannaların seanslarının qəbulu müasir həyatın geniş yayılmış problemləri və xəstəliklərindən sayılan xroniki yorğunluq sindromunu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır. Həmçinin, orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik prosesslərin intensivliyini artırır və damarlarda mikrosirkulyasiyanı sürətləndirir.
 
Bundan əlavə, sözügedən mərkəzdə sidik cinsiyyət xəstəliklərinin, kişilərdə müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyin, bronxial astmanın, ostexondrozun və bir sıra dəri xəstəliklərinin mualicəsində istifadə olunur.

Qeyd edək ki, press-tur iyunun 30-dək davam edəcək.

 





30.06.2016    çap et  çap et